”Kürdəxanı Universiteti”-nin önündə (Fotosessiya)

Yaxınları ilə görüşə gələnlərin söhbətləri barmaqlıqlar arasında olanların nələr yaşadığını göstərə bilir

Source:

Son illər Kürdəxanı təcridxanası haqqında ən çox danışılan yerlərdən biridir. İctimai-siyasi fəalların, ziyalıların həbsindən sonra gənclər buranı “universitet” adlandırıblar.

Biz də Kürdəxanı təcridxanasına yollandıq. Məqsədimiz yaxınlarının yanına gəlmiş ziyarətçiləri dinləmək, sual vermədən onların problemləri ilə tanış olmaqdı.

Yeri gəlmişkən, ictimai jurnalistikada buna “divarda milçək” üsulu deyilir. Yəni, heç kimin əhəmiyyət vermədiyi, çəkinmədiyi, amma var olan biri…


“İşi vəkillə yox, hakimlə gör”

Kürdəxanıdakı həbsxana yenidən təmir olunub və genişləndirilib. Gediş-gəlişdən uzaq ərazidə yerləşir. Həbsxananın önünə işləyən nəqliyyat vasitəsi taksilərdi. Gediş haqqı sərnişindən asılı olmayaraq 2 manatdır. Həbsxananın önündə dayanacaq qoyulsa da, ondan  ancaq yağışdan və günəşdən qorunmaq üçün istifadə olunur. Siyahıya əsasən görüş vaxtı çatan vətəndaşlar bu dayanacağa toplaşır.

“Müstəntiqə 11 min 500 təklif elədim. O da dedi ki, mən qadınla iş görmürəm, kişi gəlsin. 10 min manat vəkilə pul vermişdim, almaq istəyirəm. Üç nəfər ittiham olunurdu. İkisi pullu idi, həmin dəqiqə çıxardılar. Kürəkənim qaldı. Bu işdən başqa da Bayram Bayramovun oğludumu, nəvəsidirmi, kimdir, onlar da “qruppavoy” tutulmuşdu. Onları da pul verib çıxardılar. Müstəntiq kürəkənlə prinsipə düşdüyü üçün o işi də yazdılar bunun adına. Qızım bir ayın gəlini olub. Oğurluq üstə tutulub. Apellyasiyaya vermişəm” –  orta yaşlı, geydiyi çəkələkdən çatlamış dabanları görünən qadın deyirdi.

Ətrafına toplaşan qadınlar onu dinləyir, bəziləri məsləhətlər verirdilər. Qadına işi vəkillə yox, hakimlə görmək məsləhət olunurdu.

“Birbaşa heç kimə heç nə vermə. Vəkillə danışma. Vəkil kimdi? Vəkillər həmişə ikitərəfli işləyir, heç vaxt onlara inanma. İşini hakimlə gör. Gir yanına, danış. İlyas müəllimin oğlu vardı e, Adil. Onlara tapşırdım ki, pul verməyin, verirdilər. Eləməyin deyirdim, ancaq elədilər. Axırda 9 il iş verdilər ” – deyirdi başqa bir yaşlı xanım.


“Vəkilin ofisi Nərimanovdadı. Qızım yanına gedib. Müqavilə də bağlamamışam. Onu da mənə bir yaxın adam məsləhət görmüşdü. Buna görə inandım” – dedi qadın.

Yaşlı xanım məsləhət verdi: “Özün yanına get və denən ki, səsini yazmışam, pulumu ver. Verməsən, səni polisə verəcəm”. Başqa bir qadın tez dilləndi: “İndi gizli səs yazısı qəbul olunmur”.

“Bilirsiz neyləyəcəm? O vəkil bir bankla işləyir. Həmin bankdan kredit götürmək istəyənlərə saxta sənəd verir ki, guya bu adamlar həmin müəssisədə işləyir və filan qədər maaş alır. Pulumu verməsə, mən bu işin üstünü açacam. Deyəcəm ki, saxta işlər görürsən. Oğlan 2 aydı işləyir, ancaq MMC şirkətinə 3 il bundan əvvələ işləməsi haqda kağız vermisən” – dedi, kürəkəni həbs olunan xanım.


“Azər müəllimə məktub yazdım”

Özünü kömək istəyən qadına Sevinc kimi təqdim edən xanım söhbətə qarışdı: ““İçərişəhər” metrosu ilə üzbəüz vəkil xidməti göstərən yer var. Bu yaxınlarda bir qadın mənə müraciət elədi. Vəkilə verdiyi 400 manatı ala bilmirdi. Vəkillər Kollegiyasının sədri Azər müəllimə məktub yazdım, pulu aldı”.

 “2 min ərizələrə ver, 3 min “stavka”ları götürməyə ver, 3 min flan şeyə ver. Mən də buna 10 min manat pul verdim ki, kürəkənimə kömək edə bilim…” – deyən qadını yaşlı xanım Binəqədiyə, öz qohumunun yanına göndərdi: “Yaqubovu tanıyırsan da. Onun bacısının gəlini Fizzə Məmmədova Binəqədidə polis mayorudu. Gedərsən onun yanına, deyərsən ki, məni Əminə göndərdi. O, sənə kömək edəcək. Nə qədər istəsən hörmət edərsən. Nə sənin malını yeyəcəklər, nə də pulunu”.


