Müstəntiq işi rədd edib, kürəkən məhkəməyə üz tutub
Azərbaycanda kürəkən icra hakimiyyətində çalışan qayınatasını mənzilindən sənədləri və geyimləri oğurlamaqda ittiham edir.
İttihama görə, Elşad Neymət oğlu Əzizov Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan kürəkəni Seymur Balabəy oğlu Abıyevin mənzilindən oğurluq edib. Belə ki, dənizçi işləyən Seymur işdən evə qayıdan zaman mənzilindən sənədlərin və geyim əşyalarının oğurlandığını görüb. Sonradan ona məlum olub ki, hadisəni qayınatası Elşad törədib. Elşad ona bildirib ki, qızı ilə nikahda olsa da, onu evə qeydiyyata saldırmır. Buna görə də o, sənədləri evdən götürüb.
Bundan sonra Seymur şikayət ərizəsi ilə Suraxanı rayon Polis İdarəsinə müraciət edib. Şikayət ərizəsi idarənin müstəntiqi, polis kapitanı Raqib Rəhimovun icraatına verilib. Lakin bu ilin aprel ayında müstəntiq cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edib. Qərarda qeyd edilib ki, Elşad Əzizovun əməlində cinayət tərkibi yoxdur. Həmin qərardan isə Seymur Abıyev Suraxanı rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə müraciət edib. Şikayət ərizəsində S. Abıyev bildirib ki, istintaq orqanı qərəzli və sifarişli hərəkət edərək, Elşad Əzizovun əməlinə Cinayət Məcəlləsinin 177-ci, 322-ci və 326-cı maddələri ilə qiymət verməli olduğu halda bunu etməyib: “Belə ki, həmin şəxs mənə məxsus 300 manat pulu talayıb. Mənim mənzilimə qanunsuz və gizli yolla girməklə həmin evə məxsus sənədləri çıxarışı, texniki pasportu, sığorta sənədini, xarici pasportumu, hərbi biletimi, doğum şəhadətnaməmi, diplomumu oğurlayıb. Bunlardan əlavə olaraq Elşad Əzizov mənim kurtkamı, şalvarımı, alt paltarlarımı, qızıl üzük və digər geyimləri mənim evimdən götürərək, mənə 3 min manat məbləğində zərər vurub. O, hazırda Cəlilabad rayon İcra Hakimiyyətində məsul vəzifə tutur”.
S. Abıyevin vəkili Bəxtiyar Hacıyev isə açıqlamasında bildirib ki, şikayət ərizəsində onu da qeyd ediblər ki, polis kapitanı Raqib Rəhimovun cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı ləğv edilsin və barəsində xüsusi qərar çıxarılsın. Cinayət işinin başlanması və istintaqın aparılması başqa orqana həvalə edilsin.