“Banka dollarla borc ödəyənlər kreditlərin bağlanmasını istəyirlər”
Azərbaycanın üzən məzənnə rejiminə keçməsi banklara dollarla kredit ödəyənlərin vəziyyətini çətinləşdirib. Bundan çıxış yolu gəzən borcluların bir qismi həmin kreditlərin qapadılmasını istəyir. Artıq bununla bağlı Facebookda səhifə də yaradılıb.
“Kreditlər bağışlanılsın!” adlı “event”də qeyd olunur:
“Əziz həmvətənlər, bildiyiniz kimi Mərkəzi Bank bu gündən manatın kursunun üzən məzənnə ilə tənzimlənəcəyini elan etdi. Manatın yeni kursu isə dollar qarşısında 1manat 55 qəpik kimi müəyyən olundu. Əvvəla, Mərkəzi Bank üzən məzənnəyə keçməmişdən əvvəl 47 faizlik devalvasiya etdi və dərhal üzən məzənnəni elan etdi. Bu isə o deməkdir ki, gecə yatarkən cibimizdəki 100 manat səhər oyananda 53 manat olub. Yəni hakimiyyət gecə yenə cibimizə girib, oğurluq edib. Üzən məzənnə o deməkdir ki, Mərkəzi Bank artıq valyutanın kursuna müdaxilə etməyəcək və beləliklə, dollar sürətlə bahalaşacaq, manat isə sürətlə ucuzlaşacaq. Mərkəzi Bankın (yəni hakimiyyətin) qərarı onsuz da pis olan vəziyyətimizi daha da pisləşdirəcək. Ona görə də hakimiyyətdən tələblərimiz var:
1. 5000 manata qədər olan kreditlər Mərkəzi Bankın devalvasiyadan qazandığı 3,2 milyard manatın hesabına bağışlanılsın.
2. Dollarla olan kreditlər yenə də Mərkəzi Bankın 3,2 milyardlıq devalvasiya qazancının hesabına bağlanılsın”.