Küləklə sovrulanlar

Vuruşan azərbaycanlıların dəqiq sayı bilinmir

Source:


“Ramadan bir səs gəldi, ağlaşma və böyük şivən səsi.



Rəhilə uşaqları üçün ağlayır, sakitləşmək bilmir, çünki onlar artıq yoxdurlar”


Mattanın nəql etdiyi Müjdə (2:18)



90-larda Sovet İttifaqının, yəni o zaman dünyada mövcud olan iki fövqəldövlətdən birinin ildırım sürətli çöküşünün az qala bütün ağırlığı, sovetlər miqyasında kifayət qədər kiçik olan Qafqaz regionunun üzərinə gəldi.

Bu bölgə ağlagəlməyəcək dəcərədə nifrət püskürən etnik konfliktlər və onların nəticəsi kimi etnik münaqişələrin – müharibələrin meydanına çevrildi. Azərbaycan-erməni, gürcü-osetin, gürcü-abxaz, osetin-inquş, çeçen-rus və başqa konfliktlər nəticəsində minlərlə insan öldürüldü, şikəst edildi, milyonlarla insan öz daimi yaşayış yerlərindən məhrum edildi. Həddən artıq qəddar xarakter alan bu kiçik müharibələrdə çox böyük etnik təmizlənmələr baş verdi. Nəticədə Qafqazın çoxrəngli etnik palitrası daha yesənək rənglərə boyandı.

Maraqlıdır ki, bu konfliktlər etnik mahiyyət daşımasına baxmayaraq, hər iki tərəfdən “internasional” tərkibdə qüvvələr iştirak edirdi. Burada istənilən, hətta ən qeyri-adi simbiozlara rast gəlmək mümkün idi. Məsələn, Azərbaycan-erməni konfliktində ermənilər tərəfdən iştirak edən özbəkdən başlayaraq, Azərbaycan tərəfdə vuruşan qərbi ukraynalılara qədər.

Bəs 90-cı illərdə Gürcüstandakı etnik münaqişələr (Abxaziya və Cənubi Osetiya) və “5 günlük müharibə” kimi məşhur olan hərbi konflikt zamanı yerli azərbaycanlılar bu müharibədə hansı formada və hansı tərəfdən iştirak ediblər? Bu insanların o müharibələrdə iştirak motivasiyası və müharibədən sonrakı həyat hekayətləri nədən ibarətdir? Onların hazırkı taleyi necədir, müharibə onların qismətində hansı izlər buraxıb?


İlyas Rzayev

Abxaziyada olarkən (1992-ci il)


Vuruşan azərbaycanlıların dəqiq sayı bilinmir

Araşdırmaya rəğmən, bu müharibələrdə iştirak etmiş azərbaycanlıların dəqiq sayını müəyyənləşdirmək mümkün olmadı. Hərbi-ictimai təşkilatlar müharibə iştirakçılarının milli mənsubiyyətini qeydiyyata almadıqlarını qeyd etdilər. Cənubi Qafqazın sülh yolu ilə inkişafı Birliyinin (The Union for peaceful development of the South Caucasus) sədr müavini, vateran, ehtiyatda olan qvardiya polkovniki, Cənubi Osetiyada və Abxaziyada vuruşmuş Quriya batalyonunun təşkilatçısı, 55 yaşlı


İrakli Muciri


deyir ki, azərbaycanlılar, Gürcüstanın digər etnik azlıqlarından fərqli olaraq, bütün müharibələrdə birmənalı olaraq Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşublar.

Bu sualla müraciət etdiyimiz, 1990-cı illərdə öncə Tbilisinin komendantı, sonra isə Gürcüstanın müdafiə naziri vəzifəsində işləmiş, general-mayor, hazırda təqaüdçü, 50 yaşlı


Georgi Karkaraşvili


onda belə bir məlumatının olmadığını bildirdi. “Gürcüstan uğrunda vuruşan yerli azərbaycanlılar çox olub, amma saylarının dəqiq neçə olması haqda məndə məlumat olmayıb. O zaman bizi ölkə üçün vuruşan insanların milli mənsubiyyəti əsla maraqlandırmırdı”. General onu da qeyd etdi ki, Abxaziyada vuruşmuş azərbaycanlılar kifayət qədər çox olsa da, ilk ağlına gələni İlyas Rzayevdir.

