Rayonlararası nəqliyyat da bərpa edilir
Mayın 31-dən Azərbaycanda açıq məkanlarda maskanın taxılması tələbi ləğv olunur, o cümlədən metronun fəaliyyəti bərpa edilir.
Bu barədə mayın 25-də Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov açıqlama verib.
Şahmar Mövsümov bildirib ki, metronun fəaliyyətində müvafiq qaydalar qalacaq, yəni maska, məsafə gözlənilməlidir. Şahmar Mövsümov mayın 31-dən etibarən rayonlararası ictimai nəqliyyatın fəaliyyətinin də bərpa ediləcəyini, amma orada da xüsusi qaydaların qalacağını söyləyib.
O deyib ki, iyunun 10-dan ibadət yerlərinin, iri ticarət mərkəzlərinin, çimərliklərin fəaliyyətinə də icazə veriləcək:
"Amma müvafiq qaydalar tətbiq olunmaqla. Nəhayət, idman və sağlamlıq bərpa müəssisələrinin fəaliyyətinə də icazə veriləcək. Bu məsələdə bir xüsusiyyət var, Azərbaycanda hələ 10 faizə qədər əhali peyvənd olunub, bunları nəzərə alaraq COVİD pasport tətbiq olunacaq, iki sertifikat olacaq, birinci peyvəndləşməyə, ikinci isə xəstələnib sağalmış vətəndaşlara veriləcək. Bunların birini əldə edənlərə idman sağlamlıq obyektlərinə girişə imkan veriləcək. O cümlədən, gələcəkdə Covid-pasportu olan adamların konsertlərə, teatrlara, toylara və digər şənliklərə giriş imkanı olacaq.
Ş.Mövsümov bildirib ki, açılacaq ticarət və idman obyektlərinin işçilərinin 80 faizi iyulun 1-ə qədər peyvənd olunmayıbsa, onların fəaliyyəti dayandırılacaq.
"Ona görə də hər bir insana təcili peyvənd olunmağı tövsiyə edərdim. Yumşalmalar onu deməyə əsas vermir ki, pandemiya bitib, təbii ki, yoluxmalar artsa, yenidən məhdudlaşma olacaq", – Şahmar Mövsümov belə deyib.
TƏBİB-in təmsilçisi Yaqut Qarayeva deyib ki, Azərbaycanda son vəziyyət qadınlar arasında kişilərə nisbətən yoluxma sayının çox olduğunu göstərir:
"Yaş qruplarında 30-69 arasında insanlarda yoluxmalar artıb". O, 54 faiz yoluxmanın Bakı və Sumqayıtda olduğunu söyləyib:
"Binəqədi və Xətai rayonlarında yolxuma çoxdur, rayonlarda durum yaxşıdır".
Y.Qarayeva yanvarın 18-dən 2 milyona yaxın adamın peyvənd olunduğunu deyib:
"850 mindən çox ikinci dozanı tamamlayan vətəndaş var. Əhalinin sayına görə yetəri qədər vaksin var, yəni vaksin problemi yoxdur".
Azərbaycanda koronvirusun yayılması ilə əlaqədar məhdudlaşdırma tədbirləri 2020-ci ilin fevralın sonundan başlayıb. İlk olaraq fevralın 29-da İranla sərhədlər bağlanıb. Sonradan bu qayda Gürcüstan, Rusiya və Türkiyəyə də aid edilib.
Martın 4-dən ölkədə tədris müəssisələri qapadılıb. Martın 20-dən bir sıra dövlət təşkilatlarının əməkdaşları maaşları saxlanılmaqla bir aylıq ödənişsiz məzuniyyətə göndəriliblər.
2020-ci ilin aprelin 5-dən ölkədə tam karantin rejimi tətbiq edilib.