”Kreml daim sülhməramlılar məsələsini gündəmdə saxlayır”

cnə əsasən, sülhməramlılar Minsk Qrupunun həmsədr ölkələrinin qoşunlarından ibarət ola bilməz

Source:


Madrid Prinsiplərinə əsasən, sülhməramlılar Minsk Qrupunun həmsədr ölkələrinin qoşunlarından ibarət ola bilməz

Ermənistanın Azərbaycana ərazi iddiası əsasında yaranan Dağlıq Qarabağ münaqişəsi 22 illik atəşkəsdən sonra yenidən hərbi müstəviyə keçib. Bu prosesdə daha çox müzakirə olunan məqam bölgəyə sülhməramlıların, əsasən də Rusiya hərbi birliklərinin gətirilməsidir. Azərbaycan rəsmilərinin bu barədə bir-birinə zidd açıqlamaları sualların sayını artırır.


“Rusiya bölgəyə nəzarət etmək istəyir”

Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədov Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi ilə bağlı ortada konkret məsələ olmadığını söyləsə də, xarici işlər naziri Elmar Məmmədyarov fərqli açıqlama verib. Nazir bildirib ki, erməni hərbçilər işğal altındakı torpaqlardan çıxarılandan sonra sülhməramlılar da olacaq, yollar da açılacaq, qaçqınlar da qayıdacaq.

Novruz Məmmədov
Novruz Məmmədov

Rusiyalı publisist və siyasi analitik Andrey Piontkovskiy isə ölkəsinin bölgəyə öz sülhməramlılarını yerləşdirmək istədiyini gizlətməyib: “Moskva qollarını çırmalayıb sülhməramlı məsələsi ilə məşğul olmaq istəyir. Bu bəhanə ilə münaqişə zonasına qoşunları daxil etmək, ehtiyac olduğu təqdirdə isə Azərbaycan və Ermənistanla yanaşı, Gürcüstana təsir etmək istəyir. Lavrov Ermənistana və Azərbaycana münaqişənin davamından başqa bir şey gətirə bilməz. Mən əminəm ki, yeni sənəddə sülhməramlı qoşunlar haqqında mütləq bənd olacaq. Çünki bu, Moskvanı ən çox maraqlandıran məsələdir”.


“Sülhməramlılar həmsədr ölkələrdən olmayacaq”

Deyilənləri Meydan TV-yə şərh edən konfliktoloq Elxan Mehdiyev hesab edir ki, Novruz Məmmədov doğru danışmır. Konfliktoloq ATƏT-in Budapeşt Sammitinin 1994-cü ildə qəbul olunan qərarında bölgəyə sülhməramlıların yerləşdirilməsi barədə bəndini xatırladır: “Həmin sənəddə Rusiya hərbçilərinin sülhməramlılarda üçdə birdən artıq olmasının mümkünsüzlüyü qoyulub. Sonrakı danışıqlarda isə sülhməramlıların həmsədr ölkələrdən olmayacağı razılaşdırıldı”.

Elxan Mehdiyev deyir ki, sülhməramlılar sülh müqaviləsi imzalanandan sonra bölgəyə yerləşdirilir: “Tərəflər 6 maddədən ibarət Madrid Prinsiplərini yerinə yetirən zaman bunlar olur. Yəni erməni qoşunları çıxır, kommunikasiya qurulur və sairə. Amma mən sülhməramlıların bölgəyə gətirilməsinə ehtiyac görmürəm. Əgər tərəflər 22 il atəşkəsə riayət edibsə, sülh sazişi imzalanandan sonra onların əraziyə gətirilməsinə ehtiyac yoxdur”.

