Alya Yaqublu

Mənbə: google.az

Başlıq: Alya Yaqublu

Kraliça Tamara – xalqını və ölkəsini ucaldan hökmdar

Məqalə yeniləndi:  17 May 2019

Onunla bağlı xeyli mif və əfsanə var

Çariça Tamara – Gürcüstan tarixində ilk qadın başçı. Onun hakimiyyətdə olduğu illər "kəndlilərin zadəganlar kimi, zadəganların şahzadələr kimi, şahzadələrinsə hökmdarlar kimi” yaşadığı “qızıl dövr” olaraq qiymətləndirilir. Gürcü knyazlıqlarını mərkəzi dövlətdə birləşdirmiş Qurucu Daviddən, Sasanilər İmperiyasına qarşı müstəqillik savaşı aparmış Vaxtanq Qorqosaldan daha populyar olan, kult səviyyəsinə yüksəlmiş Gürcüstan hökmdarı (1184-1213).

Ölkəsi üçün böyük tarixi əhəmiyyət daşımasına rəğmən, Tamaranın həyatıyla bağlı bilinməyən məqamlar var. Məsələn, doğum və ölüm tarixləri, dəfn edildiyi yer dəqiq deyil. Üstəlik, onunla bağlı xeyli mif və əfsanə də var.

XII əsrin sonlarında, XIII əsrin əvvəllərində naməlum müəllif tərəfindən yazılmış “Hökmdarların tarixi və tərifi” əsəri atasının və onun hakimiyyət illərinə həsr olunub.

****

Gürcüstan çarı III Georgiylə Osetiya (Alaniya) şahzadəsi Burduxanın qızı olan Tamaranın ya 1160, ya da 1166-cı ildə dünyaya gəldiyi təxmin edilir. III Georgi onun anadan olması şərəfinə Müqəddəs Məryəmin Mövludu kilsəsini tikdirir.

Tamaranın siyasi olaylarla ilk tanışlığı 1177-ci ildə baş verir. Həmin il erməni əsilli Orbeli klanı Lori qalasında çara qarşı üsyan qaldırır. Knyaz İvane Orbeli çar I Demetrenin (Qurucu Davidin varisi) erməni arvadından olan oğlu Demneni (Dmitri) tapıb onu üsyana qoşulmağa təhrik edir. İlk olaraq qıpçaq türkü Kubasar 500 nəfərlik dəstəsiylə, sonra da Şirvanşah I Axsitan III Georginin köməyinə gəlirlər. Üsyan yatırlır, həm knyaz İvane, həm də Orbeli klanının, demək olar ki, bütün digər nümayəndələri öldürülür, sadəcə fürsət tapıb qaça bilənlər və ölkədə olmayanlar sağ qalır; Demnenin gözləri çıxarılır və bir müddət sonra o, türmədə ölür.

Tamarayla bağlı miflərdən biri bu hadisəylə bağlıdır – deyilənlərə görə, o arada Tamaraya aşiq olan Demne qaçıb gizlənir, sonralar özünü Rustavidən (Rustavelidən) olan Şota adlandıraraq “Pələng dərisi geymiş pəhləvan” əsərini yazır (təxminən 1189-dan sonra) və onu Tamaraya ithaf edir.

Daha yayğın versiya isə budur ki, Şota Rustaveli çariçanın xəzinədarıymış (1190-cı ilə aid sənəddə onun imzası mövcuddur), Tamaraya sonsuz sayğı və sevgisini bu əsər vasitəsilə ifadə edib, o, ikinci dəfə ərə gedəndən sonra sarayı və Gürcüstanı tərk edərək Fələstinə yollanıb. Gelatidə monastırındakı (Kutaisi) ailə sərdabəsində çariçanın nəşinin olmaması, gizli şəkildə ölkdən çıxarılaraq Fələstindəki Müqəddəs Xaç kilsəsinə - Rustavelinin dəfn olunduğu yerə aparılması haqda şayiələr onların arasında sevgi münasibətləri olması fikrini populyarlaşdırıb.

Üsyandan sonra ölkədəki qeyri-sabitlik davam edir. Oğlu olmayan çar hər ehtimala qarşı qızını hakimiyyətin şəriki elan edir – 1178-ci ildə Uplitsixe şəhərində Tamaranın rəsmi tacqoyma mərasimi keçirilir.

Təxminən 1180-ci ildə Tamaranın kiçik bacısı Rusudan Bizans imperatoru Andronikin oğlu Manuil Komninə ərə verilir, bu izdivac sonralar bəzi tarixi nəticələrə gətirib çıxarır.