Suallara dolğun cavab tapmaq və qəhrəmanlarla canlı görüşmək üçün Kvemo-Kartli bölgəsinə, Marneuli rayon mərkəzinə yollandıq.


Polad Məmmədov: “Biz axı ölümə gedirdik, bala…”

Sorğumuz zamanı bizə uzun illər rayon polis idarəsinin rəis müavini işləmiş


Polad Məmmədov


un adını vermişdilər. Hazırda təqaüdçü olan, polis polkovnik-leytenantı (podpolkovnik), 75 yaşlı Polad Məmmədovun evinə yollandıq, onunla görüşdük. Ağsaqqaldan onun döyüş yolunun hekayətini soruşduq:

Özüm əslən buradanam, Marneulidən. Tbilisi Pedaqoji İnstitutunu bitirmişəm, elə bitirdiyim ildə də rayon komsomolunun 2-ci katibi seçildim. Burada 2 il işləyəndən sonra Bakıda Ali Partiya Məktəbində oxudum, 1971-ci ildə oranı bitirib, yenə də öz bölgəmizə döndüm. Elə o vaxtdan 1990-cı ilə kimi Marneuli rayon polis idarəsində çalışırdım. O zaman artıq 50 yaşım vardı, kapitan rütbəsinə kimi gəlib çıxmışdım, vəzifəm də rayon polis idarəsinin rəis müavini idi.

O dövrdə Gürcüstanda hakimiyyətə Zviad Qamsaxurdiya öz “Sakartvelo çvenia!” (80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Qamsaxurdiya tərəfdarlarının istifadə etdiyi və etnik azlıqlar tərəfindən birmənalı qəbul edilməyən “Gürcüstan bizimdir!” şüarı – E.M.) şüarı ilə gəlmişdi. Ondan bir az sonra rəhbərlik tərəfindən bizə, yəni Marneuli rayon polis idarəsində işləyən azərbaycanlılara könüllü surətdə ərizə yazıb işdən çıxmağımız tələbi qoyuldu. Mənim üçün bu çox acı idi, amma əlacım nə idi ki?1 Deyildiyi kimi, “öz xahişimlə” ərizə yazdım, təqaüdə çıxıb, gəlib evimdə oturdum. Həyatının mərkəzi çağını yaşayan kişi üçün bu (yəni işsizlik) çox ağır bir əzab idi. Beləcə 4-5 ay 180 lari pensiya alaraq işsiz-gücsüz qaldım.

Elə o zamanlarda Cənubi Osetiyada konflikt qızışmağa başladı, orada iştirak üçün də Gürcüstanın ordusu hələ yox idi, o üzdən daxili işlər orqanlarından polis işçilərini döyüş bölgəsinə aparmağa başladılar. Məni də elə o zaman yenidən geriyə, işə çağırdılar, ölkəni qorumaq üçün Osetiyaya gedəcəyim halda vəzifədə bərpa olunacağımı dedilər. Razılaşdım, qalan işçilərdən də bir qismini çağırıb bərpa etdirə bildik, mənim rəhbərliyimlə polis işçilərindən 40 nəfərə kimi bir dəstə yığıb, silahlanıb, oraya yollandıq.

Həyatımın ən acı dəqiqələrini Tbilisidə, gecə “otpravka” vaxtı yaşadım.  Dəstəni sıraya düzüb, Osetiyaya yollanmaq üçün Marneulidən gəldiyimizi rəhbərliyə məruzə edəndə bir gürcü polkovniki başqa yüksək rütbəli hərbçiyə acıqlanaraq – “hansı ağılla bu “tatrebilərə” silah etibar etmisən?” – deyə onun üstünə qışqırdı… (Ağsaqqal burada kövrəlir, boğmağa çalışdığı hıçqırıqlar arxasından çox çətinliklə, demək olar ki, pıçıltı ilə deyir) Biz axı ölümə gedirdik, bala… başa düşürsən?..” (daha danışa bilmədiyi üçün dayanır… diktafonu söndürmək lazım gəlir… )


“Rusların köməyi ilə osetinlər çox güclənmişdi”

…Demək, gəldik çatdıq Tsinxvaliyə, Osetiyanın mərkəzinə. Orada şəhər artıq iki yerə bölünmüşdü, düz şəhər mərkəzinin ortasından hər iki tərəf özünə qum dolu çuvallardan səngər düzəltmişdi. Osetinlərlə bizim aramızda heç 100 metr olmazdı.

