KTMT qüvvələrinin Qazaxıstanı tərk etdiyi bildirilir

Qazaxıstan-KTMT, Mənbə: https://ru.sputnik.kz/

Almatıda onların yola salınmasına həsr olunmuş tədbir təşkil edilib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT ) qüvvələri Qazaxıstanı tərk edirlər. Bununla bağlı Almatıda KTMT qüvvələrinin yola salınmasına həsr olunmuş tədbir keçirilir.

Məlumatı “Sputnik-Qazaxıstan” yanvarın 13-də yayıb.

Bildirilir ki, KTMT qüvvələrinin müvəqqəti qərargahı Almatıdakı Quru Qoşunlarının Hərbi İnstitutunun ərazisindədir:

“Hərbçilərə bildirilib ki, Qazaxıstan xalqı müasir tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində terrorizm və ekstremizmin qlobal təzahürü ilə üzləşib. Ermənistan, Belarus, Qırğızıstan, Rusiya və Tacikistandan olan hərbçilər qardaşlıq yardımı göstərmək üçün Qazaxıstana gəliblər. Onlar ölkədə konstitusiya quruluşunun bərqərar olmasına və strateji əhəmiyyətli obyektlərin qorunmasına kömək etdilər”.

Eyni zamanda vurğulanıb ki, görülmüş tədbirlər nəticəsində qısa müddətdə beynəlxalq sülhməramlı kontingentə həvalə edilmiş sülhməramlı əməliyyatın tapşırıqları yerinə yetirilib:

“Qazaxıstan rəhbərliyi sülhməramlı kontingentin çıxarılması və onun ixtiyarına verilməsi barədə qərar qəbul edib”.

Qazaxıstanda KTMT-nin 2300 (3600-dən) sülhməramlısı və 250 texnikası var. Onlar Nur-Sultan, Almatı və Almatı vilayətində yerləşdirilib.

Qazaxıstanda yanvarın 2-də sosial tələblərlə başlanan etirazlarda bugünə olan məlumata görə 3 uşaq olmaqla 164 nəfər ölüb.

Bu səbəbdən yanvarın 6-da prezident Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın hərbi ittifaqı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib.

Bundan sonra əksəriyyəti Rusiya hərbçilərindən ibarət qüvvələr Qazaxıstana göndərilib.

Ana səhifəDünyaKTMT qüvvələrinin Qazaxıstanı tərk etdiyi bildirilir