Kredit dərdi, ya ”sivil toplum” açılımı?

Get-gedə pisləşən maliyyə durumuna düşmüş hakimiyyətin dünənə qədər cəmiyyətə yad və düşmən kimi təqdim etdiyi Qərb ölkələrinə işi düşüb

Source:

Get-gedə pisləşən maliyyə durumuna düşmüş hakimiyyətin dünənə qədər cəmiyyətə yad və düşmən kimi təqdim etdiyi Qərb ölkələrinə işi düşüb. Bütün avtoritar, səriştəsiz və özündənrazı rejimlərin düşdüyü bir durum…

Hökumətin əlinin altındakı media artıq bir neçə gündür ki, QHT-lərlə, donorlarla və qrantlarla bağlı sərt rejimin yumşalmasından danışmağa başlayıb. Prezidentin qrantların qeydiyyatında “bir pəncərə”nin tətbiq edilməsi fərmanını geninə-boluna vətəndaş cəmiyyətinin həyatında yeni və xoşbəxt dövrün başlanğıcı kimi təqdim edirlər.

Dünən hökumətin təbliğatçısı olan bir media sevinclə yazıb ki, bəs guya QHT fəaliyyətinə yaşıl işıq yandırıblar. Bütün məhdudiyyətlər götürülüb. Hökumətin əlaltında olan bir neçə QHT rəhbəri və funksioneri bəyan edib ki, Mədən Sənayesində Şəffaflıq Koalisiyası (ingiliscə abbrevviaturası “EİTİ”) üzvləri olan təşkilatlarla bağlı bütün problemlər aradan qalxıb. Onların rəhbərləri təqib olunmur, bank hesablarındakı həbslər götürülüb, saxta vergi aktları və sanksiyaları, saxta cinayət işləri götürülüb. Qrant müqavilələrinin qeydiyyatıyla bağlı isə heç bir problem qalmayıb.

Koalisiya üzvü olan təşkilatlardan birinin rəhbəri Oqtay Gülalıyev barəsində 4 il əvvəl başlanmış cinayət işinə belə xitam verdilər.

Həm də heç azacıq da olsa çəkinmədən bəyan edirlər ki, bu “yaxşılıqları” məhz EİTİ üzvləri üçün ediblər. Sanki vətəndaş cəmiyyəti məhz elə bu EİTİ üzvləridir, onlardan kənarda hər hansı QHT və vətəndaş cəmiyyəti yox imiş. Hökumətin əlaltında olanlardan başqa, təbii.

2013-2014-cü illərdə hakimiyyətin QHT-lər, hüquq müdafiəçiləri üzərinə “xaç yürüşünü”ndən, Prezident Administrasiyasından gələn sifariş əsasında qondarılmış vergi yoxlama və aktlarından, Prokurorluğun qondarma ittihamlardan və sifarişli məhkəmə şouları və hökmlərindən peşman olduqlarını, utandıqlarını “biruzə vermədən”.

Rəsul Cəfərovun, İntiqam Əliyevin, Ənnağı Hacıbəylinin, Əsabəli Mustafayevin, Emin Hüseynovun, Leyla Əliyevanın şəxsi hesabları hələ də həbs altında. Mənim şəxsi hesablarım da.

Hüquq Maarifçiliyi Cəmiyyətinin, Azərbaycan Hüquqçular Assosiasiyasının, Media Hüququ İnstitutunun, Demokratiya və İnsan Haqları Resurs Mərkəzinin bütün bank hesabları da. Prokurorluğun Ağır Cinayətlərin İstintaqını aparan İdarəsinin təqdimatıyla bu qadağanı Səbail Məhkəməsi qoyub.

İntiqam Əliyev saxta ittiham və məhkəmə qərarlarından sonra çəkdiyi qanunsuz cəzaya əlavə olaraq hələ də sınaq adı altında cəza çəkməkdə davam edir.

Ənnağı Hacıbəylinin, Əsabəli Mustafayevin ölkədən çıxışına qoyulmuş qadağa davam edir.

Bir çox QHT-nin bank hesablarına Ədliyyə Nazirliyinin saxta faktlara əsaslanan məktubuyla qoyulmuş qadağan hələ də davam etməkdədir. Bu qadağanı götürə bilmək üçün “rəsmi” olaraq hakimiyyətə əlaltı QHT-lər sırasına daxıl olmaq barədə ərizə vermək lazımdır. Bunsuz nə qrantları qeydə alacalar, nə də hansısa iş görməyə imkan verəcəklər.

Ölkədən gedib-gəlmək hüququna qadağan qoyulmamış şəxslərin sərhəddə alçaldıcı “şəxsi axtarışa” məruz qoyulmalarını da buraya əlavə etsək, mənzərə bir az da aydın olar.

İndi bu qısıq fərmandan sonra genış “atəşfəşanlıq” edən mediaya bu tapşırığı verənlərin məqsədi nədir?

Vətəndaş cəmiyyətindən qorxan, hüquq müdafiəçilərinin ölkədəki insan haqlarının bərbaddan bərbad vəziyyəti, həm mərkəzdə, həm də bölgələrdə vətəndaşlarımızın hər addımda hakimiyyətin özbaşınalıqları, korrupsiya və ədalətsizlikləri altında əzilməsini dilə gətirməsindən əsəbiləşən hökumətin gerçəkdənmi “civil toplum” açılımı etmək “niyyətində olduğundan” sevinclərini gizlətmək istəmirlər?

Yox, təbii.

2 il bundan öncə neft pullarından məst olub özünü itirən hakimiyyətə indi pul lazımdı. Kredit üçün yalvaranda onlara deyirlər: “Vtəndaş cəmiyyətini belə əzdiyinə görə kredit reytinqin aşağı olacaq”.

Hökumət kredit istəyir.

Ona vətəndaş cəmiyyəti, QHT-filan lazım deyil.

Vətəndaş cəmiyyəti, QHT demokratik rejimlər üçün, vətəndaşlarını, onların normal yaşayışını, firavanlığını, haqlarını düşünənlər üçün lazımdır.

P.S. Ötən illərin təcrübəsi onu deməyə əsas verir ki, EİTİ kimi təşkilatlar sadəcə ‘”abırlı” görünmək üçün hökumətə şərtlər qoyur, bəzi yarımçıq addımlar atmağa məcbur edir, sonda isə hökumətlə dil tapırlar.

Ana səhifəMənim FikrimcəKredit dərdi, ya ”sivil toplum” açılımı?