”Kürdəxanı təcridxanasında dustaq üçün yer yoxdur”

Əsabəli Mustafayev: “Bayramlardan sonra Penitensiar Xidməti məhkəməyə verəcəm”

Source:
Kürdəxanı İstintaq Təcridxanası
Kürdəxanı İstintaq Təcridxanası

Əsabəli Mustafayev: “Bayramlardan sonra Penitensiar Xidməti məhkəməyə verəcəm”

Nurçu təriqətini yaymaqda təqsirli bilinən 4 nəfər – Eldəniz Hacıyev, Şahin Hacıyev, İsmayıl və Zəkəriyyə Məmmədov barəsində məhkəmə qərarı olmasa da, onlar Kürdəxanı təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə adıçəkilən şəxslərin vəkili Əsabəli Mustafayev öz Facebook səhifəsində məlumatı yayıb.


Vəkilin sözlərinə görə, buna səbəb təcridxanada yer çatışmazlığıdır:

“Bu adamlar barəsində hökm hələ qanuni qüvvəyə minməyib, apellyasiya instansiyasındadır. İndi Ədliyyə Nazirliyi və istintaq təcridxanası ilə telefonla danışdım. Deyirlər ki, dustaqları saxlamağa yer çatışmayır, ona görə göndəririk cəzaçəkmə müəssəsinə. Bu tutulan şəxslər yalnız dini məzmunlu kitablar oxuduqları üçün məhkum olunublar. İnsanlar heç bir cinayət etmədikləri halda məhkum olunurlar, sonra da kamera çatışmır, yenə qanunu pozaraq onları hökm qüvvəyə minməmiş cəzaçəkmə müəssəsinə göndərirlər”.

Əsabəli Mustafayev deyir ki, müdafiə etdiyi şəxslər barəsində həbs-qətimkan tədbirinin qanunsuzluğu barədə ərizələr artıq Avropa Məhkəməsindədir:


“İndi də hökm qüvvəyə minməmiş icra edilməsi barədə şikayət göndəriləcək. Bayramlardan sonra da Penitensiar Xidməti məhkəməyə verməli olacam”.

Yasamal rayon Məhkəməsinin hökmü ilə İsmayıl Məmmədov 5 il 6 ay, Eldəniz Hacıyev 4 il 6 ay, Zəkəriyyə Məmmədov və Şahin Həsənovun hər biri 5 il, Rəvan Fərzəliyev isə 1 il 6 ay azadlıqdan məhrum ediliblər. Onlar CM-nin 167-2.2.1-ci (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq dini təyinatlı ədəbiyyat və dini məzmunlu digər materiallar yayma) və 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddələri ilə ittiham edilirlər.

Adıçəkilən şəxslər 2014-cü ilin aprelində keçmiş MTN əməkdaşları tərəfindən həbs olunsalar da, sonradan barələrində həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub, yalnız 2015-ci ilin oktyabrında məhkəmə zalında təkrar həbs ediliblər.

Məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Azadlıq Radiosunun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasında hakimlər kollegiyası bu işə məhkəmə istintaqı aparılmadan (şahidlər dindirilmədən, sübutlar araşdırılmadan) baxılması barədə qərar qəbul edib. Vəkil Əshabəli Mustafayev, həmçinin Rəvan Zərbəliyevin müdafiəçisi Yalçın İmanov ilkin baxış iclasının sözügedən qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Bu şikayətə baxılıb qərar verilənə qədər apellyasiya instansiyasındakı proses təxirə salınıb. Hökmün qüvvəyə minməsi üçün isə apellyasiya məhkəməsinin yekun qərarı olmalıdır.

Bayram günləri olduğundan Penitensiar Xidmətlə əlaqə yaratmaq mümkün olmayıb.

Ana səhifəXəbərlər”Kürdəxanı təcridxanasında dustaq üçün yer yoxdur”