Kürdəmir sakini: ”10 nəfər qəzalı evdə yaşayırıq”

Normal yerdə işləmir, normal şəraitdə yaşamırıq, yaxşı qidalanmırıq, biz ölməyək, kim ölsün?

Source: meydan.tv

''Normal işləmir, normal şəraitdə yaşamır, yaxşı qidalanmırıq, biz ölməyək, kim ölsün?''

“Evimiz 1962-ci ildə tikilib, köhnədir. Təbii baş vermiş zəlzələlərin də təsirindən sonra indi yaşanmaz hala düşüb. Qəzalıdır və biz belə şəraitdə 4 övlad böyüdürük”.

Kürdəmir şəhəri, Xaqani küçəsi 6 ünvanında yaşayan 36 yaşlı Elşad Hacıyev belə deyir. Bildirir ki, həmin qəzalı vəziyyətdə olan evdə qardaşının ailəsi və iki xəstə bacısı ilə birgə yaşayır:

“Öz ailəm və övladım, qardaşımın ailəsi, bacılarımla birgə 10 nəfərik. Bizim həyatımız təhlükə altındadır. İndiyədək müraciət etmədiyimiz yer qalmayıb, ancaq səsimizi eşidən yoxdur”.

image00012.jpeg
Elşad Hacıyev

E.Hacıyev deyir ki, doğulandan bu evdə yaşayıb. İndiyə qədər öz hesablarına təmir də ediblər. Artıq gücləri çatmaz hala düşüb:

“Çatlar böyükdür, üstəlik, evin altına su yığılıb, az qalır çökə. Belə vəziyyətdə olan evi özünə gətirə bilmərik. Hardandı bizdə o qədər pul? İş də yox ki, gedim işləyim, evimi təmir etdirim. 2 qardaşıq, ailəmizlə birgə qəzalı evdə yaşayırıq. Özümüz bir yana, uşaqlardan ötrü çox qorxuram. Onların başına bir iş gəlsə, nə edərik? Ev tutacaq və ya yeni ev alacaq imkanımız yoxdur deyə vicdan əzabı çəkmək istəmirəm”.

E.Hacıyev deyir ki, 4 uşaqla bərabər bacılarına da baxmaq məcburiyyətindədir. Onların işləmək qabiliyyətləri yoxdur. Hər ikisi ruhi əsəb xəstəliyindən əziyyət çəkirlər:

“Çətindir, vallah, dolana bilmirik. Evin dağılıb tökülən yerlərinə nələrsə etmişik ki, açıq qalmasın. Yağış yağanda evin neçə yerindən damır. Altına vedrələr qoyuruq. Uşaqlar aşırır, yer su olur. İnanın özümüzün imkanımız olsa, dövlətdən heç nə gözləmərik. Hara gedirəm, iş yoxdur. Gedin, sizə xəbər verəcəyik deyib, yola salırlar. Fəhləlikdir ancaq. O da normal maaş vermir. Aya 200 manat mənə sərf etmir. Hər iki halda aclıq, səfalət içində yaşayırıq. Mən də çalışıram ki, yaxşı iş tapam. O da ki aylardır bir işıq ucu görünmür”.

image00011.jpeg
Evin tavanı

Elşad Hacıyevə ayda 450-500 manat əmək haqqısı olan iş lazımdır. Deyir, günü-gündən ərzağın, geyimin qiyməti qalxır. Çatdıra bilmir. Ondan aşağı əmək haqqı bəs etməz:

“Bu boyda ailəyə azı 500 manatlıq əmək haqqısı olan iş axtarıram. Başqa cür yetərli olmaz”.

Röya Hacıyeva 7 ildir ailə həyatı qurub. 3 övladı ilə birgə bu evdə yaşayır. Deyir, evin altı su ilə dolu olduğundan, uşaqlarının hamısında yel xəstəliyi yaranıb. Həkimə apara, daimi müalicə etdirə bilmir:

“Səhərəcən ağrıdan çığırırlar. Nə edim, imkansızlıqdan müalicə etdirə bilmirəm. Deyək ki, etdik, yenə bu evdə yaşayandan sonra nə mənası var? Yoldaşım günlük işlərdə çalışır, fəhləlik edir. Bir gün orda, bir gün burda. Harada iş tapsa, gedib görür. Yük daşıyır, yer süpürür, həyət təmizləyir. Yetər ki, axşam evə gələndə çörək ala bilsin”.

