Kristin Kiler – Britaniyada dəyişikliyə səbəb olmuş casus qadın

Profümonu isə Tetçerin 70, kraliçanın 100 illiyinə dəvət etdilər

Source: meydan.tv


(ikinci hissə)


“Kristin indiyə qədər gördüyüm qadınların ən gözəliydi. Onunla rastlaşan bütün kişilər onu arzulayırdılar, arzulamayanlarsa cəzalandırmaq istəyirdilər. Kristinin etdikləri, doğrudanmı, bu qədər dəhşətlidir? Onda Kristinin cəmi 19 yaşı vardı, hansı işlərə bulaşdığının fərqində belə deyildi. Kişilərsə nə etdiklərini bilirdilər və buna baxmayaraq indi Profümo müqəddəs biri kimi xatırlanır”.



Ketrin Kun, rəssam

Con Profümodan ayrılandan sonra Kristin Kiler caz təbliğatçısı Conni Edckomb və cazmen Laki Qordonla münasibətdə olur. Bu şəxslər Kristini bir-birinə qısqanırlar, hətta o dərəcədə ki, 1962-ci ilin oktyabr ayında Eckomb Qordonun üzünü bıçaqla yaralayır. İki ay sonra bu şəxs daha bir insident törədir, bu dəfə odlu silahla: görməyə getdiyi Kristin qapını onun üzünə açmayanda evi atəşə tutur. Kiler və Profümo arasındakı münasibətlər də elə bu hadisə səbəbiylə – Edckomb həbs ediləndən sonra üzə çıxmağa başlayır. Çünki həmin gündən etibarən Kristin və Stiveni ifadə vermək üçün tez-tez polis idarəsinə çağırırlar. Kilerin şəxsi həyatı haqqında getdikcə daha çox şey üzə çıxır, çoxsaylı şahid ifadələri toplanır.

Bu qalmaqal Kilerə böyük populyarlıq qazanadırır, məşhur fotoqraf Luis Morli tərəfindən çəkilən şəkillərindən biri Londondakı Milli Portret Qalereyasında sərgilənir (Sonrakı illərdə Kristinin həyatına həsr olunmuş “Qalmaqal” filmi və bir müzikl çəkilib).

Özünə marağın artmasından yararlanmaq istəyən Kristin öz tarixçəsini qəzetlərə satmaq fikrinə düşür. Məhkəməyə verilmək təhlükəsinə görə onlardan yalnız ikisi – “Sunday Mirror” və “News of the World” buna cəsarət edir. Amma ikincisi ödəniş şərtlərini qəbul etmədiyi üçün Kiler birinciyilə razılaşır (200 funt sterlinq avans, 800 funt sterlinq də məqalənin dərcindən sonra). Onun qəzetə təqdim etdiyi sənədlər arasında Profümonun “Əzizim..” sözüylə başlayan məktubu da vardı. Nazirin vəkilləri Kileri fikrindən daşındırmağa çalışanda qızın tələb etdiyi məbləğ o qədər böyük olur ki, vəkillər onu şantaj ittihamıyla məhkəməyə vermək variantını müzakirə edirlər. Uord qəzetlə əlaqə saxlayıb bildirir ki, Kiler çox şeyi uydurub, material dərc olunacağı halda həm özü, həm də digərləri məhkəməyə müraciət edəcəklər. Bu təhdiddən sonra “Sunday Mirror” geri çəkilir. Ancaq Kiler avansı geri qaytarmır.

1963-cü ilin aprel ayında dostunun evində ona hücum olur. Kristin baş verənlərdə Qordonu günahlandırır, məhkəmədə keçmiş sevgilisinin əleyhinə ifadə verir və bu, cazmenin 3 il müddətinə azalıqdan məhrum edilməsiylə nəticələnir.

Artıq mətbuat Kiler haqqında yazmağa başlamışdı deyə Qordonun məhkəməsi başlayan gün (5 iyun) Profümo eskort qızla intim münasibətdə olduğunu, nəhayət ki, etiraf edərək istefa verir ( Bir il sonra keçirilən parlament seçkilərində konservatorlar leyboristlərə uduzacaq və məğlubiyyətin əsas səbəblərindən biri də bu qalmaqal hesab olunacaqdı).

