Kürdəmir sakini: Belə səfalət içində yaşamağımızın səbəbkarı hökumətdir

Axı insanlara normal şərait də yaratmayıblar ki, işləyək və özümüzə ev quraq.

Source: meydan.tv


Yataqxana sakinləri şəraitlərindən gileylidir

67 yaşlı Solmaz Əliyeva 32 ildir ki, Kürdəmirdəki Mənzil İstismar Sahəsinin (MİS) binasında yaşayır. Deyir, binanın yarısında ailəsi yaşayır, digər yarısı isə idarədir. İstismar müddətini çoxdan başa vurmuş bina qəzalı vəziyyətdədir. Və bu binalarda təkcə, Solmaz xanımın ailəsi deyil, daha 9 ailə məskunlaşıb.


“Biz də qocalmışıq, yaşadığımız bina da”

Sakinlərin söyləməsinə görə, bina 1960-cı illərdə tikilib. Ərazidəki yataqxana tipli yaşayış məntəqələrində o vaxtlar şəhərlərdən Kürdəmirə və ətraf bölgələrə pambıq yığmaq üçün gələn tələbələr qalırmış.

solmaz aliyeva.jpeg
Solmaz Əliyeva

“Az qala 60 ilin binalarıdır. 30 ildən artıqdır ki, biz yaşayırıq. Əvvəllər normal vəziyyətdə idi, sonradan bərbad hala düşdü. Biz özümüz qocalıb, əldən düşmüşük, daş-divardan nə gözləyəsən?” – deyir, Solmaz Əliyeva.


“Özümü bu binaya məhkum hiss edirəm”

S.Əliyeva gənc yaşlarında həyat yoldaşından ayrılıb. Deyir, həmin ərəfələrdə nə normal işi, nə də qalmağa yeri olub. Hökumətə müraciət edib, çünki övladları ilə küçədə qalıbmış. Hökumət də onu bu binada məskunlaşdırıb. Binada qalan digər vətəndaşlar da nə zamansa hökumətə ev üçün müraciət edənlərdir.

image00030.jpeg
yaşayışçının evi

“Nə onda, nə də indi kirayə qalmağa imkanım çatıb. Odur ki, özümü bu binaya məhkum hiss edirəm. Nə zülmlə, zillətlə, birtəhər övladlarımı böyüdüb, boya-başa çatdırmışam. Mənim də gücüm ancaq buna çatıb”, – Solmaz Əliyeva əlavə edir.


“Bizi normal evlə təmin etsinlər”

Yerli sakinlərin yataqxanalar adlandırdığı bu binalarda 9 ailə məskunlaşıb. Sakinlər deyir ki, yağışda evlərinə su damır, küləkdə isə damın üstü uçub tökülür.

nazima hamidova.jpeg
Nazimə Həmidova

“Şəraitimiz bərbaddır. Hər yer uçub-dağılır. Evin bir yerini düzəldirik, digər yeri tökülür. Bir sözlə, əmələ gətirmək mümkün deyil. Bu gün – sabah başımıza töküləcək. Divarlar belə aralanıb, köpük, pambıq tıxayırıq. Üstəlik, iç-içə otaqlardır, pəncərəsi də yoxdur. Hamımız xəstə düşmüşük. Hökumətdən xahiş edirik, bizi normal evlə təmin etsinlər”, – sakinlərdən Nazimə Həmidova belə deyir.


“O vaxt doğulanlar az qala ölürlər, qaldı bina ola”

N.Həmidova əlavə edir ki, bu ərazidə normal durumda olan bir dənə də ev yoxdur. Yağış yağanda evlərinə bir neçə yerdən su damır. Dəfələrlə yorğan-döşəkləri, paltarları və əşyaları suyun altında qalıb:

image00020.jpeg
ev

“Bunlar bir yana, həyətlərimiz də bərbad gündədir. Su yığılır, iy verib, iylənir. Bir damcı yağış yağan kimi evin içi də su ilə dolur. Hərənin əlində bir vedrə su atırıq evlərdən bayıra. Belə yaşayış olar? Bir neçə evdir, 60-cı illərdən tikilib. O vaxt doğulanlar az qala ölürlər, qaldı bina ola”.


“Bir gün işləməsəm, acından ölərəm”

Sakinlər problemləri ilə bağlı dəfələrlə Kürdəmir Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini söyləyirlər. Hər dəfəsində də “gəlib, baxacağıq”, – cavabını alıblar. Ancaq bugünədək qapılarını döyən olmayıb deyirlər:

“Burada varlı adam yaşamır. Pulu olan özünə bu zülmü rəva bilməz. Məsələn, götürək, elə məni. 60 yaşım var. Restoranların birində günü 5 manatdan qab yuyuram. Mən onu iynəmə, dərmanıma, problemimə, ərzağa, kommunala verim, yoxsa, onunla ev alım, təmir edim? Elə olur, xəstələnirəm, həmin günü işə gedə bilmirəm. Getməyəndə də qəpiyim olmur. Nə edim, əlimdən başqa heç nə gəlmir”, – N. Həmidova əlavə edir.

