Kreml üçün “ölüm fərmanı”

Yazar: Seymur Həzi

Seymur Həzi, Foto:: Meydan TV

Elizabet Trass Rusiyanın BMT TŞ, ATƏT və G-20 dən çıxacağına işarə etdi

Böyük Britaniyanın xarici işlər naziri Elizabet Trass (Elizabeth Truss) tarixi çıxış edib.
O, 2022-ci ilin 28 aprelində Britaniya parlamentində yeni dünyanın ştrixlərini cızıb. Trass sivil dünyanı gözləyən təhdidlər, onların tarixi siyasi kökləri, günümüzdə davam edən Ukrayna müharibəsi və onun ehtimal olunan nəticələrini təhlil edib. Bu təhlil kontekstində yeni dünya düzəninin necə olacağını da açıqlayıb.

Putin tək deyil

Çıxışının əvvəlində Elizabet Trass xatırladıb ki, üç il əvvəl Vladimir Putin Qərb liberalizminin öldüyünü bəyan edib, onun ardınca isə Çin lideri Çi Qərbin tənəzzülə uğradığını vurğulayıb. Putinin ardınca Çin liderinin adının açıqlanması bu günlərdə təsadüfi sayıla bilərmi? Əlbəttə ki, xeyr. Çünki bunun bir neçə səbəbi var:

Birincisi ona görə ki hazırda heç bir siyasətçi təsadüfən başqa bir liderin adını Putinə yanaşı çəkmir. Bu, təkcə siyasi baxımdan deyil, həm də psixoloji baxımdan da mümkün görünmür. Çünki indiki məqamda Putinlə o liderlərin adı qoşa çəkilir ki, bu savaşın paralelində, ya da savaşdan sonra onun haqqında hansısa planlar var. Məsələn, savaşın gedişində Belarus belə planların subyektinə çevrilən ölkələrdən biridir.

İkincisi isə biz ABŞ Prezidenti Baydenin Çinlə bağlı açıqlamalarını xatırlaya bilərik. Bayden bildirmişdi ki, Çin liderinə Rusiyaya dəstək verəcəkləri halda onları nə gözlədiyini deyib, o da anlayıb. Sonuncu xatırlatma məhz ona xidmət edir ki, Çİ Plinin adı Qərb liderlərinin dilinə təsadüfəm düşməyib və onun “Qərb tənəzzülə uğrayıb” ifadəsi də təkcə bir təsvir və ya “təsbit” deyil, həm də dünyaya dair siyasi iddiadır. Bu baxımdan da xanım Trassın tarixi çıxışında ikinci isim kimi Çin liderinin adının keçməsi bizim üçün mübarizənin yol xəritəsində xüsusi aydınlaşma olmalıdır.

Putin uğur qazanarsa…

Xanım Trass sonra davam edir ki, Ukraynanın taleyi tükdən asılıdır və Putin uğur qazanarsa, Avropanı fəlakətlər, dünyanı izdirablar gözləyir. Bu, əslində Rusiyanı ön cəbhədən geri oturtmuş tərəfin əsas oyunçularından birinin ifadəsi kimi təəccüblü görünür. Bu çıxışı Rusiya Kiyev ətrafında olarkən etsəydi, Britaniyanın baş diplomatını başa düşmək olardı.

İndi təxminən 70 minə yaxın şəxsi heyəti sıradan çıxarılmış rus ordusunun uğur qazanmasından niyə danışılsın ki? Çünki məhz Britaniyada aydın qiymətləndirilir ki, baş verənlər arxayınlığın nəticəsidir. Bundan sonra isə arxayın olmaq olmaz. O başa düşür ki, bəşəriyyət növbəti belə səhvin nəticələrini qaldırmağa mənəvi baxımdan hazır deyil. Ona görə də cəhdləri iki dəfə də artırmağı təklif edir. Üstəlik, Qərbin hazırki birliyindən də narazıdır və daha monolit bir performansın vaciblinin altını cızır.

BMT, ATƏT və Böyük 20-lər

Xanım Trass deyir ki, BMT-də Rusiyanın veto hüququ qapalı sistemlər üçün yaşıl işıq fürsətidir. Bununla razılaşmamaq mümkün deyil. Üstəlik, ATƏT nəzdində bir sıra hərbi və mülki anlaşmalara dırnaqarası yanaşan Rusiya, demək olar ki, təhlükəyə çevrilib.

Qeyd edim ki, Azərbaycanda Rusiya hərbi kontingentinin yerləşməsi də istər BMT, istərsə də ATƏT-in təməl prinsiplərinə ziddir. Bu baxımdan Rusiyanın artıq beynəlxalq nizamın qurucuları və qoruyucuları arasında olması mümkün görünmür.

“Biz dəstəyimizi iki dəfə artırmalıyıq”, “Bu müharibə bizim müharibəmizdir” ifadələri isə açıq şəkildə Putinə və onun konyukturasına heç bir haqq tanınmayacağını bəyan edir.

Ana səhifəMənim FikrimcəKreml üçün “ölüm fərmanı”