İyunun 21-də Baş nazir Makmillian Profümo haqqında yayılan şaiyələri araşdırmağı İngiltərə və Uels Apelyasiya Məhkəməsinin sədri Tom Denninqə həvalə edir. Həmin günlərdə Uord da məhkəmə qarşısına çıxarılır: onu sutenyorluqda – 21 yaşına çatmamış qızları (Kiler və Mendi Ray-Devisi) fahişəliyə cəlb etməkdə və onların qazandığı pullar hesabına yaşamaqda ittiham edirlər (Halbuki Stiven Uord kifayət qədər gəliri olan biriydi). Bu işdə də əsas şahid rolunda Kristin çıxış edir. Girov müqabilinə azadlığa çıxan Uord andlılar hökmü hələ təsdiqləməmiş əvvəl yuxu dərmanı içərək intihar edir.

T.Denninqin böyük maraqla gözlənən hesabatı sentyabrın 26-da dərc edilir. Sənəddə qeyd olunur ki, heç bir informasiya sızıntısına yol verilməyib, təhlükəsizlik xidmətləri və nazirlər lazımi qaydada fəaliyyət göstəriblər. Parfümonu isə Denninq sadəcə “ehtiyatsızlıqda” günahlandırır. O, əsas günahkarın “tamamən əxlaqsız adam” olan Uord olduğunu vurğulayır. Ancaq çoxluq hesabatdan narazı qalır, hətta yazıçı və tarixçi Riçard Davenport-Hayns bu hesabatı bəsit, biabırçı və ittihamçı sənəd adlandırır.

Kristin Kilerə qarşı məhkəmə prosesi də sentyabr ayında başlayır. Onu Qordona qarşı yalan ifadə verməkdə ittiham edirlər. Vəkili Ceremi Hatçinsonun sözlərinə görə, prosesdə “emosiyasız, yorğun və məğlub” səslə danışan Kristi iki ay sonra günahını etiraf edir, 9 aylıq həbs cəzası alır, ancaq 4,5 aydan sonra azad olunur (1964).

****

1965-ci ildə Ceyms Liver adlı şəxsə ərə gedən və bir oğlu dünyaya gələn Kiler 1966-cı ildə ondan boşanır. İkinci dəfə (1972) o, Entoni Platt adlı şəxslə ailə qurur, yenə bir oğlu olur, ancaq bu izdivac da cəmi bir il davam edir (Kitablarından birində Kiler Profümodan da hamilə qaldığını və ancaq o uşağı dünyaya gətirmədiyini yazıb). Həmin illərdə müsahibələri üçün aldığı pulların çoxunu Kristin vəkillərə xərcləyirdi, maddi vəziyyəti acınacaqlıydı, ona görə də böyük oğluna anası baxırdı.

“Həbsdən çıxandan sonra mən haralarda işləmədim ki! Kimyəvi təmizləmə şirkətində işlədim, reklam agenti oldum, qabyuyan oldum..” – həmin dövrdəki çətinliklərini Kristin sonralar belə təsvir edəcəkdi.

O, heç sonrakı illərdə də rahat yaşaya bilmir. Başına gələnlərdən sonra Kristin insanlardan qorxmağa başlamışdı və bu hiss keçib-getmək bilmirdi, ona elə gəlirdi ki, bütün dünya onu izləyir. Əslində, haqsız da sayılmazdı – telefon nömrəsini və elektron poçt ünvanını elə-hey dəyişdirməsinə baxmayaraq jurnalistlər Kristini axtarıb tapır və hətta tapmayanda da “Parfümo işi” haqqında yazmağa davam edirdilər.

“Bu gün – yeni yüzillikdə də radio, televiziya və qəzetlər hər gün mənim adımı hallandırmaqda davam edirlər. Bu azmış kimi, haqqımda ağlasığmaz şayiələr dolaşır. Məsələn, guya mən Ağ Evdə Kennedinin də qatıldığı seks məclislərində iştirak etmişəm və Mata Hari kimi bir şey olmuşam”, – Kiler “Sirlər və yalan” kitabında belə yazıb.

