Kürdəmirin keçmiş icra başçısının azadlığa çıxdığı bildirilir

Keçmiş icra başçısı Ceyhun Cəfərov. Foto: Kürdəmir İH

Bir ay əvvəl isə onunla birlikdə həbs olunan birinci müavini azadlığa buraxılmışdı

Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb. Onun artıq azadlığa çıxdığı bildirilir.

Korrupsiya ittihamları ilə məhkum edilmiş sabiq icra başçısı cəzasının son bir ilini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirib.

Bir ay əvvəl Ceyhun Cəfərovla birlikdə həbs olunan birinci müavini Tacəddin Novruzov azadlığa buraxılıb.

C. Cəfərov və T. Novruzova qarşıdakı 2 il 6 ay dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq qadağan edilib.

Ceyhun Cəfərov 2020-ci ilin avqustunda Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində həbs olunub. Həmin vaxt onunla yanaşı, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Eynulla Novruzov, xəstəxananın baş həkimi olmuş Məhəmməd Musayev, Təhsil Şöbəsinin keçmiş müdiri Mətləb Allahverdiyev, bu qurumun baş mühasibi Rəcəb Hüseynov da tutulmuşdu.

Keçmiş icra başçısı və adları çəkilən digər məmurların işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxıldı. Ceyhun Cəfərova bu məhkəmədə 8 il 6 ay həbs cəzası kəsildi. Lakin Şirvan Apelyasiya Məhkəməsində onun cəzası 6 ilə endirildi.

Bir müddət öncə Ali Məhkəmədə həm sabiq icra başçısının, həm də onunla birlikdə mühakimə olunanların cəzasını bir qədər də yüngülləşdirən qərar verilmişdi. Qərara əsasən, Ceyhun Cəfərovun cəzası 6 ildən 4 il 6 aya endirildi. Tacəddin Novruzovun cəzası 4 il 5 ay, digərlərinin cəzası isə 4 il 4 aya qədər azaldıldı.

Cəza müddətində Ceyhun Cəfərov 2 ilini təcridxanada, 1 il 2 ayını ümumi rejimli cəza müəssisəsində, qalan 1 il 2 ayını isə məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirib.

1965-ci il təvəllüdlü Ceyhun Cəfərov 2011-2014-cü ildə Tərtər rayonunun icra başçısı olub. 2014-cü ildə Kürdəmirə icra başçısı təyin edilib və 2020-ci ilin avqustunda həbs olunana qədər bu vəzifədə çalışıb.

Ana səhifəSiyasətKürdəmirin keçmiş icra başçısının azadlığa çıxdığı bildirilir