“Müstəntiqin “hörmət”ini də özüm eləmişəm”

“Müstəntiqlər qadınla iş görmür” sözünü kim deyir, başa düşə bilmirəm. Ay bacı, mən özüm müstəntiqin yanına getmişəm, yoldaşımın işini özüm həll eləmişəm. İşini özüm yüngülləşdirmişəm. Hər işimi özüm görürəm. Müstəntiqin “hörmət”ini də özüm eləmişəm. İndi də yaxşı münasibətim var. Müstəntiq mənə dedi ki, sənə kişi kimi baxıram. Elə yaxşı oğlandı. Yasamalda işləyir. Uzaqdan məni görəndə növbəsiz içəri keçirər. Bütün nəslimizin işini o görür. Danışıqdan çox şey asılıdı. Mən vəkil də istəməmişəm. Dedim, Əli müəllim, mən vəkil istəmirəm. Vəkilə verdiyim pulu verərəm hakimə” – bunu da görüşə gələn hicablı xanımlardan biri söylədi.


“1500 manatla qurtarmaq olardı”

Görüşə gələn başqa bir qadın isə çox pul istəmələrindən gileyləndi: “Allah insafınızı kəssin, 120 manat aldılar məndən. Görüş üçün qapıda verdim. Arxa otaqda oturursan, üzbəüz görüşürsən”.

Bununla da söhbətin mövzusu dəyişdi:

“Mən 2 manat verdim. Qapıdakılardan biri dedi: “Hörmət elə”. Mən də dedim, 2 manatım var. Dedi, eybi yox, ver, gəlsin” – daha bir yaşlı qadın gülə-gülə söhbətə qoşuldu.

Toplaşanlar arasında özünə yer edən başqa bir xanım da dilləndi: “Mənimki təzə gətirilib. 9 il iş kəsiblər. Maddəsi də quldurluqdu. 1500 manatla qurtarmaq olardı. Özüm acığa arxasınca getmədim. İki balası var. Bax, onun nəyi kəm idi?”.

Birinci qadın cavab verdi: “ Bizimki elə ağır deyil. Danışdıq. Məhkəmə günü həll edəcəyik”.

“15-də ad günüdü, gərək ayın 15-i gələrdik” – rayondan gəldiyi hiss olunan başqa bir qadın qızına dedi.

“Bayramxatın, Bayramxatın…” – görüşə gələnləri həbsxana nəzarətçisi çağırmağa başladı. Ardınca “Rahim” deyib qışqırdı. Kişilərdən biri “gəldim” deyib, tələsik gətirdiyi torbaları da götürərək, həbsxana qapısına yaxınlaşdı.

Qadınların mövzusu dəyişmişdi; namazdan, orucdan, ərdən xəbərsiz cibindən pul götürməkdən danışırdılar.

Həbsxananın kənarı ilə çəkilən məftil torunun yaxınlığına əsasən kişilər toplaşmışdı. Hərənin də qarşısında 4-5 dolu torba. Görüş saatını gözləyirdilər. Bir qədər kənarda həm çayxana, həm də növbə üçün yazılacaq adamların getdiyi tikili vardı. Bayırda gözləmək istəməyənlər çayxanaya toplaşmışdılar. Burada çayın qiyməti 1 manatdır.

Görüş vaxtını gözləyənlərin söhbətini arada nəzarətçinin səsi kəsir, çağırılan adam gedir, söhbət yenidən davam edirdi.


“Gölü qurudub üstündə həbsxana tikdilər”

Yenidən taksilərin yanına qayıdırıq. Mindiyimiz taksinin sürücüsü deyir ki, bu həbsxananın divarlarını hörənlərdən biridir. Amma üç ildir taksi sürür: “Uşaqların pulunu vermədilər. Cəmi 17 min idi. Yeddi aydan sonra pulu aldım. “ANT” şirkəti ilə işləyirdik. Pulumu alana qədər gəlib-getdim, nəticədə dönüb oldum taksi sürücüsü. Bir dəfə 1000 manat, bir dəfə 2000 manat aldım, fəhlələrin pulunu elə taksi sürə-sürə düzəldib verdim. Bura da 6 il bundan öncə təhvil verilib. Dünənə qədər fəhlələr işləyirdi. Rütubətin içində olan yer necə olacaq? Gölü qurudub üstündə həbsxana tikdilər. İçəridəkilərin şəraitini “Qızıl Aypara”ya görə yaxşılaşdırırlar. Ancaq rütubət sözsüz ki, təsir edir”.

Kürdəxanı təcridxanasından uzaqlaşırıq. Paytaxtla bu qəsəbəni birləşdirən tozlu-torpaqlı yolları az qala hər həftə ölçən adamlar var. Elə müxtəlif taleli o insanları da yalnız Kürdəxanıya gedən bu yol birləşdirir…

Ana səhifəXəbərlər”Kürdəxanı Universiteti”-nin önündə (Fotosessiya)