****

Kristin Kiler ömrünün qalan hissəsini sanki ancaq bir məqsədə həsr edib – siyasətçilər və onlara xidmət edənlər sayəsində həyatının alt-üst olaraq sirlərə və yalanlara bulaşdığını sübut etməyə. Bioqrafiyasına yeni əlavələr edib təkrar-təkrar dərc etdirməsinin əsas səbəbi də, böyük ehtimal, məhz bu olub. Başqalarının əlində oyuncağa çevrilməsinə qəzəbi və incikliyi illər sonra da keçmiş olmamalıydı ki, ürəyindən üzünə “köçmüş” əzab hələ 50 yaşındaykən onu 70 yaşlı birinə oxşatmışdı.

Ömrünün sonlarına doğru Kristin Kiler sərt və inadkar birinə çevrilmişdi. Səbəbini bu sözlərdən təxmin etmək olar:

“Mən istəyirdim ki, insanlar yanımda olsunlar, yanımda.

Problem onların mənə münasibətindəydi.

Onlar məni istəyirdilər – onlar Kristin Killerlə yatmaq istəyirdilər.

Onlar mənimlə romantik münasibətlər qurmaq istəmirdilər.

Mən öyünmək üçün başqalarına göstərilə biləcək seksual “döyüş” qənimətiydim, amma məni evə – anasına göstərməyə aparan yoxuydu”, – jurnalist Topmson Duqlas Kristin Kilerin ona belə dediyini yazır ( “The Telegraph” qəzeti, 6 dekabr 2017).

Duqlas həmçinin qeyd edir ki, Londonda yaşadığı dövrdə Kiler bir küçə pişiyini yemləyirmiş və onu ac qoymamaq üçün heç vaxt başqa yerdə gecələmirmiş.

****

Həyatının son illərini Kristin Kiler Kentdə, tək (daha doğrusu, pişiyilə birlikdə) yaşayıb.

5 dekabr 2017-ci ildə oğlu Seymur Platt onun Bromlidəki Kraliyyət Şahzadə Universitetinin hospitalında xroniki ağ ciyər xəstəliyindən (nəfəs çatışmazlığından) vəfat etdiyini açıqlayıb. Kristin Kileri Qərbi Londondakı Kensal məzarlığında dəfn ediblər.

“Profümo işi”nin digər “qəhrəmanlarından” biri – “KQB” agenti Yevgeni İvanov ondan xeyli əvvəl – 1994-cü ildə vəfat etmişdi. Qalmaqal təhlükəsinə görə sovet hökuməti tərəfindən geri çağırılan İvanov Britaniyanı hələ 1963-cü ilin yanvarında tərk etmiş, sonrakı illərdə “Profümo işi”nin daha detallı təsvir olunduğu “Lüt casus” kitab-memuarını yazmışdı.

1992-ci ildə “The Sunday Times” qəzeti bu kitabı dərc etməyə başlayanda Profümonun vəkilləri məhkəmə təhdidiylə bəzi hissələrin mətndən çıxarılmasına nail olurlar.

2015-ci ildə Kembric Universitetinin professoru Conatan Haslam memuarın rus dilindəki nəşrini araşdıraraq aşkar edir ki, Profümo və İvanov arasında bilindiyindən daha yaxın münasibət olub – “KQB” agenti Britaniyanın hərb nazirinin evinə gedib-gəlib və hətta nazirin kabinetində çox məxfi sənədlərin şəklini də çəkib, onların arasında Amerikanın “X-15” casus təyyarəsinin texniki xüsusiyyətlərinə və ABŞ-ın taktiki nüvə silahına aid sənədlər də olub (“The İndependent”, 14 avqust 2015).

Y.İvanov Britaniyadan qayıdandan sonra da xüsusi xidmət orqanlarında fəaliyyətini davam etdirib, Londondakı eşq macəralarından xəbər tutan arvadı ondan boşandığı üçün Kristin kimi İvanov da ömrünü tək başa vurub.

