Kreditləşmə modelinin detalları açıqlandı

Əkrəm Həsənov: ”Palata faktiki dolayısıyla etiraf edir ki, yaşayış minimumu haqda qanunda göstərilən minimum həqiqəti əks etdirmir”

Source:


Əkrəm Həsənov: ”Palata faktiki dolayısıyla etiraf edir ki, yaşayış minimumu haqda qanunda göstərilən minimum həqiqəti əks etdirmir”

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı yeni kreditləşmə modelinin detallarını açıqlayıb.

R.Aslanlı deyib ki, yeni kreditləşmə modelinə əsasən, xarici valyutada verilən istehlak kreditlərinin verilməsinə olan qadağa qüvvədə qalmaqdadır: “Burada iki istisna var. Birinci istisna odur ki, əgər müştəri əvvəllər xarici valyuta ilə kredit alıbsa və bu gün həmin kreditlərin vaxtı bitibsə və ya vaxtı tamamlanmayıb, lakin banklar bu kreditləri restrukturizasiya edirlərsə, belə müqavilələrin imzalanmasına yol verilir. Bu, daha çox əhalinin kredit yükünün və ona xidmət etmək imkanlarının sadələşdirilməsi və sağlamlaşdırılması məqsədini daşıyır. İkincisi, əgər kiminsə xarici valyutada gəlirləri və ya xarici valyutada bankda depoziti varsa və bu depoziti girov qoyaraq xarici valyutada borc almaq istəyirsə, belə kreditlərin də verilməsinə icazə verilir. Yerdə qalan hallarda xarici valyutada istehlak kreditlərin verilməsinə qoyulan qadağa qüvvədə qalır”.

Sədr əlavə edib ki, xarici valyutada olan kreditlərin restrukturizasiyası və manat kreditləri ilə əlaqədar bir sıra yeni prudensial tələblər tətbiq olunub: “Bu tələblərin məqsədi odur ki, insanların aldığı kreditlər üzrə ümumi aylıq xərcləri onun ümumi aylıq gəlirlərin yarısından çox olmasın. İkincisi, hətta bu ümumi gəlirlərin xərclər çıxıldıqdan sonra yerdə qalan hissəsi yaşayış üçün yetərli olsun. Biz burada yaşayış minimumunu da nəzərə almışıq. Tələb odur ki, biz yaşayış minimumunun 3 mislini hədəf göstəricisi kimi götürmüşük. Yaşayış minimumunun 3 mislindən yuxarı gəlirləri öz öhdəsində qalan insanlar daha aşağı risk qrupuna aid edilir. Bununla əlaqədar biz banklardan daha az kapital, ehtiyat tələb edirik” (


APA


).

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlının söylədiklərini Meydan TV-yə şərh edən hüquqşünas Əkrəm Həsənov deyir ki, qanunvericilik baxımından palatanın banklar üçün belə qaydalar müəyyən etmək səlahiyyəti yoxdur: “Çünki palata nizamnaməsinə uyğun olaraq normativ hüquqi xarakterli akt qəbul etməli, sonra bu, dövlət reyestrinə daxil edilməlidir. Bu barədə qanun var və orada palatanın adı yoxdur. Yəqin nə vaxtsa palatanın adı daxil ediləcək. Ona görə də qəbul olunana qədər hansısa bank palatanın qərarına riayət etməsə, bu, pozuntu sayılmayacaq”.

Məsələnin iqtisadi tərəfinə gəldikdə, Əkrəm Həsənov qəbul edilən qərarları düzgün hesab edir: “Prinsip etibarıyla qərardan belə anlaşılır ki, xarici valyutada əhaliyə kreditlərin verilməsi qadağası qalır, olan istisnalar da məntiqidir. Amma xarici valyutada gəliri olanların da çox az olduğunu nəzərə almalıyıq. Əgər əmanətini girov qoyacaqsa, heç bir problem ola bilməz”.

Hüquqşünas əhaliyə kredit verilərkən aylıq gəlirin və yaşayış minimumun da nəzərə alınmasını doğru hesab edir: “Məsələn, palata deyir ki, yaşayışın 3 misli, yəni vətəndaşın yaşayış minimumu 146 manatdırsa, ondan 3 dəfə çoxu özünə qalmalıdır. Bununla da palata faktiki dolayısıyla etiraf edir ki, yaşayış minimumu haqda qanunda göstərilən minimum həqiqəti əks etdirmir. Ona görə palata yaşayış minimumunu üçə vurur və deyir ki, şəxsin gəliri yoxdursa, kredit almamalıdır. Bir daha deyirəm, qərar düzgündür, bəli, mövcud kreditlərdə yaranan problemlərin günahının bir qismi banklardadır, amma bir qismi də əhalinin özündədir. İnsanların bir hissəsi gəlirlərinə baxmayaraq kredit götürüblər, indi də qaytara bilmirlər. Bütün hallarda bu, palatanın ilk addımıdır və məntiqi davamı kimi qurum banklar üçün belə qayda müəyyən etsin ki, əgər kiminsə aylıq gəliri yaşayış minimumunu təmin etmirsə, ondan o borcu da tələb etməsinlər. Bu, banklar üçün də pis olmaz və onlar güclərini kifayət qədər gəliri olanlara yönəldər”.

Ana səhifəXəbərlərKreditləşmə modelinin detalları açıqlandı