Kreditlər ödənməsə…

“Ağırlığın böyük qismi vətəndaşın üzərinə düşməli deyil”

Source:


“Ağırlığın böyük qismi vətəndaşın üzərinə düşməli deyil”

Azərbaycanda manatın sərbəst buraxılması qərarından sonra bankların dollarla olan kreditləri yeni məzənnə ilə tələb etməsi bir çox borclu insanın narazılığına səbəb olub.

Dekabrın 21-də Mərkəzi Bankın manatın üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatı ABŞ dollarına qarşı kəskin ucuzlaşdırdı. Dollarla kredit vermiş banklar  isə borcalanlardan borclarını yenə də həmin valyuta ilə ödəməyi tələb edir.

Zahir Əzəmət
Zahir Əzəmət

Dekabrın 25-də Mərkəzi Bankda bank sektorunun nümayəndələri ilə keçirilən iclasda

banklara dollarla krediti olan müştərilərə müvafiq yardımlar göstərmək tövsiyə olunub. Eyni zamanda qeyd olunub ki, Mərkəzi Bank banklara vəziyyətdən çıxmaqda yardım edəcək. Mərkəzi Bankın nümayəndəsi banklara dollarla krediti olan müştərilərin kreditlərinin restrukturizasiyasını aparmağı tövsiyə edib.

“Yaranan situasiyada borclanan, ödəmə qabiliyyətini itirən vətəndaşların hüquqlarını müdafiə edən, sözünü deyəcək qüruma ehtiyac var”.

Bu fikirdə olan publisist  Zahir Əzəmət “Devalvasiya Qurbanları Hərəkatı” təşəbbüsünü irəli sürüb. Yazar deyir ki, bu ideyanı irəli sürməkdə məqsəd yaranan situasiyanı gündəmə gətirmək cəhdidir.  Zahir Əzəmətin sözlərinə görə, ikinci devalvasiya nəticəsində problemli kreditlərin sayı dəfələrlə artıb:

“Cəmiyyətin bu istiqamətdə hökumətdən müəyyən gözləntiləri var. Hər bir vətəndaş bir neçə banka borclanıb. Biz bu problemə diqqəti çəkmək istədik. Yaranan situasiyada vətəndaşın heç bir günahı yoxdur. Ağırlığın böyük qismi də vətəndaşın üzərinə düşməli deyil”.

Zahir Əzəmət kreditlərin ödənişində dolların əvvəlki məzənnəsinin əsas götürülməsini çıxış yolu hesab etmir:

“Məncə, vəziyyət düzələnə qədər, ümumiyyətlə, kreditlərin ödənişi dondurulmalıdır. Sözsüz ki, iş yerlərində ixtisarların sayı artacaq. Bazarda qiymət artımı davam edir. Bu halda vətəndaş ailəsini dolandırmalıdır, yoxsa kreditlərini düşünməlidir? İnsanlar çətin dilemma qarşısında qalacaq. Yaranan situasiyada vətəndaş günahkar olmadığı üçün vəziyyət düzələnə qədər, hökumət antiböhran planını işə salana qədər kreditlər dondurulmalıdır. Bu, mənim bir təklifimdir, təşəbbüsümdür”.

Qurban Məmmədov
Qurban Məmmədov

Zahir Əzəmət deyir ki, yanvarın 1-dən qüvvəyə minmiş yeni qaydalara görə spirtli içkilərin, siqaretlərin satışı plastik kartlarla ödənilməyə başlanıb. Həmin kartdan tutulan 1 faiz banklara gedəcək. Jurnalist hesab edir ki, bununla bankların zərərləri müəyyən qədər ödəniləcək.

“Bəs vətəndaşlara dəyən zərər necə kompensasiya ediləcək? Bu sual açıq qalır”.

Zahir Əzəmət deyir, bu, hökumətə mesaj olmalıdır  ki, böyük bir kütlənin  aktual bir problemi var. Bu problem mütləq həll olunmalıdır.  Yazarın fikrincə,  əgər bu problem həll olunmazsa, narazı kütlədən müxtəlif xarici qüvvələr yararlana bilər.

Hüquqşünas Qurban Məmmədov isə “Bank qurbanları” adlı cəmiyyət yaratmağı təklif edir:

“Bu cəmiyyətin məqsədi kredit bataqlığında batan insanların problemlərini bir yerdə müzakirə etmək, çıxış yollarını axtarmaq, insanlara hüquqi, mənəvi və psixoloji kömək göstərməkdir”.

Hüquqşünas deyir ki, insanlar, xüsusilə də eyni dərdli adamlar bir yerə toplaşanda dərdləri yüngülləşir. Ən əsas vəzifə isə birgə çıxış yolları axtarmaqdır. Qurban Məmmədov bunu bir təşəbbüs olaraq irəli sürüb. İndi gözləyir ki, bu təşəbbüs cəmiyyət tərəfindən necə qarşılanacaq.

Bank sahəsi üzrə istisaslaşmış hüquqşünas Əkrəm Həsənov isə hesab edir ki, toplu halda kredit ödənişlərinin dondurulması ağlabatan məsələ deyil. Ekspertin sözlərinə görə, belə olarsa, bu, bazar iqtisadiyyatını kökündən vuracaq.

Əkrəm Həsənov

“Bu, o deməkdir ki, bir tərəf o biri tərəf qarşısında öhdəliyini icra etmir. Halbuki qanun var, Mülki Məcəllə var. Yəni hər kəs öhdəliyini icra etməlidir. Əgər banklara kredit ödənməsə, onların əmanətçiləri necə olacaq? Son nəticədə yenə əhali əziyyət çəkəcək“.

Əkrəm Həsənov onu da bildirir ki, indiki halda hökumətin kredit ödəyicilərinə dəyən ziyanı  qarşılaması üçün vəsaitin olduğuna da inanmır.  Hüquqşünas deyir ki, o məsələnin başqa cür həll olunmasının tərəfdarıdır:

“Onun tərəfdarı deyiləm ki, kredit ödənməsin. Amma ödəyə bilməyən, əmlakı olmayan ödəməsin. Dövlət vətəndaşını qorumalıdır.  Əmlakı olmayan, gəliri olmayan, və ya gəliri onun yaşayış minimumunu ödəmirsə  və ya ancaq ödəyirsə, həmin vətəndaşdan borcu tələb etmək olmaz”.

Ekspert deyir ki, kreditlər dondurularsa və ya toplu halda ödənilməzsə, bu, bank sistemini çökdürməklə yanaşı fürsətcil  dələduzlar üçün də imkan yaratmış olacaq.

Məsələyə deputat Qənirə Paşayeva da öz facebook səhifəsində münasibət bildirib. Deputat təklif edir ki,  ilkin mərhələdə ən azı dollarla 5 minə qədər kredit götürmüş insanların banklara ödəmələri  əvvəlki məzənnə ilə hesablanmalıdır:

“Çünki 5 minə qədər dollarla kredit götürən insanlar əhalinin maddi imkanları çox aşağı olan təbəqəsidir. Əksəriyyəti ciddi bir problemini həll etmək üçün kredit götürüb və devalvasiyadan sonra onların banka ödəmələrində ciddi narahatlıq yarana bilər. Ona görə də onların əvvəlki kursla ödəmələri davam etdirməsi çox vacibdir”.

Deputat daha sonra cavabdeh şəxslərin bu istiqamətdə araşdırma apararaq, dollarla kredit götürmüş maddi imkanları zəif ailələrin ödəmə şərtlərini yüngülləşdirəcək bir yol tapacaqlarına ümid etdiyini yazır.

Ana səhifəXəbərlərKreditlər ödənməsə…