Vardzia monastırında Tamaranın rəsminin əks etdirən freskanı da həmin ilə aid edirlər. Bu, çariçanın 3 mövcud təsvirindən ilkidir. Freskanın altına yazılmış “Bütün Şərqin çarlar çarı, Georginin qızı Tamar, ömrü uzun olsun” mətnindən aydın olur ki, portret, o, hələ sağkən çəkilib.

Gürcüstanın cənub sərhədlərinin müdafiəsində əhəmiyyətli rol oynamış bu monastırı III Georgi tikdirib. Üç yerdən oyulan qalanın altında salınmış; xəzinə, kilsələr, sovməə-hücrələr, yaşayış yerləri, ambarlar, hamamlar və yeməkxanalar olan tikilidə 600 otaq var. Atasının ölümündən sonra monastırın tikintisini Tamara davam etdirib. Səlcuq türkləriylə müharibə zamanı o və saray əyanları həmin monastıra yerləşiblər.

****

1184-cü ildə - qızını öz ortağı elan edəndən 6 il sonra III Georgi vəfat edir. Tamara üçün yenidən tacqoyma mərasimi keçirilir, bu dəfə Gelatidə (Həmin mərasimdə istifadə edilmiş, qızıl üzərində döyülmüş Müqəddəs Georgi ikonası Gürcüstanın qərbindəki Yuxarı Svaneti əyalətində yerləşən Lalati icmasında saxlanılır).

Çox keçmədən didebullar (gürcü feodallar) çariçadan tələb edirlər ki, baş komandan Kubasarı vəzifəsindən kənarlaşdırsın. Tamara onların tələbini yerinə yetirmək məcburiyyətində qalır (“Hökmdarların tarixi və tərifi” əsərinin müəllifinə inansaq, Kubasar buna görə ondan incimir); bu posta əvvəlcə Qamrekeli nəslinin, sonra Zəkaryan nəslinin, daha sonra da Cakeli nəslinin nümayəndəsi təyin edilir.

Yeri gəlmişkən, tarixçi və türkoloq Ağatangel Krımlı (1871-1942) Gürcüstanın tarixi haqqında oçerkində yazır ki, “Tamaranın sarayında türk dilində də danışılırdı. Amma bu, Qafqaza XI əsrdəki istilalar zamanı Orta Asiyadan gəlib Gürcüstanla sərhəd bölgələrdə məskunlaşmış səlcuq türklərinin dili deyildi. Tiflis sarayında sevgi və sayğı görənlər qıpçaq türkləriydi”.

****

Tamaranın taxta çıxmasının elə ilk ilində ağlasığmaz bir hadisə baş verir. Saray xəzinədarı (maliyyə naziri), milliyyətcə qıpçaq türkü olan Kutlu Arslan təklif edir ki, “Darbazi” adlandırılan orqanı – knyazların, yüksək çinli dövlət məmurlarının və digər nüfuzlu şəxslərin daxil olduğu Dövlət Şurasını saxlamaq şərtilə, xalq deputatlarından təşkil olunacaq “Karavi” (türk xalqlarında gümbəz formalı çadır növü) adlı daha bir idarəedici orqan yaradılsın. Bu, İngiltərədə az qala bir əsr sonra meydana çıxacaq parlamentarizm formasıydı.

Kutlu Arslan Gürcüstanda Qurucu Davidin zamanından məskunlaşmış qıpçaqların nəslindəniydi. Mənşəcə aristokrat deyildi, çar ailləsiylə heç bir qohumluğu və böyük torpaq sahələri də yoxuydu. Yəni bu təklifi onun şəxsi marağı kimi dəyərləndirməyə imkan verən mövqelərə sahib deyildi. Çöl adamında bu qeyri-standart siyasi təfəkkür təkcə təəccüb yox, həm də heyranlıq doğurmalıydı.

Amma Tamara və onun tərəfdarları bunu az qala çarın hüquqlarına qarşı sui-qəsd kimi qiymətləndirirlər. Kutlu Arslan həbs edilir. Ardınca daha bir qəribəlik baş verir: tərəfdarları onun həbsinə qarşı çıxıb sarayı silahlı üsyanla təhdid edirlər. Çariça danışıqlara getməyə məcbur olur, Kutlu Arslan həbsdən buraxılır. Amma onun təklifi rədd edilir və unudulur. Parlamentarizm ideyasını təkcə hakimiyyət nümayəndələri yox, o dövrün xronoloqları da pis bir şey kimi qəbul etdikləri üçün Kutlu Arslan o dövrə aid sənədlərdə az qala şeytan kimi qələmə verilir.

