None

Mənbə: 

Kredit

Kredit almaq artıq mənim üçün ləyaqət, qürur məsələsinə çevrilmişdi.

Kredit dəbə düşəndən bəri iki dəfə almışdım. Hər ikisi çoxdan olub və ödənilib. O çoxdandan keçən illərdə rahat olmaqdansa, daim xəcalət, hətta əzab çəkmişəm.

Ölkədə hər kəs kreditə bürünüb elnən süründüyü halda mən ortalıqda ağ qarğa kimi təklənib durdum. Qohum-əqraba, qonum-qonşu, dost-tanış bütün hallarda və bütün yerlərdə ödəndikcə çoxalan kredit faizlərindən danışanda mən özümü karlığa, korluğa qoydum. Adamlar bir-birinə “necəsən?” əvəzinə “kreditlə neyləyə bildin?” soruşanda mənim deyəcək sözüm olmadı. Beləcə xalqımdan ayrı düşüb vətənimdə qərib oldum.
Bu utancdan qurtarmaq üçün əlimdən gələni etmədimmi deyirsiz? Əlimdən gələn nədir, ondan o yana da əlləşib-vuruşdum. Nə yazıqlar ki, ayaq açıb baş vurduğum bütün banklardan aldığım cavab eyni oldu. Girov tələb edirdilər, bankda krediti olmayan zamin istəyirdilər. Yəni, bu ölkə üçün tam mümkünsüz olan şərtlər...

Kredit almaq artıq mənim üçün ləyaqət, qürur məsələsinə çevrilmişdi. Hər kəsin kredit labirintində çabaladığı əzab-əziyyətli günlərdə əli cibində gəzmək xalqa xəyanətdən başqa bir şey deyildi.

Günün birində şansımı daha bərkdən sınamaq qərarına gəlib qonşu rayondakı tanış banka getdim. Qarşısında oturduğum gənc bankçı əgər “söhbətdən keçə bilsəm” mənə beş-altı yüz manat verə biləcəklərini bildirəndə həyəcandan boğazım qurudu. Ardınca krediti nə məqsədlə almaq istədiyimi soruşdu. Mən bu suala hazır deyildim. Amma dərhal cavab verməliydim. Geciksəm, uşaq bankı aldatmağımdan şübhələnərdi. Ağlıma gələn ilk cümləni dedim:

– Türkiyəyə nişana getmək üçün... (Bizdə nişan kreditlədirsə, nişana getmək niyə kreditlə olmasın?)
– Cəmi bu qədərləmi?
– Xeyr, bəli... Əslində mənim bütün xərclərimi ordakı dostlar çəkəcəklər. Mən sadəcə özümü rahat hiss etmək istəyirəm.

“Adam başqa ölkədə təxminən bizim beş yüz manatla özünü necə rahat hiss edər?” – deyə soruşsaydı, nə cavab verərdim? Allahdan bəxtimə insaflı, anlayışlı işçi çıxmışdı. Məni çox çətinə salmayıb, bir neçə asan sualla kifayətləndi. Nəticə sabah bilinəcəkdi.

Əslində nəticəni istiqanlı o gəncin səmimi baxışlarından oxumuşdum. Telefonla da təsdiqlənən kimi tanış “xalturşik”lə təkrar banka gedib krediti götürdük. Yolu-rizi, digər zəruri borcu-xərci çıxandan sonra əlimdə qalan hissə ilə nə edəcəyimi bilmirdim. Birdən müqavilədə krediti qaytarmaq da yazıldığını xatrıladım. Həm də üstəlik babat faizlə. Canıma vahimə düşdü. Bir neçə gündən sonra vəziyyətlə barışıb onsuz da yaralanmış krediti bəzi qaçılmaz xərclərə yönəltdim. Hətta tənbəllik və xəsislik etməyib ağrayan ayağıma iki manat altmış beş qəpiyə “troksevazin” mazı da aldım. Nə də olsa krediti ayağımın əlillik pensiyası ilə ödəyəcəm, qoy halallıq olsun.

O gündən sərbəst xeyrə-şərə gedib ümummilli kredit mövzusunda ürəkli iştirak edə bilirəm. Məsələn, o gün yasda molla mərhuma dəxli olub-olmayan hər kəsi yad edəndən sonra kredit əhli olan bacı qardaşlarımızın rəhmətinə və xeyir-duasına keçəndə onlardan biri olaraq lap ucadan: “Amin, min amin!” – dedim.

Və yaxud ötən həftə dəvətlisi olduğum toyda məmur tamadanın söylədiyi sağlıq:

– Axtarsan bəylə gəlin başda olmaqla bu məclisdə kredit borcu olmayan bircə nəfər tapılmaz. Kreditə bağlılıq o yerə çatıb ki, artıq elimizdə kreditsiz ailəyə qız verib-almırlar. Etiraf edək ki, güclü iqtisadiyyatımız və uğurlu siyasətimiz sayəsində hamı xoşbəxtdir.

O xoşbəxtlərin siyahısına düşdüyümə görə taleyimə çox minnətdaram. Artıq vicdanım rahat, sözüm azaddır.

Ən əsası xalqın içindəyəm. “Elnən gələn bəla toy-bayramdır” atalar məsəlinə uyğun həyat tərzinə keçmişəm.

Əvvəlki aylar pensiyamı alan kimi aylıq bazarlıq edib kommunal borcları ödəyirdim. İndi əvvəl krediti ödəyib qalanla kommunal xərclərin yalnız bir qismini ödəyə bilirəm. Bazarlığı hələlik saxlamışam, yalnız arada adımı qonşu dükana yazdırıb yüngül bir şeylər alıram.

Kreditlə daha da sərtləşən aclıq, soyuq və ehtiyacın digər növləri ilə zəngin rejimə nə qədər dözərəm bilmirəm. Amma yalnız bu şərtlərlə dünyadan “normal” Azərbaycan vətəndaşı kimi köçəcəyimə əminəm. Çünki, bu gün bizi birləşdirən “dəyər" kreditdir...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/gc2w1u

Ən çox baxılan