Sakinlər nəmişlikdən əziyyət çəkdiklərini deyirlər
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsindəki yaşayış massivində kanalizasiya sistemi olmadığından çirkab sular evlərin həyətinə, küçəyə dolur. Yeni massiv 24 ünvanında evlərin içərisi nəmişlikdir, divarlardan su damır.
Sakinlər Meydan TV- yə bildiriblər ki, “Azərsu” ASC, Sabunçu Rayon İcra Hakimiyyəti, bələdiyyə problemdən xəbərdardır, lakin tədbir görən yoxdur. Yağış yağan kimi küçələr su ilə dolur. Palçıqdan, yağış sularına qarışan tullantılardan küçələr keçilməz olur.
Sakinlərdən Sənan Məmmədov bildirib ki, yay-qış küçədən gələn kəskin qoxudan nəfəs almaq çətinləşir.
“6 yaşlı oğlum astma-bronxit xəstəsidir. Evə baxsanız, divarlardan su damır. Hamımız bir tikə çörəyin dalınca qaçırıq, ev də pula getmir ki, satıb başqa yerdən alaq. Bizi taleyin ümidinə qoyublar”,- şikayətçi deyib.
Sakinlər bildiriblər ki, hələ illər əvvəl kanalizasiya xəttinin çəkiləcəyi vəd edilib. “Azərsu”nun əməkdaşları küçəyə axan suyun qrunt suları olduğunu, bu səbəbdən də qarşısını almağın mümkün olmadığını deyiblər:
“Zirzəmilərə dolan suyu nasoslar vasitəsilə təmizləyirik. Yenə də evlərin divarları nəmişlikdən qaralıb. Leysan yağışlardan sonra maşınla məhəllələrə girmək mümkün olmur”.
Sakinlər deyirlər ki, su basdığından küçəni asfaltlamaq da olmur.
Başqa bir sakin isə deyib ki, bu ərazidən ev alanların hamısı ev dəllallarının qurbanlarıdır. Onlara uzağı bir neçə ilə kanalizasiya xəttinin çəkiləcəyi vəd edilsə də, üzərindən on ildən çox vaxt keçib.
Sabunçu Rayon İcra Hakimiyyətindən Meydan TV-yə məsələdən xəbərdar olduqlarını bildiriblər. Qurumdan onu da deyiblər ki, həmin ərazidə evlərin çoxu qanunsuz tikilib.
“Kanalizasiya xəttinin çəkilməsi üçün proqram hazırlanmalıdır. Əlaqədar qurumlar tərəfindən rayon ərazisində mərhələlərlə kanalizasiya xəttinin çəkilməsi nəzərdə tutulub”.
“Azərsu”-dan isə həmin ərazinin plana salınıb- salınmadığını öyrənmək mümkün olmayıb.