Kütlə adlı pozgun qadın

50 ildən sonra klassika da qalmayacaq…

Source:

O günlərdə bir sitat oxudum.

“Kütlə pozğun qadın kimidir, kim güclüdürsə onunla yatağa girir.”

Orxan Fikrətoğlunun ” Ölü Mətn” əsərindən çıxarılmışdı.Maraqlı fikirlər idi. Bəlkə də mənim beynimdə neçə gündür yapışıb qalmış fikirlər öz yolunu tapdılar deyə mənə cəzbedici gəldi.  Kütlə düşüncəsi, cəmiyyətin fikri insanları uçuruma aparan səbəblərdəndir. Əvvəlcə bir analogiyanı nəzərinizə çatdırmaq istərdim.

Uşaq vaxtı dərsdən qabaq yıgışardılar. Dərsi kimin öyrənib, kimin öyrənmədiyini müəyyənləşdirərdilər. Məlum olardı ki, çox uşaq öyrənməyib və heç kimin danışmayacağını planlaşdırardılar. Və dərs başlayırdı. Hamı bir-bir quzu kimi lövhəyə çıxıb danışardı. Öncə danışılanlar da unudulardı. İllər keçdi, böyüdü həmin adamlar. Çayxanada, kafedə, restoranda yığışanda söhbət hakimiyyətdən düşəndə, mənfi tərəflərini sərt tonla danışmağa başladılar. Hamı tənqidçi oldu. Amma media, məmur qarşısına çıxanda, susdu adamlar. Müsbət tərəflərdən danışıb yaltaqlanmağa başladılar. Hər şey beləcə davam etməyə başladı.

Buna kütlə psixologiyası da deyirlər. Fərdin düşüncəsi, vətəndaş mövqeyi insanda hələ uşaqkən yaranmağa başlamalıdır. Yaranır, amma məsələ ictimai qınağa çatanda hamı öz sürü düşüncəsini göstərməyə başlayır. Elə bil ki, ətrafdakılardan asılılıq yaranır insanlarda. Sovet imperiyası dövründə fəhlədən, məmura kimi hamı iş yoldaşının onun adından tənqid məktubu yazmasından qorxurdu. İşçilər bir-birindən asılı vəziyyətdə, qorxaraq yaxşı işləyirdilər. Zəncir kimi bağlı vəziyyətdə. An etibarilə kütlənin düşüncəsi də bunu xatırladır. Hələ də zəmanəmizdə “Ağır oturub, batman gələn” ailənin aktyor olmaq istəyən qızı kimi bədbəxt insanlar var. Buna nə imkan vermir ? Təbii ki, cəmiyyətin zəncir kimi bağlı düşüncəsi.

İnsanlarda bir yenilik qorxusu var. Məsələn dünyada kütlənin çox faizi Şekspir,Höte, Füzulinin ağ vərəq olmasını qəbul etmək istəmir. Hamı onlara “klassik” kimi baxır. Və bir kimsə çıxıb onları tənqid etdikdə, ona yad planetli kimi baxıb, söyüb qovurlar. Heç birindən bir əsər oxumayanlar belə. Bu kütlə psixologiyası deyil ? Əminliklə deyə bilərəm ki, 50 ildən sonra Azərbaycanda klassika sevən də qalmayacaq. Yanıb gedəcək klassika. O da kütlənin vasitəsilə olacaq. Zəncir kimi bir-birinə bağlı kütlə hər şeyi inkar edəcək.

Bəs kim idarə edir kütlənin fikirlərini ?

KİV ? Yox təbii ki. İnformasiya vasitələri kənardan vətəndaş mövqeyinə təsir edə bilərlər. O da bir sərhəddə qədər. Müəyyən bir nöqtədən sonra onların da işi bitir. Bəlkə kütləni keçmiş düşündürür ? Yəni bəlkə hələ də zamanın dəyişdiyini qəbul etmək istəməməkdən irəli gəlir.

Bir arqumenti nəzərinizə çatdırım. İngiltərədə “Underground Theatre” adlı məkan var. Bu səhnə yeraltı teatr ənənələrinə əsaslanır. Tamaşaların əksəriyyətini klassik pyeslərin dəyişdirilmiş variantları, homoseksuallığa dözümlülük təbliğ edən və fərqli nəzəriyyədə hazırlanmış əsərlər təşkil edir. Bəzən aktyorların əyinlərində alt paltar belə olmur. Və bu İngiltərədə insanlar tərəfindən normal qarşılanır. Sözsüz ki, bu düşüncə tərzi İngiltərədə birdən-birə yaranmayıb. İngiltərənin də Azərbaycan kimi şort geyən oğlanlara və qızlara pis baxdığı dövr olub. Və zamanla İngiltərə bu vəziyyətə gəlib. Azərbaycan da əvvəl axır, 100 ildən sonra olsa belə gəlib yeraltı düşüncələrinin yuxarı təbəqədə normal qarşılandığı dövrə çatacaq. Mən nə qədər də mühafizəkar düşüncəli olsam da, bunu çoxdan qəbul etmişəm. Çünki kütlə həqiqətən də pozğun qadın kimidir və cəmiyyətdə özünə yer almış ən güclü fikirə avtomatik tabe olur. İstər müasir olsun, istər keçmiş fikir.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəKütlə adlı pozgun qadın