Küçə süpürən qadınlara qarşı ”ikiüzlülüyümüz”

Qar yağdıqca ən çox paylaşılan şəkillərdən, xəbərlərdən biri də küçələrdə özləri boyda kürəklərlə qar təmizləyən qoca qadınlar barədə informasiyadır.

Source:

Qar yağdıqca ən çox paylaşılan şəkillərdən, xəbərlərdən biri də küçələrdə özləri boyda kürəklərlə qar təmizləyən qoca qadınlar barədə informasiyadır. Bir çox məsələdə olduğu kimi bu məsələdə də biz əslində “ikiüzlü” davranırıq. Bu, sözün əsl mənasında ikiüzlülük deyil, sadəcə mahiyyətimizdən xəbərsiz davranmağımızdır.

Biz ani duyğusal reaksiya ilə bu mənzərənin qeyri-insani olması barədə nələrsə yazırıq. Amma bu yazmaqla da əsəb keçib gedir, vicdan sakitləşir və nəticədə heç nə etmirik. Məsələ burasındadır ki, bizi o qadınlara kömək etməkdən çəkindirən qorxu, qadağa yoxdur. Kimsə hesab etmir ki, onlara kömək edəni həbs edəcəklər. Həmçinin hakimiyyətin, dinin, mentalitetin və s.-nin elə bir qadağası yoxdur. Amma heç kim kömək etmir.

Niyə? Çünki biz bunu çox normal qəbul edirik. Səhər saat 4-5-dən taliban dövrünün əfqan qadınları kimi bürünüb küçələri süpürən, parkda skamyada oturub sevgilimizlə mazaqlaşanda ayağımızın altında bizdən qabaq tökülən tum qabıqlarını deyinə-deyinə təmizləyən, zibili əli ilə zibil qabına yığan, şaxtada əlindəki nəhəng kürəklərlə qar kürüyən, buz qıran xanımlar bizim üçün gündəlik, adi mənzərədir.

Biz buna adətən fikir vermirik, fikir verəndə də kədərlə, bu vəziyyətin səbəbkarlarına qarşı qəzəblə baxırıq və bir neçə dəqiqə sonra unuduruq. Çünki bu mənzərədə bizim altşüurumuza, mahiyyətimizə zidd nəsə yoxdur. Kitablardan insan hüquqları barədə oxumaqla mahiyyətimizi dərhal dəyişə bilmərik. Biz əslində o qadınlara verdiyimiz reaksiya qədər insan hüquq və azadlıqları konsepsiyasına sadiqik. Bu isə bir-iki status, şərh və bir neçə dəqiqəlik kədərdən başqa bir şey deyil.

Müqayisəni bizim üçün daha ağır mənzərə ilə aparsaq, aydın olar. Küçədə kimisə vəhşicəsinə döyülən görəndə nə edərik? Məncə, gücü çatan müqavimət göstərər, çatmayan da polisə şikayət edər ən azından. Çünki bu mənzərə bizim üçün normal deyil. Qəbul edə bilmirik və vəziyyətin aradan qaldırılması üçün nəsə edirik. Bəs qoca qadınların küçədə traxtorun görməli olduğu ağır işi görməsi barədə niyə bunu etmirik?!

Nə edə bilərik? Hələ ki, hər şey tükənməyib. Əlbəttə, təqsir hakimiyyətdədir. O qadınların işsiz qalması özləri üçün faciəvi ola bilər. Amma işləyəndə də belə ağır vəziyyət yaranır. Deməli, sistem dəyişməli, sosial təminat yenidən qurulmalı, korrupsiya aradan qaldırılmalı və bütün bunlar üçün demokratiya olmalı… bir sözlə, hazırda bu variant mümkün deyil. Amma digər variant da var – sosial şəbəkələrdə israrla həlli tələb olunan problemlərə hökumət tərəfindən reaksiya verilməsinə az şahid olmamışıq. Sosial şəbəkələrdən başqa real olaraq da israr edə bilərik. Deputat bizə söyüş söyəndə dərhal telefon nömrəsini tapıb çoxlu mesaj yazırıq, nömrəni bağlamağa, üzr istəməyə məcbur edirik. Bunu Əmək və Əhalinin Sosial Müdafiə nazirinə niyə etmirik? Bu qadınlarla bağlı rüsvayçı vəziyyət “otxod” sözündən daha ağır deyilmi bizim üçün?

Məncə deyil. Biz bunu daha ağır qəbul etsə idik, çoxdan reaksiya vermişdik. Camaat söyüşə görə üsyan edib, icra başçısını devirir. Amma bu qoca qadınların küçələrdə texnika əvəzinə işlədilməsi bizi o qədər də narahat eləmir. Açar nöqtə burdadır. BİZ BUNDAN NARAHAT OLMURUQ. Olan-qalan narahatlığımız da status, şərh yazmaqla keçir.

Əslində etiraz olunmalı, içimizi yandırmalı çoxlu belə hadisə var ki, bizim üçün normal bir şeydir. Məsələn, küçədə balaca uşaqların diləndirilməsinə qarşı nə edirik? Mən kiminsə nəsə etməsini xatırlamıram. Hər gün yanlarından keçirik. Pul da veririk hətta. Sonra gedib hansısa konfransda və ya sosial şəbəkədə insan hüquqlarından danışırıq. Bu məsələdə özüm-özümdən utanıram. Neftçilərdə hər gün 3-5 yaşlı dilənçilərin, özü də zorla diləndirilən uşaqların yanından keçib metroda “Facebook”-a insan hüquq və azadlıqları ilə bağlı status yazmışam, Suriyada, Myanmada, Türkiyədə, ABŞ-da, Avropada insan hüquqları pozuntularına etiraz etmişəm. Ayıbdır. Sən ayağının dibindəki biabırçılığı görmürsən, ona etiraz etmirsən, bir idarəyə baş çəkib “ay müəllim, ay rəis, buna bir çarə” demirsən, amma durub Amerika hindularının neft borusuna qarşı etirazından ağız dolusu status yazırsan. Budur bizim “ikiüzlülüyümüz”.

Ana səhifəMənim FikrimcəKüçə süpürən qadınlara qarşı ”ikiüzlülüyümüz”