Tamara tarixdə ilk parlamentin yaradıcısı kimi qalmaq fürsətini doğru dəyərləndirə bilmir (80 il sonra – 1265-ci ildə bunu İngiltərədə baronların kral hakimiyyətini məhdudlaşdırmaq uğrunda mübarizəsinə başçılıq edən qraf Simon de Monfor reallaşdırır). Beləliklə də, çariçanın möhtəşəm şəxsiyyəti Gürcüstan demokratiyasının qəbirqazanı imiciylə kölgələnmiş olur.

****

Çar taxtında qadın hökmdar görmək xalqın vərdiş etmədiyi durumuydu, ya nəydisə, Tamaranı tezlikllə ərə vermək qərara alınır.

“Hökmdarların tarixi və tərifi” əsərində bu hadisəylə bağlı maraqlı qeydlər var:

“Patroniçanın cəngavərlərə və döyüşçülərə mərhəməti və meyli xoş və şirin olsun deyə, bu məsələylə məşğul olanlar yığışıb ona yaraşan namizəd tapmaq və həmin şəxsi Tamaraya təqdim etmək qərarına gəldilər. O, pəhləvanlar-qoliaflar dövrünü xatırlatmalıydı. Mən bununla bağlı sizə kədərli bir hadisədən xəbər verəcəm. Tamaranın yanına (evlənmək üçün) yaraşıqlı osetin şahzadələri gəlirdi. Amma cəhdləri boşa çıxırdı və onlar öz vətənlərinə geri dönürdülər. Həmin gənclərdən biri Tamaraya qarşı elə güclü sevgi və ehtiras hiss edirmiş ki, xəstələnib yatağa düşmüş, sonra da Rajden məbədinin önündə ölmüş və elə orda da dəfn edilmişdi”.

Tamaraya ər olaraq Şimali Qafqaz çöllərində yaşayan Yuri adlı birini seçirlər. Həmin vaxt da, sonralar da onun Vladimir knyazı Andrey Boqolyubskinin oğlu olduğu qeyd edilir, amma bu tam olaraq təsdiq edilmiş fakt deyil.

Milliyyətcə rus, məzhəbcə pravoslav olan Yuri 1185-ci ildə Gürcüstana gətirilir. Elə həmin il Bizansda imperator Andronik taxtdan salınır, oğlu Manuilin gözləri çıxarılır (az sonra o ölür), gəlini Rusudan (Tamaranın bacısı) iki oğluyla birlikdə şərqə qaçır. Bizans imperatorluğu süqut edəndə bu personajlar Tamaranın köməyilə yenidən tarix səhnəsinə çıxacaqdılar.

Çariçanın Yuriylə izdivacı çox çəkmir. Tarixi mənbələrdə qeyd edilir ki, bu şəxs içki düşgünü, sodomiya meylli və çox qəddar biriymiş - həm əyanlarla pis davranır, bəzən hətta onların cinsiyyət orqanlarını kəsir, həm də həyat yoldaşına əl qaldırırmış.

“Tamara hamının yanında ona belə dedi: Allahın qoyduğu qanundan ilk nikah yatağını tərk etməməyi öyrənmiş olsam da, bu yatağı təmiz saxlamayan birinə səbr edib onunla bir yerdə qalmaq lazım deyil”.

“Çarlar çarı Tamaranın həyatı” xronikasından

Alternativ versiyası olmayan bu vəziyyətə görə çariça ondan ayrılmaq məcburiyyətində qalır, Yuri Bizansa sürgün edilir (1187). Çox keçmədən Tamara yenidən ərə gedir - bu dəfə osetin şahzadəsi David Soslana. Gürcü mənbələrində onların bir yerdə böyüdüyü qeyd edilsə də, bəziləri Tamaranın onu uzaqdan-uzağa tanıdığını yazırlar.

Çariça Davilə ailə qurandan sonra da əvvəlki statusunu qoruyub saxlayır, yəni Tamaranın titulu “mele” (çar) olaraq qalır, adət-ənənəyə görəsə artıq “dedopali” (çariça) olmalıydı.

Nikahları III Georginin qızı üçün tikdirdiyi həmin o məbəddə kəsilən Tamara və David az sonra Tbilisiyə köçürlər.

