Kuryerlər Birliyinin rəhbəri: “Polis dedi ki, başını aşağı sal, həyatını yaşa”

“Polis idarəsində ikən düşündüyüm o idi ki, mən nəyə görə saxlanılmışam? Özlərinə də bu sualı verdim, amma özləri mənə cavab vermirdilər. Deyirdilər ki, sən özün bunu yaxşı bilirsən, sən qanunsuz fəaliyyət göstərirsən. Mən də onlara izah etdim ki, heç bir qanunsuz fəaliyyət göstərməmişəm”.

“İşçi Masası” Kuryerlər Birliyinin rəhbəri Elvin Feyruzzadə 24 saata yaxın vaxtı Bakı Şəhər Baş Polis İdarəsində keçirib. Onunla birlikdə saxlanılan D18 Hərəkatının idarə heyətinin üzvü Afiəddin Məmmədov inzibati qaydada 30 sutkalıq həbs edilib. 

Hərəkat noyabrın 13-də mətbuat konfransı keçirib. Konfransda hökumətin fəalların mübarizəsinə qarşı apardığı həbs siyasətindən danışılıb.

“”İşçi Masası” Kuryerlər Birliyinin üzvü Orxan Zeynallı evinin işığı söndürülərək oğurlandı. Orxan Zeynallını bizdən ayrılması üçün təhdid etdilər. Onun səhəri idarə heyəti üzvümüz Afiəddin Məmmədov və “İşçi Masası” Kuryerlər Birliyinin sədri Elvin Feyruzzadə oğurlandı. Bakı Şəhər Baş Polis İdarəsində onlara təhdidlər edildi. Bizim işçi koordinasiyamızı sıradan çıxarmaq üçün Afiəddin Məmmədova 30 sutka həbs cəzası verildi. Daxili İşlər Nazirliyi nə Orxan Zeynallının, nə də Afiəddin Məmmədovun həbs maddəsini açıqlamadı”- D18 Hərəkatının sədri Əhməd Məmmədli deyir.

D18 Hərəkatının ayrıca qolu olan “İşçi Masası”nda Kuryerlər Birliyi fəalliyyət göstərir. Birliyin rəhbəri Elvin Feyruzzadə danışır ki, o, polis idarəsində qanunsuz iş görməməsi, kuryerlər arasında hüquqi maarifləndirmə aparmasından danışıb.

“Məndən istənilən o idi ki, Afiəddin Məmmədovla əlaqəni kəs. O, doğru yolda deyil. Onunla münasibəti kəs. Get, özün işinlə məşğul ol. Başını sal aşağı, həyatını yaşa. Bu kuryer birliyini dağıt. Belə şey ilə məşğul olmaq lazım deyil. Mən isə bunu lazım olduğunu düşündüyüm üçün yaratmışam və biz heç bir qeyri-qanuni iş görmürük. Kuryerlərə qarşılarına çıxacaq haqsız yerə bloklanmalar, işdən çıxarılmalar anında nə etməli olduqlarını izah edirik. Bəzən qəza şəraiti keçirəndə kuryerlərlə onlara maddi yardım edirik. Fəalliyyətimiz budur”.

Hərəkatın sədri Əhməd Məmmədli də bundan bir qədər öncə bir aylıq həbs cəzası almışdı. O, həbsdə ikən hərəkatdan uzaqlaşmadığı halda hərbi xidmətə aparılacağı ilə təhdid olunduğunu açıqlamışdı. İndi isə Cəlilabad Rayon Prokurorluğuna çağırılan fəala deyilib ki, onun təhsil üçün aldığı hərbi möhlət sənədləri qaydasında deyil.

“Əvvəla sistem nə addım atacaqsa, biz anti-sistem olaraq, ona adekvat cavab verəcəyik. Çünki bizim məqsədimiz təkcə “D18” adlı Hərəkatı inkişaf etdirmək deyil. Biz Azərbaycanda yeni bir siyasi sfrea, siyasi seqment inşa etdirmək fikrindəyik. Klassiklərdən fərqli olaraq doğru bildiklərimizi ifadə etməkdən qorxmaq kimi bir fikrimiz yoxdur. Əksinə, bu sistem dəyişəcəksə, yeni dəyərlər əsasında dəyişməlidir”.

Daxili İşlər Nazirliyi fəalların saxlanılması ilə bağlı məlumat versə də, onların nə üzrə dindirildiyini, hansı maddə ilə həbs ediliyini açıqlamayıb. Azərbaycan rəsmiləri bir qayda olaraq ölkədə siyasi fəaliyyətə basqılarla bağlı deyilənləri təkzib edir.

Ana səhifəVideoKuryerlər Birliyinin rəhbəri: “Polis dedi ki, başını aşağı sal, həyatını yaşa”