Kosmos, allah, insan və yumurta

İlk insanın yumurtadan çıxması

Source:
Alov
Alov
Alov – Banner


KOSMOQONİYA VƏ YUMURTA

Novruz, Pasxa, Easter, Ostern və s. bayramlarının əsas simvollarından biri olan yumurta, bir çox dünya xalqlarının kosmoqonik (dünyanın yaranması), teoqonik (allahların yaranması) və antropoqonik (insanın yaranması) təlimlərində ciddi yer tutur.

Yumurta

Dünyanın yumurtadan çıxmasını (yaranmasını) ifadə edən söz „kosmik yumurta“ adlanır. Onun həm də ilk rəhim, potensial güc, kosmik zaman və məkan, həyat enerjisi kimi mənaları da var.

Qədim misirlilər, finikiyalılar, keltlər, hindlilər, perulular, Amerika yerliləri, çinlilər, indoneziyalılar, vyetnamlılar, yunanlar, yaponlar və b. dünyanın yumurtadan çıxdığına inanıblar.

Qədim Misir miflərində tanrı Ptah kainatın yaradıcısı və böyük sənətkar adlanırdı. Aşağıdakı rəsmdə Ptah dulusçu kimi Günəşi, Ayı və Yeri yumurta formasında düzəldir.

Yumurta

Qədim  misirlillərin başqa bir mifinə görə dünyada heç nə yoxkən, yalnız ucsuz-bucaqsız okean olan ana-tanrı Nun varmış və onun üstündə üzən yumurta çatlayır, içindən Günəş-Ra çıxır.

Kosmik yumurta Avropanın ən qədim xalqlarından olan keltlərdə də olub. Ancaq keltlər kosmik yumurtanı ilan yumurtası kimi təsəvvür ediblər.

Yunanlara görə yer ana-tanrısı Gaia-nın başqa bir görünüşü olan Eurynome kainatı yumurta formasında hazırlayır və Ophion-a tapşırır ki, yumurta çatlayana qədər ona göz-qulaq olsun.

Afrikanın bir çox yerində də kosmik yumurta ilə əlaqəli miflər vardır.

Cənubi Afrikanın ən qədim və sirli xalqlarından olan doqonlarda yumurta olduqca urvatlı bir yer tutur. Doqon kosmoqoniyasında da bütün kainat yumurta kimi təsəvvür edilir. Doqonlara görə hər şeyin yaradıcısı Ammanın rəhmində kainat yumurtası varmış. Qalaktika Ammanın kainat yumurtasının çatlaması ilə meydana gəlib.

Zərdüştçülüyə görə də, göy üzü parlaq metaldan yumurta formasında yaradılıb.

Polineziya qəbiləsinə görə tanrı Taaroa bir yumurtadan doğulub. O, sonra yumurtanın bir hissəsindən yeri, o biri hissəsindən isə göyü yaradır.

Yumurta

Cənubi koreyalılar inanırmışlar ki, bir zamanlar göy yumurta şəklində, yer üzü isə bir yumurtanın içində olub.

Qədim Hindistan yerliləri Druidlər də kosmik yumurtanı ilan yumurtası kimi düşünüblər.

Qədim ənənələrdə Günəş – qızıl yumurta, Ay – gümüş yumurta kimi təsvir edilib.


ALLAHLARIN YUMURTADAN ÇIXMASI

Qədim insanlara görə təkcə qalaktika, Günəş, Ayın,Yer deyil, allahlar da yumurtadan yaranmışdır.

Babil mifində qadın-tanrı İştar bir yumurtadan çıxıb.

Qədim hindllilərə görə ilahi quş sulardakı kosmik qızıl yumurta üstündə kürt yatdıqdan sonra, bu yumurtadan Brahma fışqırmış, yumurtanın iki yerə bölünən hissəsindən yer və göy yaranmışdır. Kosmik yumurta həm də Vişnunun evidir, bu evdə dağlar, düzənliklər, dənizlər, tanrılar, şeytanlar və insanlar da var.

Misirlilərə görə tanrı Osiris də Brahma kimi yumurtadan çıxmışdır. Osirisin həm bacısı, həm də arvadı olan İsisin başqa adı qaz yumurtasıdır.

Yumurta

Yunanıstanda Orfik kosmoqoniyasına görə işıq tanrısı Phanes (Protogonus) kosmik yumurtadan çıxan ilk varlıqdır. Protoqonus –ilk doğulan deməkdir.

