“Küləklə sovrulanlar” (Gone With the Wind) əsəri
amerikan yazıçısı Margaret Mitchell’in məşhur romanıdır.
Əsər 1936-cı ildə dərc olunmuş, Pulitzer Prize mükafatı alıb.
Əsərə eyniadlı film 1939-cu ildə rejissor Victor Fleming
tərəfindən səhnələşdirilib və dünya şöhrəti qazanıb.
Gürcüstanda 90-cı illərdə baş verən etnik münaqişələr zamanı yerli azərbaycanlıların bu müharibədə hansı qisimdə iştirak etdiyini aydınlaşdırmaq üçün Kvemo-Kartli bölgəsinə səfər etdik. Həmin səfər zamanı “Qeyrət” Xalq Hərəkatının rəhbəri, Gürcüstan vətəndaşı, 59 yaşlı
Əlibala Əsgərov
ilə görüşdük. İctimai xadım kimi onun da bu mövzuda fikirləri bizim üçün maraqlı idi:
“Bütün o hadisələrin canlı iştirakçısıyam. Azərbaycanlılar o müharibədə çox da aktiv iştirak etməyiblər. Bunun da səbəbi Gürcüstanda o zaman gedən proseslərdir. Çünki dövlətin özünün faktiki mövcudiyyəti yox idi, ordudan da danışmağa dəyməzdi, hamısı yenicə qurulurdu. Bütün bunlar bir kənara, 80-ci illərin sonunda hakimiyyətə gəlmiş o zamankı prezident Zviad Qamsaxurdiya çox səhv bir siyasi yol tutmuş, “Gürcüstan gürcülər üçün” şüarını bəyan etmişdi. Bununla da biz azərbaycanlıları, başqa etnik azlıqları qıcıqlandırmışdı. Mən separatizmə heç zaman haqq qazandırmaram. Amma belə siyasətin sonu nə olmalı idi ki?!
Təbii ki, Gürcüstan vətəndaşı kimi mən də vətəni qorumağa hər zaman hazıram. Amma abxazlarla müharibəyə başlayanda, şəxsən mənə doğru-düzgün bir izah edən olmadı ki, ora niyə getməliyəm və abxaza niyə güllə atmalıyam, hansı dövləti qoruyuram. Əgər bu dövlət, doğrudan da, o zamankı prezidentin dediyi kimi yalnız gürcülər üçün qurulan dövlət olmalıdırsa, onda həmin müharibədə mənim nə işim vardı?
O səbəbdən bizimkilər bu müharibədə çox da iştirak etmədilər. Tanıdığım bir neçə adam vardı, demək olar ki, hamısı polis sistemində çalışırdı. Hə, bir də
Yanvar
adında cavan bir oğlan idi, Marneulinin Gorarxlı kəndindən. Könüllü oraya getdi, vuruşdu və şəhid oldu. Onu Abxaziyadan gətirib Gorarxlının böyük qəbristanlığında basdırdılar”.
Vaqif Bayramov
(1961-2006)
1992-ci ildə Abxaziyada baş verəcək konflikt haqda keçmiş prezident Eduard Şeverdnadze hələ 27 iyulda danışmışdı. Heç bir ay keçməmiş – 14 avqusda Abxaziya muharibəsi başlandı. Bu müharibədə hərbi əməliyyatlar geniş şəkildə aparıldığı üçün yerli əhaliyə, bu ərazidə yaşayan insanlara çox böyük zərbə dəydi – onların uzun əsrlər məskən salıb yaşadığı yerlər viran edildi. Bu da, müharibə nəticəsində tədricən yaranan etnik nifrətlə birlikdə böyük bir qaçqın kütləsinin yaranmasını şərtləndirdi. Mübaribə nəticəsində yüzminlərlə mülki əhali, əsasən gürcülər evlərini və məskənlərini tərk etmək məcburiyyətində qaldı.
O zaman Gürcüstan vətəndaşı, Daxili İşlər Nazirliyinin zabiti, 31 yaşlı
Vaqif Bayramov
bu müharibədə iştirak etməyi özünə borc bildi.