Elxan Mehdiyev

O, Fransa dövlət nazirinin Madrid Prinsiplərinin yerinə yetirilməsinin vacibliyi barədə bildirdi ki, artıq həmin sənədin nədən ibarət olması hamıya məlumdur: “Birinci məqam odur ki, Ermənistan ordusu Dağlıq Qarabağ ətrafındakı 7 rayonu boşaltmalı, ardınca məcburi köçkünlər yurdlarına qayıtmalı, kommunikasiyalar qurulmalı və konkret məsələlər bundan sonra danışıqların mövzusu olur. Yəni  Dağlıq Qarabağa müvəqqəti status verilir, bu status onların Azərbaycan və Ermənistandan başqa xarici ölkələrlə də iqtisadi əlaqələr qurmasını özündə ehtiva edir. Sonda isə ərazinin  statusunu müəyyən edən hüquqi-məcburi referendum keçirilir. Bu, bir növ koloniyalardan azad olan ölkələrin yenidən qurulmasına bənzəyir”.

Elxan Mehdiyev hesab edir ki, aparılan danışıqlarda məsələ referendum mövzusunda tıxanıb: “Azərbaycan əvvəl referenduma razılıq vermişdi, sonra bunun müstəqillik halını aldığını görəndə yalnız ərazi bütövlüyü çərçivəsində yüksək statusdan söhbət getdiyini dedi. Yəni referendumun gündəliyi məsələsində razılaşma alınmır. Ermənilər prosesin uzanmasında maraqlıdır”.


“Danışıqlar qrafik üzrə gedir”

Siyasi şərhçi Zərdüşt Əlizadə isə hesab edir ki, danışıqlar gizli aparıldığından ictimaiyyət məlumatsızdır: “Bu da əsas verir ki, adamlar öz təxəyyülü və əxlaqı çərçivəsində ehtimallar səsləndirsin. Amma vaxtaşırı danışıqlar hansısa bir dalana dirənəndə müəyyən hissəsi açılır. Qarabağ İctimai Şurasının üzvü kimi qurumun üzvləri kifayət qədər danışıqlardan məlumatlıdır”.

Ancaq Zərdüş Əlizadə Novruz Məmmədovun doğru söylədiyi qənaətindədir: “Yəni indiki mərhələdə danışıq masasında rus sülhməramlıları məsələsi yoxdur. Rusiya danışıqların tarixini yaxşı bildiyindən bu məsələni qoymur. 1994-cü ildə imzalanan atəşkəs sənədinin mətnində olmasa da, Heydər Əliyev şifahi şəkildə rus sülhməramlılarının Abxaziya və Osetiyada olduğu kimi bölgəyə yerləşdirilməsinə razılaşmışdı. Ancaq həmin vaxt mövqeyi zəif olsa da, Heydər Əliyev uzaqgörən siyasətçiydi, atəşkəsdən sonra neft müqavilələrini imzaladı, hərbi müxalifəti sıradan çıxardı, hakimiyyətini möhkəmlətdi. Ardınca Heydər Əliyev Türkiyə prezidenti Süleyman Dəmirəl vasitəsilə İstanbulda NATO xarici işlər nazirlərinin toplantısında ABŞ dövlət katibi Uliyam Kristoferlə görüşdü və iki qocaman siyasətçi bir-birini yaxşı başa düşdü. Çünki Kristofer də bilirdi ki, rus qoşunun yenidən Azərbaycana qayıdışı heç nə vəd etmir. Xatırlayırsınız, 90-cı illərin ikinci yarısında Yeltsin Rusiyasının Azərbaycana təzyiqləri güclənmişdi, amma Əliyev buna getmədi. Yəni Azərbaycan zəif zamanında Rusiya sülhməramlılarının ölkəyə gəlməsinə razılaşmamışdırsa, hazırda xeyli güclü dövründə buna gedərmi? Ona görə Rusiya öz sülhməramlılarından danışmır,  ümumi sülhməramlılar məsələsini qabardır.Bu baxımdan Novruz Məmmədov haqlıdır. Amma nazir Elmar Məmmədyarov da işin içində olduğundan bilir ki, müəyyən danışıqlardan sonra sülhməramlıların bölgəyə gəlməsi nəzərdə tutulub”.