Xristianlığa görə qabığını qırıb dünyaya çıxan cücə İsanı təmsil edir. Xristianlarda Pasxa, yaxud Ostern yumurtaları da İsanı simvollaşdırır.

İsanın yumurtanın qabığını qırıb çıxması, onun dirilişi, yenidən doğulması mənasındadır.

Almaniyada Ostern bayramında (başqa xristian ölkələrində bu bayram Eastre, ya da Pasxa və s. adlanır) yumurta ilə ağac bəzəmə, yumurtaları bəzəkli boyama adəti də İsanın dirilişi ilə əlaqələndirilir. Hər il martın sonu, aprelin əvvəlləri gerçəkləşən bu bayramın sabit bir vaxtı yoxdur. İngilislərdə Easter, almanlarda Ostern sözü Anglasakson paqan ana-tanrısı Eastre-dən gəlir. Kökü şumerə dayanan qadın-tanrı İştar-ın adına gedib çıxan Ostern ayrı-ayrı xalqlarda Astarte, Afrodita, Eastre, Ostara kimi dəyişikliklərə uğrayıb.

Yumurta

Edain Mc Coy yazır ki, Almaniyada bir zamanlar bakirə tanrı-qadın Ostaranın ekinaks günü (gecə ilə gündüzün bərabərliyi) bayramı edilirdi. Sonralar həmin bayram Ostern adıyla İsaya aid edildi və vaxtı dəyişdirildi.


İLK İNSANIN YUMURTADAN ÇIXMASI

Çinlilərə görə ilk insan, tanrı Tienin göydən sulara atdığı yumurtanın içindən çıxıb. Çinlilərin 3-cü əsrdə meydana gətirdiyi güman edilən başqa yaradılış mifinə görə isə, əvvəldə heç nə olmayıb, yalnız nəhəng bir yumurtanın (bəzi mənbələrdə onun Dao olduğu deyilir) içində nəm və qaranlıq xaos varmış. Yumurtanın içində bir varlığın əmələ gəlməsi üçün şərait olduğuna görə, orada Panqu yaranır və o, böyüməyə başlayır. Panqu o qədər böyüyür ki, yumurtaya sığışmır, yumurtanı qırıb çıxır. Qabığın bir hissəsindən yer (in), bir hissəsindən göy (yang) meydana gəlir. Yer və göy bir-birinə qarışmasın deyə Panqu onları uzun zaman bir-birindən uzaq qalana qədər saxlayır və ölür. Onun bədəninin müxtəlif yerlərindən – gözlərindən ay, günəş, ətindən torpaq, səsindən göy gurultusu, qanından çaylar, damarlarından yollar, birələrindən isə insan yaranır.

Yumurta

Çinin cənubunda yaranan əfsanəyə görə isə böyük tufandan sonra yer üzündə yalnız bir qız, bir oğlan sağ qalır. Onların birləşməsindən qız bir yumurta yumurtlayır, yumurtanın içindən çoxlu uşaqlar çıxır.

Okeaniya xalqları da ilk insanın yumurtadan doğulduğuna inanırdılar.

Yunan mifində hazırda əkizlər bürcünü təmsil edən iki qardaş – Polluks və Kastor yumurtadan çıxıblar, onlara „dioskuri“ – ekizlər, ya da Zevsin gənc oğlanları da deyirlər. Mifə görə onlar içindən çıxdıqları yumurtanı yarısını başlarında papaq kimi gəzdirirlər.

Cənubi Koreyalıların əfsanəsinə görə bir nəfər içində uşaq olan bir yumurta tapır. Yumurtadan çıxan həmin uşaq sonralar böyüyüb dünyanın ağası olur.

Buddizmdə yumurta qabığı cəhalət rəmzidir, onu qıran ikinci dəfə doğulur, kamilliyə çatır, zamanın və məkanın o tayına keçir.

Yumurtada dişilik elementləri görmək ərəblərdə də mövcud idi. Ancaq Məhəmməd peyğəmbərin dilindən, Quranda yumurta ifadəsindən doğumun təməl ünsürü kimi deyil, qadın cinsindəki cənnət hurilərinin erotik təsviri üçün istifadə edilib: „Yanlarında gün dəyməmiş yumurta kimi baxışlarını yalnız ərlərinə dikmiş gözəl gözlülər vardır.“(Səffat, 48-49)

Nəyahət, sonda bu və bundan əvvəlki yazımda yumurtanın mərifətlərini bilməklə Yaz bayramının simvollarından birinin sirrini bilmiş olduq.

Yumurta


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəKosmos, allah, insan və yumurta