Rusiyanın İstintaq komitəsi Krım yarımadasının Kerç şəhərində kollecdə baş verən
partlayışla
bağlı cinayət işinin təsnifatını “Terror aktı” maddəsindən “İki və daha artıq insanın ümumi təhlükəli üsulla öldürülməsi” maddəsinə dəyişib.
Bu barədə İstintaq komitəsinin saytında
məlumat verilib
.
Məlumatda qeyd edilir ki, hadisəni törədən, kollecin 4-cü kurs tələbəsi, 18 yaşlı Vladislav Roslyakovun meyiti ikinci mərtəbədə olan kitabxanadan tapılıb.
Lenta.ru saytının verdiyi xəbərə əsasən, müstəntiqlər hadisənin xronologiyasını tərtib etməyə
başlayıblar
.
İlkin versiyalara görə, hər şey saat 12:20-də, böyük fasilə zamanı baş verib. V.Roslyakov yeməkxanaya daxil olaraq, içərisində partlayıcı qurğu olan çantasını qoyaraq, oradan çıxıb.
Qapıdan müəyyən məsafəyə çəkilən gənc əlində olan bağlamanın içindəki silahı çıxarıb, partlayıcı qurğunu işə salaraq, ətrafdakılara atəş açmağa başlayıb.
Yaranan panikadan istifadə edən V.Roslyakov ikinci mərtəbəyə qalxaraq, kollecin təhsil üzrə direktor müavinini və müəllimlərdən birini iş otaqlarında axtarıb taparaq, onlara sərrast atəş açıb. Şahidlərin dediklərinə görə, atəş zamanı V.Roslyakov panikanın artması üçün bir neçə pirotexnik vasitədən də istifadə edib.
V.Roslyakov 20-ə yaxın atış açıb və sonra özünü kitabxanada öldürüb. Onun meyitinin yanında silah və bir neçə patrondaş tapılıb.
İlkin məlumatlara əsasən, yaxşı oxuyub, amma yoldaşlarının heç biri ilə yaxın əlaqəsi olmayıb. Onun hərəkətinin motivləri bəlli deyil.
Onun yaşadığı evdə axtarış aparılır. Müstəntiqlər V.Roslyakovun kompyuter və alətlərini götürüblər. İstintaqdan Lenta.ru-ya bildiriblər ki, hadisənin terror olması, onun arxasında terrorçu qrupların dayanmaları ilə bağlı məlumat yoxdur.
İstintaq komitəsinin məlumatına əsasən, hadisə nəticəsində 18 nəfər ölüb, 74 nəfər yaralanıb.