image00002.jpeg
zirzəmi

R.Hacıyeva deyir ki, həyat yoldaşının günlük qazandığı 5-10 manat pulla 3 uşağı dolandırmaq çətindir. Bəzən olur ki, günlərlə iş tapmır. Oturur evdə. Onda vəziyyətləri daha da ağırlaşır:

“Çünki başqa bir yerdən bircə qəpik gəlirimiz yoxdur. Yolladığımız məktublara da normal cavab ala bilmirik. Bəlkə də o məktubları yığsaq bir çemodan olar. Ancaq standart cavab verilir, ya imkanımız yoxdur, ya da icra hakimiyyətinə yönləndirilir. Onlar da bizdən betər ağlayırlar. Yay olanda evə ilan çıxır. Cürbəcür böcəklər, soxulcanlar peyda olur. Qışda da soyuqdan donuruq. Rütubət olur”.

28 yaşlı Röya deyir ki, çox vaxt qaza, işığa, suya olan borclarını da ödəyə bilmirlər. Xüsusən də qış aylarında, yoldaşı iş tapa bilməyəndə belə olur:

“Onda gəlib işığımızı kəsirlər. Elə olur bu evin içində 10 gün qaranlıqda qalırıq. Şam işığında yaşayırdıq. Heç kimin bizə yazığı gəlmir. Bir dəfə işığın pulunu ödəmək üçün 3-4 yerdən qırıq-qırıq borc pul tapdıq. Artıq borc verən də yoxdur. Haqlıdırlar, ödəyə bilmirik, niyə versinlər ki?”

image00013.jpeg
Röya Hacıyeva

Evin digər sakini 29 yaşlı Vasif Hacıyev günü 5-10 manata fəhləlik edir. Deyir, bununla ailəsini güclə dolandırır. Onun qəzalı evi təmir etdirəcək gücü yoxdur:

“Çünki qanuni heç bir işim yoxdur. Orda-burda yük daşıyıram. Sonra da deyirlər, ölüm niyə gəncləşir. Əlbəttə gəncləşəcək. Normal yerdə işləmir, normal şəraitdə yaşamırıq, yaxşı qidalanmırıq, biz ölməyək, kim ölsün? Ona görə də adını bilmədiyimiz min cür xəstəliklər yayılıb”.

image00018.jpeg
Vasif Hacıyev

V.Hacıyev deyir ki, bilmir, Bakıda necədir, ancaq Kürdəmirdə iş-güc yoxdur. Hər iki nəfərdən biri işsizdir, dolana bilmir:

“Camaat acından qırılır. Evimizin altını da görürsüz, su dolub, içəri nəmişlik verir. Heç nə edə bilmirik. Hardan edək? Atamdan, anamdan iki xəstə bacımız qalıb. Bir də ailə, uşaq var. Onların qarnını güclə doyururuq. Yarıac, yarıtox dolanırıq. Haradan alaq ev tikəcək vəsaiti? Kommunalı güclə ödəyirik. Düz icra hakimiyyətinin dibində yaşayırıq. Görürsünüz də şəraitimizi”.

image00017.jpeg
bildirişlər

Meydan TV məsələyə münasibət öyrənmək üçün Kürdəmir Rayon İcra Hakimiyyətinə müraciət edib. İcra başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Tacəddin Novruzov deyib ki, Elşad Hacıyevin məktub yazmadığı dövlət qurumu qalmayıb. Bəli, həmin məktublar icra hakimiyyətinə yönləndirilib. Ancaq icra hakimiyyətinin vətəndaşa ev tikmək üçün büdcəsi yoxdur:

“Buna çox vəsait tələb olunur. Bizdə o qədər vəsait nə gəzir. İş məsələsinə gəlincə, vətəndaş zəhmət çəkib rayondakı məşğulluq idarəsinə müraciət etsin. Onu qeydiyyata alıb, işlə təmin edərlər. Burada problemli bir şey yoxdur”.

image00008.jpeg
evin içi
image00023.jpeg
mətbəx
image00009.jpeg
tavanın çatı
image00024.jpeg
tualet
image00001.jpeg
ev
image00016.jpeg
mətbəx
Ana səhifəBölgəKürdəmir sakini: ”10 nəfər qəzalı evdə yaşayırıq”