Kraliça

“Bohemiya Rapsodiyası” filmi baxdıqca insanı zirvəyə qaldırır və sonda o zirvədə buraxıb, bitir

Source:
Rami Malek
Rami Malek

Cahil vaxtlarımda “Lider TV”-də bir canlı konsertin videosuna baxırdım. Oxuyan adam maykada idi və özünə əl qatmışdı. 6-7 kanal var idi, hər dəfə kanalları fırladanda gəlib, bunun üstündən keçir və məni əsəbləşdirirdi ki, bu qədər adam bunun nəyinə qulaq asır. İllər sonra o adam haqqında filmə baxanda isə gözlərim yaşardı, özümü tuta bilmirdim. Dəyişdim və o adamı sevdim.

“Bohemiya Rapsodiyası” filmində Freddi Merkuri (Freddy Mercury) rolunu ifa edən Rami Malek Misirdəndir, bəlkə də müsəlmandır. Filmin posterinə 18+ yazılmışdı. Amma filmdə zorakılıq, pornoqrafiya, heç erotika da yox idi. Sadəcə 1-2 öpüşmə. Öpüşməyə 18+ düşmür. Bir şərtlə ki, bu qadağa homofob ölkədə qoyulmasın. Kişi ilə kişi öpüşürsə, deməli, 18+dir. Belə olmamalıdır. Niyə?

Bunun üçün filmə baxmaq lazımdır (Amma mütləq kinoteatrda. Bu filmə evdə baxmaqdansa, heç baxmayın). Film izah edir ki, bir ailənin olması, yaxşı dəyərləri bölüşmək, onlar üçün mübarizə aparmaq üçün cinsi oriyentasiya maneə deyil, olmamalıdır.

Freddinin atası ilə filmdə son görüşdüyü səhnə, mühafizəkar atanın gey sevgilisi ilə evə gəlmiş oğlunu qucaqlaması səhnəsi çox şey deyir. Homoseksual öpüşmə səhnələri olan Freddi rolunu canlandıran isə Misir mənşəli Rami Malekdir. Freddinin öz həyatı bir qırağa, film özü-özlüyündə böyük dəyərlər daşıyır.

Bir qırağa qoyduğumuz o həyat isə şedevrdir. Bir filmlə bunu təsvir etmək çətindir yəqin, amma möhtəşəm təsvir alınıb. Bəziləri sosial şəbəkələrdə filmdən narazılıq etdilər ki, Freddinin xəstəliklə mübarizəsi və həyatının bəzi digər çətin anları filmdə yaxşı işlənilməyib və ya ümumiyyətlə, əhatə olunmayıb. Mən bunu filmin zəifliyi kimi görmürəm. Mərhum vəkil Elton Quliyev haqqında jurnalist İzolda Ağayevanın çəkdiyi filmdə deyilir ki, Elton müəllim beyin xərçəngi olduğunu öyrənəndə 1 gün yatmır, düşünür və səhər belə qərara gəlir ki, bu bəd xəbəri aldığı gün həyatında olmayıb. O günü silir və yaşamağa davam edir. Xeyli də yaşayır. Freddinin xəstəliklə, HİV virusu ilə çarpışması, ona məğlub olması da bizim süni olaraq, belə silməli olduğumuz səhnələrdir. Onun həyatı əsl mübarizə və qələbədir. Heç bir virusa, mentalitetə, köhnəliyə, adiliyə, adətə, dinə uduzmamış mübarizə.

“Bohemiya Rapsodiyası” filmi baxdıqca insanı zirvəyə qaldırır və sonda o zirvədə buraxıb, bitir. İnsan Freddinin möhtəşəm həyatından, performansından vəcdə gəlir, gözləri yaşarır, headbang edir yerində, rokn-rollun orqazmına elə kreslodaca çatır və o triumfal zirvədə film bitir, sən durub, kinoteatrdan çıxan insanlara həyat dolu, sevgi dolu baxışlarla baxırsan. Görürsən ki, bayaq kişilərin öpüşmə səhnəsində pıçıltı ilə hırıldayan qaqalar da sənə elə baxır…

… Yox, biz kinodan çıxan qaqalarla öpüşmədik. Amma film bizi birləşdirdi. Ümumiyyətlə, bu filmin verdiyi (xatırlatdığı) dərslərdən biri də odur ki, hər birimizin həyatında bu triumf üçün şans yarana bilər, bundan istifadə etmək, daha bacarıqlıların isə bu şansı özlərinin yaratması lazımdır. Söhbət sənin hansısa yaradıcı qabiliyyətinin olmasından getmir. Söhbət insan təbiətinin mahiyyətində olan azadlıqdan, üsyandan gedir. Bizi tutan zəncirlər həmişə var, onları qırmaq üçün iradəmiz də olmalıdır. Ən dibdə olduğumuz anlarda da Freddi kimi ayağa qalxıb, arzularının dalınca gedə bilməlisən. Səni heç milyonlarla insanı öldürən virus da tuta bilməz.

P.S. Afrikadakı uşaqlara yardım kampaniyası olaraq, keçirilmiş konsertlər barədə filmdə məlumat veriləndə həmin konsertlərdə çıxış edəcək qrupların, ifaçıların bəzilərinin adları sadalanır. O adlara baxdım, bir də öz dövrümüzün məşhur “la-la-la” tipli milyardlarla baxış alan pop mahnılarına, bir daha çox təəssüf elədim ki, gəlib 21-ci əsrə düşmüşük. Deqredasiya kəskin gedib.

Ana səhifəMənim FikrimcəKraliça