Dörd il sonra (1191) imeretlər və svanlar üsyan qaldırıb Yurini Gürcüstana dəvət edirlər və o, dərhal razılaşır. Üsyançıların başında Kutaisiyə qədər irəliləyən Yuri Gequti sarayını tutur və orda ona tacqoyma mərasimi keçirilir. Qisasçı “çar” az qala bütün Qərbi Gürcüstanı öz tərəfinə çəkib şərqə tərəf irəliləyir və Qoriyə qədər gəlib çatır.

Bundan sonra uğur Tamara tərəfə keçir. O, Qori yaxınlığındakı Naçarmeqavi sarayına yerləşib prosesi ordan idarə edir; David Soslanın rəhbərlik etdiyi çar qoşunları üsyanı yatırır, Yuri yenidən Bizansa qaçır.

Həmin il Tamaranın oğlu Georgi, 1193-cü ildəsə qızı Rusudan dünyaya gəlir – gələcəkdə (ayrı-ayrı vaxtlarda) hər ikisi Gürcüstan taxtına əyləşəcəkdi.

Çariça Tamara

Çariça Tamara

Mənbə: google.az

Azərbaycan Atabəylər dövlətinin 1191-cü ildə öldürülən başçısı atabəy Qızıl Arslandan sonra başlamış hakimiyyət çəkişməsində Cahan Pəhləvanın oğlu əmir Əmiran Təbriz ətrafındakı döyüşdə məğlub olduğu (1192) qardaşı Əbu Bəkrlə yenidən vuruşmaq üçün 1195-ci ildə şirvanşah I Axsitandan, iki il sonra da Tamaradan dəstək istəyir. Çariça razılaşır və əri, baş komandan David Soslanı iki azərbaycanlı arasındakı hakimiyyət davasını birinin xeyrinə həll etməyə göndərir. 1194-cü ilin iyun ayında gürcülərlə şirvanlıların birləşmiş orduları ilk növbədə Şamxora (indiki Şəmkir) hücum edib atabəy Əbu Bəkri ordan vurub çıxarır, sonra onu Gəncədə də məğlub edirlər və Əbu Bəkr Naxçıvana getmək məcburiyyətində qalır.

Tamara vassallıq şərtilə Şamxoru I Axsitana verir, əmir Əmiran Gəncə atabəyi təyin olunur. Amma “kafirlərlə” iş birliyini ona bağışlamayan gəncəlilər tezliklə əmiri öldürürlər və onların dəvətilə Əbu Bəkr Gəncəyə qayıdır. Yenidən şəhərin üstünə qoşun çəkən gürcülərə bu dəfə çariça Tamara özü rəhbərlik edir, amma 25 gün mühasirədə saxladığı gəncəlilərin ciddi müqavimətilə rastlaşıb geri çəkilir və bir müddət sonra Naxçıvana yollanır.

Həmin kampaniyada əslən erməni və həqiqi soyadları Zəkaryan olan Mxarqredzeli qardaşlarının rəhbərliyi altındakı gürcü qoşunları 1202-ci ildə “Azərbaycan əyalətlərindən olan” Dəbil şəhərinə (mərkəzi Ermənistan) hücum edirlər və kömək üçün Əbu Bəkrə müraciət edən, amma ondan heç bir dəstək almayan şəhər əhalisini “insanın tükünü ürpərdən” səvəyyədə qılıncdan keçirirlər (Z.Bünyadov, “Azərbaycan Atabəylər dövləti”).

Gürcülərin qələbələrindən narahat olan Anadolu Səlcuqlu Dövlətinin (Rum sultanlığı) hökmdarı II Süleymanşah Gürcüstana qarşı irimiqyaslı müharibəyə hazırlaşmağa başlayır. Onu bu fikrə salan başqa bir səbəb Böyük Səlcuq İmperiyasını bərpa etmək niyyəti olur.

İlk konflikt 1201-ci ildə - II Süleymanşahın Gürcüstanın vassallığında olan Ərzuruma girməsiylə başlayır. İkinci konfliktdən əvvəl - dəqiq tarixi bilinməyən (1201 və ya 1204) Basiani döyüşü öncəsi Tamaranın Vardziada əsgərlər qarşısında şıxış edib onları ruhlandırması barədə qeydlər var. Yenə dəqiq olmayan məlumatlara görə, gürcülərin qəfil hücumuyla başlamış həmin döyüşdə Tamaranın qoşunu 5 minə yaxın, türklərsə guya 180 min canlı itkiyə məruz qalır. Rəqəmlər yanlış olmuş olsa belə, mənbələrin çoxunda Gürcüstan tərəfin çox böyük qələbə qazandığı qeyd edilir.

