Kredit intiharları dövrünə keçid

Kreditlə xoşbəxt olmaq istəyirdilər…

Source:

Hər kəsin kreditlərlə bağlı mütləq bir əhvalatı vardır. Ölkədə kreditin nə olduğunu, necə olduğunu bilməyən insan yoxdur, hər kəsin kredit adlı bir kabusu, bir dərdi, bir çəkilməz bəlası var. Bəs necə oldu insanlar bu kredit selində itib-batdı? Necə oldu ki, kredit çağırılmamış ya da çağırılmış qonaq, özü də zəhmli, ağrılı, təhlükəli bir qonaq kimi hər kəsin evinin astanasında oldu?

Bu yaxınlarda bir ailənin qonağı oldum, “ziyalı” bir ailə idi. Ev sahiblərinin hər ikisi müəllimdi. Tarix müəlliməsi olan xanım öz adına xeyli kredit götürmüşdü, hələ qonşulara olan xeyli əlavə borcları da vardı.

İdman müəllimi isə öz növbəsində kredit borclarından xeyli şikayət edirdi. Uzun-uzun dərdlərindən danışdılar, ailə demək olar ki, kredit, borc əlindən batıb gedir. Amma onlar danışdıqları qədər də rahat idilər, xoşbəxt idilər. Çünki kreditlərinin birini bitirib, başqa kredit götürəcəkdilər.

Qeyd edim ki, həmin ailədə olan hər iki müəllim rayonda olan “qul bazarı”nda işləyirlər, bəli dərsdən sonra vaxt tapıb “qul bazarı” deyilən yerə gedirlər. Müəllim olduqları üçün onlara iş daha asan tapılır. Çox vaxt da kəndlərdə yerləşən əkin sahələrində iş tapırlar. Bu məsələdə həddindən çox soyuqqanlı olmağıma, o insanlara dırnaqarası ziyalı kimi baxmağıma səbəb həmin kredit boclarının hansı səbəbdən var olmasıdır.

Təsəvvür edin, müəllimlər kreditin bir qismini uşaqlarının universitetdə imtahandan keçmələri üçün verdikləri rüşvətə xərcləyiblər, bir qismi oğluna rüşvətlə iş tapmaq üçün, bir qismini də qızına“yaxşı toy”etmək üçün. Və bu kimi digər lazımsız işlərə görə.

Bir də qeyd edim, son vaxtlar daha çox toy üçün kredit götürənlər qınanılır amma insanlar elə bilir ki, bu yalandı. Əslində, yalan olmadığını bilirlər, özləri də elə ediblər deyə, qınaq atəşinə tutulmaqdan qorxurlar. “Yaxşı toy etmək” kimi bir problem var bizim ailələrdə. Hələ bunu iki müəllim birləşib edirsə, demək o insanlar heç də ziyalı deyillər, amma əsas məsələ düşdükləri vəziyyətdən razı olmalarıdır. Kredit borcları boğazlarına qədər yığılmağına baxmayaraq onlar hələ də anlamırlar ki, həmin kreditləri boş və mənasız işlər üçün götürüblər və xərcləyiblər.

Bütün kreditləri də “kənd təsərrüfatının inkişafı” adı ilə götürülüb. Amma pullar başqa yerlərə xərclənib, əkin sahəsi isə boş qalıb. Əziyyətə, zəhmət çəkməyə meyilli olmayan bu insanlar özləri də bilmədən “yaxşı yaşamaq” adı altında borc içində çürüyüb gediblər və hələ də kredit götürmək şansları var deyə, xeyli xoşbəxt idilər.

Burada bir şeyi də qeyd edim ki, mən heç də bir müəllimin öz işini atıb, təsərrüfat işləri ilə məşğul olmağının tərəfdarı deyiləm . Hər kəs öz işini görsə daha yaxşı olar, amma bəlli bir zaman içində həmin ailə o işlə də məşğul olub. Çünki həm kənddə böyük əkin sahələri olub, həm də o işi görmək onlar üçün problem olmayıb.

Azərbaycanda kreditlərlə bağlı bir paradoks var. İnsanlar aldanıb. İnsanlar kreditlə onlara lazım olan bəzi şeyləri rahatlıqla əldə edə bilirdilər və aldıqları maaşla kredit ödəyərək, yaxşı yaşaya bilməsələr də, bundan narahat deyildilər.

O zaman narahat oldular ki, ölkədə böhran oldu, manat öz dəyərini itirdi, ərzaq bahalaşdı. Bu zamana qədər də heç kim götürdüyü krediti ödəyib normal yaşamırdı, amma ödəyə bilirdilər deyə, bu qədər narahat olmurdular.

Azərbaycanda böyük məbləğdə kredit götürmək hər kəs üçün deyil,hər şey xırda məbləğlə olur. Məsələn, ölkədə milyonlarla evsiz qalan gənc ailələr var amma onlar kreditlə ev götürə bilmirlər. Götürə bildikləri ancaq xırda məbləğlər olur ki, o pullar da çox mənasız yerlərə xərclənir. Məsələn, yuxarıda qeyd etdiyim müəllimlər kimi.

İndi vəziyyət elə gətirib ki, bu qədər krediti olan insan var amma o pullara ciddi işlər görmüş, o pulları havaya, suya xərcləməmiş çox az insan görünür. İnsanlar özləri də bilmədən yaxşı yaşamaq adı ilə kreditlərdən asılı qalıblar və ən acınaqlısı da odur ki, indi həmin kreditləri verə bilmirlər.

İnsanlar ölkə büdcəsindən yeyilmiş pullardan xəbərsiz oldu, bəlkə də xəbərləri oldu amma kreditlə bəzi işlərini görə bildilər deyə buna göz yumdular. Hökümətdən heç bir ciddi qayğı görməyən insanlar bu faciəni özləri üçün qayğı bildilər, bu gün isə bu faciə öz fəsadlarını üzə çıxarır. Əslində isə hökümət qayğı göstərmək kimi bir rola girməli deyildi, sadəcə ölkə qanunlarla idarə olunmalı idi.

İnsanları öz torlarına salıb, sonra da onları bu vəziyyətə saldılar. Amma bunu insanlar anlamadı, onlar hələ də hər şeyin yaxşı olacağını düşünür. Əvəllər də kreditlərə görə intiharlar olub. Amma indi daha çoxdur, çünki indi insanlara “qayğı” göstərən yoxdur. Daha doğrusu, kredit qayğısının pis tərəfləri üzə çıxıb. Kredit borcları bu xalqın ən çox aldandığı yerdir. Çox heyf ki, xalq hələ də onları aldadanlardan qayğı gözləyir.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəKredit intiharları dövrünə keçid