Bizdə olan tərəfdə rayon icra hakimiyyəti, şəhər prokurorluğu və məhkəməni bir yerə yığıb qərargah düzəltmişdilər. Dəstəmizlə oraya gəldik. Gürcüstanın o zamankı daxili işlər nazirinin müavini vardı – Kvantaliani, o. bu qərargahın komendantı idi. Ona Marneulidən gəldiyimiz haqda məruzə etdim, əmr etdi ki, bizi yaxınlıqda yerləşdirsinlər. Bizi apardılar ora. Yanvar ayı idi, soyuq, dizə çıxan qar… Bizi gətirdikləri yer hündür bina idi, orada da nə yemək, nə su, nə istilik vardı. Nəsə yerləşdik, bir gürcü polkovnikin müşayiəti ilə mən və başqa iki nəfər elə gecə vaxtı ön mövqedə tutacağımız posta yollandıq. Dediyim kimi, çuvallardan səngər düzəldilmişdi, gəlib ora çıxdıq, mövqeyimizi müəyyənləşdirdik, əmrə müntəzir idik. Elə o gecə də posta çıxdıq… 2 həftə orada qaldıq, şükür ki, həmin vaxt atışma baş vermədi… Gürcülər çuvalların altından osetinlərlə danışırdılar. Nəsə, iş atəşə gəlib çatmadı, bizi əvəz edəcək dəstə gələn kimi hamımız sağ-salamat geri döndük…

… Amma ikinci dəfə ora gedəndə artıq toqquşma baş verdi, bir neçə dəfə atışmada olduq, Allahın köməkliyi ilə sağ qaldıq. O zaman artıq rusların köməyi ilə osetinlər çox güclənmişdi, gürcüləri demək olar ki, vurub çıxardılar şəhərdən… Bir şey edə bilmədik o zaman. Sonra da rəhbərliyin icazəsi ilə dəstəmizlə birgə qayıdıb gəldik Marneuliyə. O zamandan elə polisdə çalışdım, indi də pensiyadayam, ahıl yaşdayam, günümü xatirələrlə keçirirəm”.


İlyas Rzayev: “Mən həyatımı şərəflə yaşadım”

…Onun haqqında görüşdüyüm qvardiya polkovniki İrakli Mucili nəql etmişdi, sonra ismini keçmiş müdafiə nazirindən də eşitdik. Dediklərinə görə, İlyas Rzayevlə Abxaziya müharibəsində, onun vuruşduğu və hazırda Vaxtanq Qorqasali ordeninin hər üç dərəcəsini daşıyan general-mayor Koba Kobaladzenin rəhbərlik etdiyi əfsanəvi “Şavnabada” batalyonunda rastlaşıblar.

Beləcə döyüş yoldaşlarının dillər əzbəri etdiyi bu cəsur insanla görüşmək üçün cəhd edirik. İlk telefon zəngindəcə səs tembrindən çox təvazökar bir insanın intonasiyaları gəlir. İlyas bəylə köhnə meriyanın qarşısında görüş alırıq, cəmi bir saatdan sonra zahirən çox cüssəli, ilk ünsiyyətdəcə yumşaqlığı hiss edilən insan gəlir. Tbilisinin Azadlıq Meydanındakı rahat kafelərdən birində onunla görüşürük. Qarabağ müharibəsi veteranı, jurnalist Əfqan Muxtarlı da bizimlə idi.

47 yaşlı müharibə əlili, ehtiyatda olan mayor


İlyas Rzayev


əslən Tbilisidəndir, burada doğulub, boya-başa çatıb. Azərbaycan dilində hər şeyi gözəl anlasa da, kifayət qədər səlis danışmadığı üçün, söhbətimizi rusca apardıq. Gəncliyi müharibənin od-alovunda keçmiş, bir parta arxasında əyləşdiyi sinif yoldaşlarını itirmiş nəslin üç nümayəndəsi kimi bir-birimizi çox əla anlayırıq.

“Müharibə başlayanda cavan oğlan idim. Gürcüstanı, Tbilisini həmişə özümə Vətən bilmişəm. O zaman – 1992-ci ildə ölkənin ərazi bütövlüyünü qorumaq üçün Koba Kobaladzenin “Şavnabada” batalyonuna qoşuldum. Orada Gürcüstanda yaşayan bütün xalqların nümayəndələri vardı. Orada məndən başqa da bir çox azərbaycanlı olub – misal üçün, əslən Suxumidən olan polkovnik-leytenant (podpolkovnik)


Tofiq Hüseynov


, könüllü “starşina”


Musa İsayev


, təəssüf ki, 2013-cü ildə rəhmətə getdi… Sonra çağırışçı əsgər, lap gənc


Mustafa Novruzov


… Bir çoxu… İndi hamısını təəssüf ki, xatırlaya bilməyəcəyəm.