image00013.jpeg
tavan


“Nə etsək də, bir yerə çıxmır, tökülüb, dağılır”

26 yaşlı Günay Tuqaşvili də burada yaşayanlardandır. Deyir, bir otağın içində 7 uşaq, 3 böyük qalırlar, çətindir. Heç biri də işləmir, dolanışıqları çox ağırdır:

“Bir yerdən bir qəpik gəlirimiz yoxdur. Belə şəraitdə uşaq böyütmək çətindir. Son illər mövsümi işlər vaxtı boğazımızdan kəsib evimizi 3 dəfə təmir etdirmişik. Nə etsək də, bir yerə çıxmır. Yenə tökülüb, dağılır”.

image00021.jpeg
Günay Tuqaşvili


“Ev təmir etmək bizim üçün əlçarmazdır”

Vəfa Abdullayeva isə bir otağın içində 3 qızı ilə birgə yaşayır. Deyir, bir neçə il öncə qəza keçirib, iş qabiliyyətini itirib. Qoluna mil qoyublar, bundan əlavə, qolunun biri digərindən qısadır. Hərəkət etdirmək çətindir. 20 yaşlı böyük qızı mağazaların birində kassada işləyir. Evi dolandıran da elə odur:

“Bu qədər millət o balamın maaşına baxırıq. Ev təmir etmək bizim üçün əlçarmazdır. Hər yeri də aralanıb, görürsünüz. Yayda qurd-quş girir. Evə qaz da gəlmir, qışda soba yandırırıq, onu da çatdıra bilmirik. 20 yaşında uşağın aldığı 200 manatla yarıac-yarıtox dolanırıq. Biz hara, ev təmir etmək hara? Heç təmirlik yanı da qalmayıb. Sökülən binalardır hamısı”.


“Biz burada ən axırıncı insanlar kimi yaşayırıq”

V.Abdullayeva deyir ki, qolu faktiki işləmir. Ancaq buna görə hər hansı pensiya da almır. Müraciət etsə də, “sənə düşmür”, – cavabını veriblər.

“Kimə deyirsən, pul istəyirlər. Əlil qalmışam, özü də sağ qolumdur. Ancaq deyirlər, sənə pensiya düşmür. Evimizin şəraitini də görürsüz. Bir ara sosial yardıma müraciət etdim. Əvvəl dedilər, sizə düşür, sonra dedilər ki, yox, sizlik deyil. Bir sözlə, biz burada ən axırıncı insanlar kimi yaşayırıq. Mən heç buna yaşamaq da deməzdim”.

vefa abdul.jpeg
Vəfa Abdullayeva


“Dəfələrlə ayağım döşəmənin içinə girib”

45 yaşlı Təranə Abdullayeva da 20 ildən artıqdır ki, bu yataqxanada yaşayır. Deyir, həmin 20 ili yaşamaqdan çox həyata dirənib, mübarizə aparıb:

“Sürünmüşəm, çətinlik çəkmişəm, zülm çəkmişəm, amma yaşamamışam. Bu, dəqiqdir. Bir baxın, evdir guya. Döşəmə ayağımızın altından qaçır. Dəfələrlə ayağım döşəmənin içinə girib. Hər yer çürüyüb dağılır”.

image00018.jpeg
ev


“O insanlar nə adla ev istəyirlər?”

Meydan TV məsələyə münasibət öyrənmək üçün Kürdəmir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Ümumi şöbədən bildiriblər ki, həmin ərazidən xəbərdardırlar, ancaq oradakı evlər yaşamağa tam yararsız deyil:

“O evlərə baxılıb. Qismən yararlıdır. O insanlar yaşadıqları yeri özləri təmir etdirməlidirlər. İcra hakimiyyətinin camaata ev tikəcək, ev təmir etdirəcək büdcəsi yoxdur. Orada yaşayanların hamısı yerli sakinlərdir. Yenə məcburi köçkünlərə dövlət ev verir, onlar nə adla ev istəyirlər?”

Sakinlərdən Təranə Abdullayevaya bu cavab yad deyil. Deyir, hökumətə deyəndə, boyun qaçırır. “Biz sizə niyə ev verməliyik?” – deyirlər. Ancaq bir şeyi unudurlar:

terane abdulla.jpeg
Təranə Abdullayeva

“Axı insanlara normal şərait də yaratmayıblar ki, işləyək və özümüzə ev quraq. Deməli, bizim belə səfalət içində yaşamağımızın səbəbkarı hökumətdir. Onda günahlarını yusunlar. Ya bizi normal ev, ya da işlə təmin etsinlər ki, özümüzə adam kimi şərait qura bilək”.

image00028.jpeg
hamam
Ana səhifəBölgəKürdəmir sakini: Belə səfalət içində yaşamağımızın səbəbkarı hökumətdir