Politoloq İlqar Vəlizadə hesab edir ki, Rusiya bu üçbucaqda şərti olaraq münasibətlərin tənzimlənməsini istəyir
Türkiyə-Ermənistan əlaqələrinə problem yaradan Rusiya bu dəfə fərqli açıqlama yayıb. Şimal ölkənin XİN başçısı Sergey Lavrov bir neçə gün əvvəl “Moskva ona imkan yaradacaq ki, Türkiyə və Ermənistan arasında əməkdaşlığın inkişafı haqqında imzalanan bütün sənədlər icra olunsun. Biz çalışırıq ki, erməni-türk münasibətləri normallaşsın və nəticədə Dağlıq Qarabağ münaqişəsi həllini tapsın. Bununla, həm də Ermənistan-Azərbaycan əlaqələri normallaşacaq. Biz bunun üçün əlimizdən gələni edirik” açıqlaması maraqla qarşılanıb.
Cənab Lavrov onu da əlavə edib ki, Rusiya bir neçə il əvvəl Ankaranın və Irəvanın təşəbbüsünü – sərhədlərin açılması haqqında sənədlərin imzalanmasını və əməkdaşlığın inkişafı prosesini dəstəklədi. “Təəssüf ki, sənədlər imzalandı, amma icra mərhələsində dayandı. Türkiyə parlamenti sənədi ratifikasiya etmədi. Amma biz fəal çalışacağıq ki, bu, baş tutsun”.
Ancaq maraqlıdır ki, XİN başçısı Ermənistanın da razılaşmanı parlamentə göndərməməsinə toxunmayıb və bununla bir daha İrəvana dəstəyini nümayiş etdirib.
Rusiya XİN rəhbərinin açıqlamasını Meydan TV-yə şərh edən politoloq İlqar Vəlizadə hesab edir ki, artıq Lavrov da Türkiyə-Ermənistan münasibətlərinin Dağlıq Qarabağ problemi ilə əlaqəli olduğunu hiss edir: “Əks təqdirdə, Rusiya XİN başçısı Dağlıq Qarabağ münaqişəsini bu kontekstdə dilə gətirməzdi. Deməli, Rusiya bu proseslərin ayrı-ayrılıqda çətin ki, davam edəcəyini başa düşür”.
Ancaq politoloq Ermənistan-Türkiyə sərhədlərinin açılması və Rusiyanın bu məsələyə yanaşmasında ziddiyyətlərin də olduğunu düşünür:
“Bir tərəfdən Kreml qaz sazişləri ilə əlaqədar Ankaranın vacib tərəfdaş olduğunu anlayır, yəni strateji müttəfiq də olmasa, Türkiyə Rusiya üçün strateji tərəfdaşa çevrilir. Strateji tərəfdaşlıq isə uzun müddətli proqramdır, çünki qaz layihələri 10 illikləri nəzərdə tutur. Amma Ermənistan da Rusiyanın müttəfiqidir və hər dəfə Ankara-Moskva münasibətləri inkişaf edəndə İrəvan narahat olur. Ona görə Rusiya bu üçbucaqda şərti olaraq münasibətlərin tənzimlənməsini istəyər. Eyni zamanda, Kreml başa düşür ki, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması Qərbə də maraqlıdır. Bununla Qərb bu rıçaqdan istifadə etməklə Ermənistana təsirini gücləndirər. Bax, Rusiya bir qədər çəkinir, Lavrovun bəyanatındakı ziddiyyətlər bu məqamdan irəli gəlir. Hələlik Rusiya öz mövqeyini özü üçün tam aydınlaşdıra bilməyib”.