Abxaziyadakı müharibəni isə faciədən başqa heç nə adlandırmaq mümkün deyil. Gürcüstanda uzun illər bir yerdə yaşamış, tamamilə bir-birinə qarışmış bütün xalqlar bir-birinə silah qaldırmışdı, göydən od tökülürdü. Siz məndən təkcə Abxaziyanı sordunuz, elə bilirsiniz yalnız bununla iş bitirdi? O zaman Samegreloda da üsyanlar baş verirdi, keçmiş prezident Qamsaxurdiyanın tərəfdarları yerli hakimiyyətdən narazı idilər, onlar üç dəfə əldə silah qalxdılar, yeri gəlmiş Abxaziya da onlara dəstək verdi… Orada bir neçə dəfə az qala müharibə həddinə çatdı məsələ, mən orada iştirak etməmişəm, siyasətdən çox uzağam.” – İlyas bəy nitqinə bir dəqiqə ara verərər fikrə dalır.


Polad Məmmədov

un müharibə iştirakçısı olması haqda sənədi

Kiçik bir sükutdan sonra söhbətinə davam edir:

“Abxaziyada isə hər iki tərəfdən kimə istəsən rast gəlmək olardı. Məsələn, ermənilərə, yunanlara… cəbhə xəttinin hər iki tərəfindən rast gəlmək olardı, onlar faktiki bir-biri ilə vuruşurdu… Şimali Qafqazdan da çoxlu könüllü abxazlar tərəfdən vuruşurdu, aralarında bütün xalqlardan vardı, məsələn, çeçenlər, kabardinlilər… Rastlamadığım yeganə xalq inquşlardı. Amma çoxu da sonradan peşman olub, böyük siyasətin oyununda iştirakçı olduqlarına görə. Azərbaycanlılar haqda dəqiq əminliklə deyə bilərəm ki, bizimkilərin hamısı yalnız Gürcüstan üçün vuruşub, bu məsələlərin haradan gəldiyini çox gözəl anlayırdıq, çünki Azərbaycanın özü də belə bir təcavüzə məruz qalmışdı…


İlyas Rzayev

in Abxaziya müharibəsində göstərdiyi şücaət və igidliyə görə təltif edildiyi orden

O müharibədə işgəncə hallarına şəxsən mən rastlamamışam, çünki biz hamımız həqiqətən də bir torpağın övladları idik, bizimkilər də onlara əsir düşürdü axı. Amma yenə də müharibədir, anlayırsız da. Nələr olduğunu danışmaq, çatdırmaq mümkün deyil. Şükür ki, sağ qaldım, başımdan yaralansam da, dəfələrlə kontuziya alsam da… Müharibədən sonra Moskvada Frunze adına Hərbi Akademiyada təhsil aldım, peşəkar hərbçi oldum, mayor dərəcəsinə kimi yüksəldim.

2008-ci ildə Cənubi Osetiya münaqişəsi yenidən alovlanan kimi, könüllü olaraq Gürcüstan ordusuna qoşuldum, müharibənin 2-ci günü gəlib Qori şəhərində formalaşdırılan batalyona çatdıq. Lakin müharibədə iştirak edə bilmədik, rus ordusu böyük tərkibdə, aviasiyanın köməyi ilə işə qarışmışdı, bizimkilər itki verərək, mövqelərdən geri çəkilirdilər. Rus aviasiyası Qorini bombardman etdi, təəssüf ki, müqavimət göstərə biləcək qüvvələrimiz yox idi. İki gündən sonra da müharibə qurtardı.

Hazırda ehtiyatdayam, müharibə əlili təqaüdü alıram, 20 yaşlı oğlum Teymur Rzayev də gürcü ordusunda yenicə qulluq edib bitirib, bəlkə də peşəkar hərbçi oldu, atasının yolunu davam etdirdi… Mən həyatımı şərəflə yaşadım, Vətənə qulluq etdim, indi də nəsə baş versə, könüllü iştirak etməyə hazıram”.



ardı var

Ana səhifəXəbərlərKüləklə sovrulanlar