Ona verilən həbs cəzasının artırılması gözlənilir
D18 Hərəkatının həbsdə olan üzvü Cəlil Zabidovun aclıq aksiyasına başlayıb. Bu barədə Meydan TV-yə hərəkatdan verilən məlumatda bildirilir ki, C.Zabidov həbsdə olduğu 5 ay ərzində dəfələrlə işgəncələrə məruz qalıb.
Yardımlı rayonunun Dəlləkli kəndindəki orta məktəbin müəllimi olmuş 35 yaşlı Cəlil Zabidov bu ilin mayında xuliqanlıq ittihamıyla 5 ay azadlıqdan məhrum edilib. Ona verilən cəza oktyabrın 22-də başa çatacaq. Amma C.Zabidov özü də, üzv olduğu D-18 Hərəkatı da onun cəzasının uzadılacağını istisna etmir.
Yardımlı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri onu rayondakı korrupsiya halları barədə yazılarına görə xüsusi ittiham qaydasında məhkəməyə verib. Onun Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cəzalandırılması tələb olunub. Oktyabrın 12-də Yardımlı Rayon Məhkəməsində bu iş üzrə ona hökm oxunacağı gözlənilir.
“Güman olunur ki, birinci iş üzrə çıxarılan hökmün müddəti bitənə qədər yeni azadlıqdan məhrumetmə cəzasına məhkum olunacaq”, – D18 Hərəkatından bildirilib.
C.Zabidov həm də sosial şəbəkələrdəki “Korrupsiyaya “yox” de” səhifəsinin əməkdaşıdır. O, bu il fevralın 9-da keçirilən parlament seçkiləri zaman 72 saylı Yardımlı-Masallı seçki dairəsinin 1 saylı məntəqəsində baş verənlər haqda videoları ictimailəşdirəndən sonra cinayət məsuliyyətinə cəlb olunub.
“Mən seçkidə müstəqil müşahidəçi idim. Açıq-aşkar Musa Qasımlının xeyrinə saxtakarlıq edirdilər. Mən bu faktları çəkib yaydım, orada etirazımı da bildirdim. Buna görə komissiya üzvləri məni təhqir elədilər, vurdular. Bunun da videosu yayılıb. Seçki günü olanlarla kifayətlənmədilər. Ertəsi gün məntəqə seçki komissiyasında olanlardan Hamlet Əməşov məni döyüb, qolumu sındırdı. Əvvəl həm onun, həm də mənim haqqımda cinayət işi başladılar. Mənim qolumun sınmasına görə ona daha ağır ittiham vermişdilər. Amma bir qədər sonra onun haqqındakı işi bağladılar, sanki mənim qolum sınmamışdı. O, çevrilib zərərçəkmiş oldu…”, – C.Zabidov məhkəmə zalında həbs olunmamışdan əvvəl Meydan TV-yə açıqlamasında bildirmişdi.
İş günü olmadığına görə C.Zabidovun aclıq etməsi və işgəncəyə məruz qalması haqda deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.