İstefasından sonra bir daha siyasətə və yüksək postlara qayıtmayan Con Profümonun sonrakı həyatını isə xeyli uğurlu hesab etmək olar – arvadı onu bağışlayıb (ola bilsin, ciddi səhvini – İvanovu ərinin kabinetində tək qoyub çıxmasını kompensasiya etmək üşün), xeyriyyə təşkilatında işə başlayaraq qurumun prezidenti vəzifəsinə qədər yüksəlib, 1975-ci ildə Britaniya imperiyası ordeniylə mükafatlandırılıb, Marqaret Tetçerdən “milli qəhrəman” tərifini eşidib, onun 80 illik yubileyinə, kraliçanınsa 100 illiyinə dəvət olunub və öz yüzilliyinə cəmi 9 il qalmış vəfat edib (2006).

“Sirlər və yalan” kitabında Kristin Kiler keçmiş məşuqları haqqında düşündüklərini belə rezüme edib:

“Yevgeni İvanovu “Lenin” ordeniylə təltif ediblər. Axı, o, Britaniya hökumətini nüfuzdan sala bilmişdi. Makmillian istefa verməyə məcbur olmuş, mühafizəkarları leyboristlər əvəz etmişdilər. Bu, Yevgeni üçün bir triumf idi.

135765_profimedia0210122840_ls.jpg
Kristin Kiler

1993-cü ildə “Daily Express” qəzeti bizim görüşümüzü təşkil etmək qərarına gəlmiş və məni Moskvaya göndərmişdi.

Yevgeni məni qucaqlayıb öpdü, bir qutu rus konfeti verdi. Biz Qızıl Meydanda gəzməyə başladıq. 67 yaşlı bu adam hələ də araq içməyi sevirdi. Amma artıq kökəlmiş və saçları ağarmışdı, bir vaxtlar yatağımda uzanan o nəhəg ayı artıq yoxuydu. Təəccüblüdür ki, həyatımda o qədər böyük rol oynamış bu kişini çox az tanıdığımı mən ancaq onda anladım.

Yevgeni etiraf etdi ki, arvadına xəyanət etdiyi üçün özünü günahkar sayır. Arvadı bunu eşidən kimi çıxıb getmişdi və o, daha evlənməmişdi. Yevgeni yaşadığı mənzili mənə göstərməkdən utanan, sadəcə “çox kasıbam” deməklə kifayətlənən tənha və bədbəxt bir insanıydı. Uğrunda casusluq etdiyi ölkə dağılmışdı, tarixə qovuşmuşdu, hərbi-dəniz qoşunları zabiti forması geymiş o yaraşıqlı sovet agenti kimi.

Bir il sonra o öldü.

Profümonun arvadı Valeri isə 81 yaşında – 1991-ci ildə vəfat etdi. O vaxt əri Valeriyə qarşı çox qəddar davranmışdı! O, çox yaxşı aktrisaydı, Britaniya kinosunun ulduzu sayılırdı, ancaq onu yalnız məlum seksual qalmaqala görə yada salırdılar.

Profümonu isə Tetçerin 70, kraliçanın 100 illiyinə dəvət etdilər. O, Britaniyanın yüksək dairələrindəki mövqeyini qoruyub saxladı.

Stiven Uord özünü yuxu dərmanıyla zəhərlədi və heç xəbəri də olmadı ki, məhkəmə onun məndən də qazanc götürən sutenyor olduğuna hökm verdi. Onun casus olması barədəsə bircə kəlmə də deyilmədi. Halbuki polis idarəsində də, digər rəsmi şəxslərlə görüşdə də mən Stivenin kim olduğunu danışmışdım. Hakimiyyət bu informasiyanı blokladı.

Mənsə ancaq sağ qala bildim və bundan artığına ümid edə bilmərəm”.

Gözləri həmişə kədərli olan, sanki əbədi bir tövbə ovqatında yaşayan və özünü xoşbəxt həyata layiq bilməyən Kristin Kiler məğlubiyyətinin səbəbini ömrünün sonlarında belə ifadə etmişdi:

“Hətta cinayətkar da yeni həyata başlamaq haqqına sahibdir, ancaq onlar mənim buna haqqım çatmadığını düşünürdülər. Onlar məni fahişə adlandırmaqdan heç vaxt vaz keçmədilər” (“The Telegraph”, 6 dekabr 2017)

Ana səhifəXəbərlərKristin Kiler – Britaniyada dəyişikliyə səbəb olmuş casus qadın