“Bəs sülhməramlılar nə zaman bölgəyə gələ bilər” sualına Zərdüşt Əlizadə belə cavab verdi: “Danışıqlar qrafik üzərində getdiyindən sülh sazişi imzalanandan sonra da hər bir proses qrafik əsasında gerçəkləşəcək. İşğal altındakı rayonlar boşaldılır, məcburi köçkünlər qayıdır, kommunikasiya açılır, bundan sonra Madrid Prinsiplərinə əsasən, sülhməramlılar gəlib asayişə nəzarət edəcək polis funksiyasını yerinə yetirir. Amma sülhməramlılar Minsk Qrupunun həmsədr ölkələrinin qoşunlarından ibarət ola bilməz. Bax, Elmar Məmmədyarov bu məqama görə haqlıdır. Hərçənd, mən kommunikasiya açılandan sonra inanmıram ki, iki xalq arasında yenidən müharibə başlasın”.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

O, Andrey Piontkovskinin də haqlı olduğunu deyib: “Çünki rusiyalı analitik Putini yaxşı tanıyır. Bu münaqişədə Rusiyanın, Qərbin, Ermənistan və Azərbaycan hakimiyyətlərinin öz maraqları var, bütün bunlardan iki xalq əziyyət çəkir və özləri də bilmədən bir-birlərinə nifrət edirlər. Ki, bu da Rusiyanın xeyrinədir. Əslində, Kreml respublikalardakı agentura vasitəsilə daim sülhməramlılar məsələsini gündəmdə saxlayır, bir il əvvəl Zori Balayanın bu barədə yazması təsadüfü deyildi. Ermənistanın razı olmadığını gördükdə, 1-5 aprel hərbi əməliyyatlarıyla İrəvana zərbə vurdu. Ondan sonra Serj Sarkisyan dedi ki, onlar sülhməramlıların əleyhinə deyil, amma özləri çağırmırlar. Azərbaycan isə sülhməramlılara “yox” deyir. Ona görə Ermənistan Moskvanın göstərişilə hər gün atəşkəsi pozur. Amma bunlar anlamır ki, Bakı NATO və Türkiyəylə danışıqlar aparır. Hazırda əsas məsələ Azərbaycanın nə dərəcədə Rusiyanın həyasız  tələbləri qarşında dayanmasıdır. Moskva Azərbaycana qarşı hər hansı addım atsa, Ankaranın mövqeyinin nə olacağını bilir. Necə ki, Donetski və Luqanskidə Rusiya könüllüləri iştirak edir, sabah Türkiyə könüllüləri də Qarabağda bizə dəstək ola bilərlər”.

Z.Əlizadə Rusiya müdafiə naziri Şoyqunun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları barədə dediklərini mənasız adlandırdı: “Çünki Qazaxıstan və Belarus Azərbaycana qarşı müharibədə iştirak etməz və 1-5 aprel hərbi əməliyyatlarında bu özünü büruzə verdi. Ümumiyyətlə, Rusiya Azərbaycana hərbi baxımdan nəsə etmək istəsə, Orta Asiyanı itirir, ardınca Qərbə ona qarşı sanksiya qoymaq imkanı verir. Ona görə yox ki, Qərb Azərbaycanı sevir, ona görə ki, Qərbin Risiyadan zəhləsi gedir. Nəhayət, Rusiyanın sənayesi, ticarət dövriyyəsi mənfidədir. Məsələn, Rusiya iqtisadçısı Valentin Katasonov yazır ki, 10 il əvvəl ölkəsinin Çinə satdığı malların 14 faizi maşın və avadanlıq idisə, hazırda bu rəqəm 1 faizə düşüb. Ölkə çökür, bununla bərabər Putin özünü regionun ağası kimi aparır”.

Ana səhifəAnalitika”Kreml daim sülhməramlılar məsələsini gündəmdə saxlayır”