İqor Xovayevin Bakıdan sonra Yerevana gedəcəyi bildirilir
Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini müzakirə etmək üçün Bakıda olduğu deyilir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova fevralın 14-də brifinqdə deyib.
Onun szölərinə görə, İqor Xovayev regiona səfərini davam etdirəcək və yaxın vaxtlarda Yerevana gedəcək:
“Dostluq şəraitində, tərəfdaşlıq şəraitində bütün detalları müzakirə edəcək ki, bu təmaslar dövlətlərin xeyrinə həyata keçirilsin”.
Qeyd olunub ki, sülh müqaviləsi üzrə danışıqlarda ciddi maneələrdən biri də sərhədin ümumi hissəsinin demarkasiyası məsələsidir:
“Yerevan təkid edir ki, 1991-ci il Alma-Ata Bəyannaməsi sərhədlərin delimitasiyası üçün siyasi əsas olmalıdır. Ermənistan hakimiyyətinin fikrincə, SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 1974-1990-cı illərdəki xəritələrindən istifadə edilməlidir”.
Zaxarovanın sözlərinə görə, Moskva və Bakı Rusiya sülhməramlılarının Qarabağda olması və oradakı erməni əhalisinin geri qaytarılması məsələsi ilə bağlı yeni təmaslar hazırlayır.
“Rusiya sülhməramlı kontingentinin təfərrüatları ilə bağlı növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir. Bu sahədə dialoqumuz müntəzəm xarakter daşıyır və konstruktiv şəkildə qurulub. Müzakirə olunan məsələlər arasında erməni əhalisinin Qarabağa lazımi səviyyədə təmin olunmaqla qayıtması da var: onların hüquqları və təhlükəsizliyi, birgə patrulların təşkili, mədəni, tarixi və dini irs abidələrinin mühafizəsi”, – deyə Zaxarova qeyd edib.
Fevralın 10-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin demişdi ki, Qarabağ erməniləri bölgəyə dönmək istəsələr, Moskva onların təhlükəsiz şəkildə qayıtmasına kömək etməyə hazırdır:
“Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti bölgəni tərk edib. Bu, onların çətin, lakin könüllü seçimi idi. Bu baxımdan, geri qayıtmaq istəyənlərin hüquq və təhlükəsizliyini lazımi qaydada təmin etməklə, geri qayıtmaqlarına şərait yaratmaq vacibdir”.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində bildirmişdi ki, sülhməramlı kontingenti bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılma mərhələsindədir.
Ona cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə demişdi ki, 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal hərbi əməliyyatından sonra sülhməramlı kontingentin gündəlik fəaliyyəti, onların müxtəlif ehtiyacları ilə bağlı mütəmadi görüşlər keçirilməsi və müzakirələr aparılması ehtiyacı yaranıb:
“Bununla yanaşı, sülhməramlıların yerləşdiyi ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən son 3 il ərzində genişmiqyaslı minalanma fəaliyyəti aparıldığı və ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur”.
10 noyabr 2020-ci il bəyanatına əsasən, Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanda qalma müddəti 2025-ci ildə yekunlaşır.
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.
2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.
Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.