Hazırda həyatda olmayan qəhrəmanın qızı, Qardabani sakini, 25 yaşlı Nunu Bayramova ilə söhbətləşdik. Ondan atasının döyüş yolu haqda danışmasını xahiş etdik.
“Biz əslən Marneuli rayonunun Sadaxlı kəndindənik. 90-cı illərdə ailəmiz Tbilisidə yaşayıb. Atam o müharibəyə gedəndə mən yenicə anadan olmuşdum, cəmi bir yaşım vardı. Nənəmin söylədiyinə görə, o müharibəyə getməyi könüllü qərara alıb. Nənəm də, anam da təbii ki, bunu heç istəməyiblər, çünki atam o müharibəyə gedəndə artıq üç uşaq atası idi, mən də dediyim kimi yenicə doğulmuşdum, körpə idim. Nənəmin xatırladığına görə, anam bunu etməməsi üçün ona çox yalvarıb-yaxarsa da, atam öz yolundan geri dönməyib, könüllü cəbhəyə yollanıb. Müharibəyə yollananda o, gənc olmasına rəğmən, artıq polis polkovnik-leytenantı olub”.
Qəhrəmanın döyüş dostu, 54 yaşlı mayor Givi Kveladzenin danışdığına görə, Abxaziyada bir əməliyyat zamanı bir neçə doyüşçü cəbhədə sursatsız qalıblar. Givinin nəqlinə görə, onların hər biri sadəcə tapançada bir tək güllə saxlayıbmışlar ki, əgər vəziyyət çox pis olsa, əsir düşməkdənsə, özlərini vursunlar. Bu vaxt Vaqif Bayramov rəisdən xahiş edib ki, ona sursat gətirmək üçün hərbi avtomobillə getməsinə icazə verilsin.
Təbii, o kritik vəziyyətdə bəlkə də hər kəs düşünüb ki, Vaqif bunu cəbhədən qaçmaq, sağ qalmaq üçün uydurub, amma yenə də qalanlarının xilasının son şansı kimi onun getməyinə icazə verilib. “Willys MB” hərbi maşınında tək-tənha qorxulu yola çıxan Vaqif, bir neçə saatdan sonra ağzınadək sursatla dolu bir maşınla geri gələ bilib və bununla da cəbhə dostlarını labüd ölümdən xilas edib.
Müharibədə döyüş yoldaşları ilə qəhramancasına çiyin-çiyinə vuruşan Vaqif Bayramov Gürcüstan dövlətinə qanı ilə sübut etdiyi sadiq xidməti, cəbhədə göstərdiyi vətənpərlik və igidliyə görə Qəhraman medalı ilə qiymətləndirilib. Vaqif Bayramov müharibədən sonra Daxili İşlər Nazirliyində qulluğunu davam etdirib, 1997-ci ildə isə Milli Təhlükəsizlik Nazirliyindən dəvət alıb və 1999-cu ilə qədər bu nazirlikdə çalışıb, göstərdiyi fəaliyyətə görə polkovnik dərəcəsinə qədər yüksəlib.
2006-ci ildə artıq 4 övlad sahibi, cəsur hərbiçi, polkovnik Vaqif Bayramov qəflətən ürək tutmasından dünyasını dəyşib.
Müharibənin necə bir faciə olduğu haqda çox deyilib, çox danışılıb, lakin bəşəriyyət bütün deyilənlərə kar, son yüzllikdə çəkilənlərə isə kor qalıb. Sonsuz zorakılığın və nifrətin təntənəsinin son ədalətə gətirəcəyi mif, hətta XXI əsrdə belə desakralizasiya edilmədi. Müharibə bir insan taleyinə daxil oldusa, daha heç bir zaman oradan çıxmır, buna milyonlarla misal var. Bu araşdırmanın aparıldığı bütün zaman ərzində, onlarla bu keçmiş müharibə iştirakçıları ilə söhbət edərkən, onların taleyini qələmə alanda keçirdiyim yegənə və dərin kədərli hiss qəlbimi çulğayırdı – Küləklə Sovrulanlar…