Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin əməkdaşlarının məhkəməsi davam edir
“Biz cızıqdan kənara çıxmamışıq. Tut, as, kəs, amma ədalətlə. Əmsal doğru qoyulmayıb. Bütün hesabatları Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə vermişdim, itirdilər”.
Bunu məhkəmə prosesində ifadə verən Rabitə Mülki Tikinti MMC-nin rəhbəri olan Emin Məmmədov deyib. Ondan əvvəl isə təqsirləndirilən Səhləb Hümbətov ifadə verib.
Dekabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin məhkəməsi davam edib.
Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda Səhlab Hümbətov deyib ki, həbs olunan zaman “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi işləyib. S.Hümbətov nədə ittiham olunduğunu bilmədiyini, pul mənimsəmədiyini deyib. O bildirib ki, qızı xəstə olduğundan onun müalicəsi üçün bir neçə dəfə müdiri Namazəli Məmmədovdan pul alıb. N.Məmmədov həmin pulu xeyriyyəçilik məqsədi ilə öz hesabından verdiyini deyib. Daha sonra iclasda vəkillər bildiriblər ki, ittihamda bir yerdə S.Hümbətovun 32400 manat, bir yerdə isə 31200 manat mənimsədiyi yazılıb. Hakim “yəqin az olan məbləğ düzdür” – deyib.
S.Hümbətov isə pul mənimsəmədiyini, 6 milyon 700 min manatı mənimsəməyə cəhd etmədiyini deyib. O, istintaqa verdiyi ifadəni elan edib. İstintaq zamanı S.Hümbətov deyib ki, qızının müalicəsi üçün N.Məmmədov ona 10 min manat pul verib.
Daha sonra təqsirləndirilən Emin Məmmədov ifadə verib. O, ifadəsində alma alverindən, qırın qazanda qaynamasından danışıb. Hakim ona irad bildirərək mahiyyəti üzrə danışmağı tələb edib. E.Məmmədov deyib ki, istintaq orqanı haqsızlıq edib.
Beytulla Hüseynov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. MTN ətrafında baş verənlərdən sonra prokurorluqda cinayət işi başlanıb və B.Hüseynov da şahid kimi istintaqa cəlb olunub. Onun ifadəsindən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı araşdırmalar başlanıb.
V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Vergilər Nazirliyi (VN) isə təqsirləndirilən B.Vəliyevə qarşı 255 min manatlıq mülki iddia irəli sürüb.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.