Bizans imperiyasının çöküşündən qısa müddət öncə (1204) gürcü qoşunları I Andronik taxtdan salınan zaman ailə torpaqlarının yerləşdiyi Trabzona (Trapezund) qaçmış və artıq iyirmidən çox yaşları olan Aleksey və David Komnin qardaşlarının (Tamaranın bacısı oğlanlarına) Konstantinopolu mühasirəyə almış səlibçilərlə mübarizəsinə yardım etmək üçün Bizans səfərinə çıxır və eyni adlı imperiyanın yaranmasını təmin edir. Osmanlı işğalına qədərki (1461) bütün sonrakı dövr ərzində Trabzon imperiyası və Gürcüstan arasında müttəfiqlik münasibətləri mövcud olur.

1206-cı ildə Mxarqrdzeli qardaşları Qarsı alırlar, 1209-cu ildə Ərdəbili xarabaya çevirirlər. Onların Naxçıvan ərazisindən Mərəndə, Təbrizə və Qəzvinə yürüşləri zamanı bir çox yaşayış məntəqələri qarət edilir.

Həmin ildə çar qoşunları Gürcüstan ərazisindəki etnik qruplardan olan xevsurların və pşavların üsyanını yatırmaq üçün Araqvi çayı boyunca yuxarı qalxıb etirazçıları susdurur və ərazidəki bütün qalaları məhv edir. Bu qruplara yeni qalalar tikmək qadağan edilir və bu gün Pşavi Gürcüstan ərazisində qalaları olmayan yeganə dağlıq ərazi olaraq bilinir.

****

Тamaranın ölüm tarixi haqqında dəqiq məlumat yoxdur. Ən inandırıcı tarix 1213-cü il hesab olunur, amma 1210 və 1207-ci illərlə bağlı da inandırıcı arqumentlər mövcuddur. Xəstəliyinin ilk dövründə Naçarmagevi sarayında qalan çariça sonradan Tbilisiyə, ordan da Aqarani qəsrinə aparılır. Hazırda bu qəsrin Tbilisinin Didqor rayonundakı Kocor qalası olduğu ehtimal olunur.

O, Aqaranidə vəfat edir, nəşini əvvəlcə Msxetiyə, ordan da Gelati monastırına aparıb ailə sərdabəsində dəfn edirlər. Amma sonralar məlum olur ki, Tamaranın nəşi orda yoxdur. 1920-ci ildəki arxeoloji qazıntılar zamanı o ərazidə çariçaya aid başqa bir məzar aşkar edilmir və onun Müqəddəs Xaç kilsəsi basdırılması versiyasını daha da güclənir.

****

Gürcüstanda çariça Tamaraya böyük sayğı və sevgi var. Çünki onun hakimiyyəti dönəmində Gürcüstan böyüyüb, inkişaf edib, qonşu ölkələrdə hakimiyyət uğrunda daxili savaşlar getməkdəykən gürcülər şimalda Böyük Qafqaz silsiləsindən cənubda Ərzuruma qədər, şimal-qərbdə Zixidən (indiki Qaraşay-Çərkəz Respublikası) cənub-çərqdə Gəncəyə qədər və ya “Pont (Qara) dənizindən Qorqan (Xəzər) dənizinədək, Speridən Dərbəndə, Qafqazın müxtəlif bölgələrindən Xəzəriyyəyə (Xəzər xaqanlığı) və Skifiyaya qədər” olan əraziyə hökm ediblər.

Gürcü ortodoks kilsəsinin də Tamaraya münasibəti yüksək səviyyədədir, çünki o, həm də kilsələrin inkişafı və çoxalması üçün böyük əmək sərf edib. Yəni zəmanəsinin ən tanınmış hökmdarlarından olan bu qadının Mömin Kral Tamara adlandırılaraq müqəddəsləşdirilməsi təsadüfi deyil.

Hər il mayın 14-də - “Tamaroba” günündə gürcülər onun xatirəsini yad edirlər. Rəsmi tədbirlər əsasən paytaxt Tbilisidə (Didub Müqəddəs Məryəm kilsəsində) və çariçanın heykəli olan Axaltsixdə qeyd edilir.

2010-cu ildə tikilən Mestia aeroportuna da onun adını veriblər – ölümündən 797 il sonra!

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  17 May 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/k422bu

Ən çox baxılan