Prezident Administrasiyası

Mənbə: arxiv

Başlıq: Prezident Administrasiyası

“Korrupsiya ilə bağlı şübhəlilər komissiyanın başında dayanıb”

Həqiqətənmi, ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparmağa “köhnələr” mane olurdu?

Avqustun 31-də Prezident tərəfindən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvləri təyin olunub. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, PrezidentAdministrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov, Daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Komissiya üzvləri təyin ediliblər.

Komissiyanın bundan əvvəlki üzvləri Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, keçmiş Daxili işlər naziri Ramil Usubov, Prezident Administrasiyasının keçmiş Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev, Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəisi Mədət Quliyev olub. Komissiyaya Ramiz Mehdiyev başçılıq edirdi.

Komissiyanın sədrinin ilk iclasda seçiləcəyi gözlənilir

“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna əsasən, Azərbaycan Respublikasında korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya həyata keçirir. Komissiya 2004-ci il martın 3-də yaradılıb, 15 nəfərdən ibarət tərkibdə təşkil edilir. Komissiyanın 5 üzvü Prezident, 5 üzvü Milli Məclis, 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

Bu il iyunun 5-də Milli Məclisin qərarı ilə parlamentin 5 üzvü - Milli Məclis sədrinin müavini Adil Əliyev, deputatlar Əminə Ağazadə, Elşad Mirbəşir oğlu, Arzu Nağıyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Komissiyaya üzv təyin olunmuşdular. Avqustun 26-da isə Konstitusiya Məhkəməsinin qərarı ilə Baş prokuror Kamran Əliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəməsinin sədri Ramiz Rzayev, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov komissiyaya üzv təyin ediliblər.

Avqustun 31-də Prezidentin verdiyi sərəncamla Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın tərkibi tamamlanıb. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya sədrinin üzvlər arasından səsvermə yolu ilə ilk iclasda seçilməsi gözlənilir.

Bəs görəsən hakimiyyətin yeni formalaşdırdığı komissiya ilə korrupsiyaya qarşı mübarizə ciddiləşəcəkmi?

Bu sual həm son vaxtlar DTX-nın və Baş prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin regionlarda korrupsiyaya qarşı mübarizə adı altında keçirdiyi əməliyyatlar, həm də hakimiyyətin “yeni və köhnə komanda” siyasətinin fonunda maraqlıdır. Həqiqətənmi, ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparmağa “köhnələr” mane olurdu?

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov deyir ki, komissiyanın tərkibinin dəyişdirilməsi rutin bir prosesdir. Onun sözlərinə görə, hakimiyyətdə bir çox rəhbər şəxsin vəzifələri dəyişdirildiyindən, eləcə də Milli Məclisə bu il keçirilmiş seçkilər nəticəsində bir sıra deputatlar yeniləndiyindəm komissiyanın tərkibinin dəyişdirilməsi zərurəti yaranıb.

“Bu dəyişikliklə korrupsiyaya qarşı mübarizə üçün xüsusi iradənin və ya yeni strategiyanın tətbiq olunduğunu demək tez olar. Daha çox hakimiyyətdə dəyişimin nəticəsi olaraq bu dəyişiklik baş verib”, –Akif Qurbanov belə deyir.

Akif Qurbanovun sözlərinə görə, komissiyanın əsasnaməsinə baxdıqda aydın olur ki, bu komissiya daha çox məşvərət xarakterli funksiyaya malikdir. Konkret olaraq sanksiya tətbiq edə biləcək səlahiyyətinə malik olan bir qurum deyil. Yəni “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna əsasən, bu səlahiyyətlər aidiyyatı üzə hüquq-mühafizə orqanlarına aiddir:

“Hüquq- mühafizə orqanları öz funksiyalarını icra edərsə, korrupsiyaya qarşı mübarizədə ciddi nəticələr əldə etmək olar. Bunu komissiyadan gözləmək bu səlahiyyət çərçivəsində adekvat gözlənti deyil”.

“Öz-özünə qarşı mübarizə aparmaları real gözlənti deyil”

Akif Qurbanovun fikrincə, bu komissiya istər təşviqat, istər ictmai müzakirələr, istər şəffaflığın təminatına yönəlmiş siyasi addımların atılmasında rol oynayabilər. Həm də əlavə edir ki, bu günə qədər bu komissiyanın fəaliyyətində belə bir nəticə görünməyib. Ekspert deyir ki, komissiyanın tərkibinə müstəqil şəxslər də daxil edilsəydi, hansısa real nəticələr gözləmək olardı:

“Əksinə, daha çox haqqında korrupsiya ilə bağlı şübhələr olan insanlar bu komissiyanın başında dayanıblar. Bu gün də böyük mənada dəyişən bir tərkib yoxdur. Sadəcə vəzifəyə təyin olunanların bir çoxu yeni simadır deyə cəmiyyət həmin insanların bir çoxunu tanımır. İcra etdiyi funksiyalara görə korrupsiyaya qarşı ciddi mübarizə aparacaqları etimalını azaldır. Çünki onların özləri belə korrupsiya mexanizmlərinin başında dayanırlar. Yəni həmin insanlar ayrı-ayrı nazirliklərin, strukturların başında dururlar və orada belə mexanizmlərin olmasına dair şübhələr var. Yəni öz-özünə qarşı mübarizə aparmaları real gözlənti deyil. Real mübarizə istənilirsə, hər üç hakimiyyət qolundan təqdimat qaydasını saxlamaqla, tərkibə müstəqil şəxslər də daxil edilsəydi, real nəticələr gözləmək olardı”.

Akif Qurbanov

Akif Qurbanov

Mənbə: Facebook

Akif Qurbanov vurğulayır ki, korrupsiyaya qarşı ciddi mübarizə aparmaq üçün iradə ortaya qoyulursa, o zaman hər kəs bu sahədə qanunvericiliyin tələblərinə əməl etməlidir.

“Mövcud şərtlər altında Prezident korrupsiyaya qarşı mübarizə üçün iradə qoyursa , ilk növbədə özü “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl etməlidir. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 7-ci maddəsinə görə vəzifəli şəxs tabeliyində öz yaxın qohumunu vəzifəyə təyin edə və ya saxlaya bilməz. Əgər təyin etdiyi şəxsi vəzifədə saxlamaq istəyirsə, özü vəzifədən imtina etməlidir. Mövcud vəziyyətdə Birinci Vitse- prezident Prezidentin ailə üzvüdür. Prezident yaxın qohumunu öz tabeliyində vəzifəyə təyin edib. Belə olduğu təqdirdə korrupsiyaya qarşı real mübarizədən danışmaq mümkün deyil”.

Ekspert həmçinin korrupsiyaya qarşı mübarizə çərçivəsində bütün vəzifəli şəxslərin gəlir bəyannaməsi verməli olduğunu vurğulayır:

““Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 5-ci və 6-cı maddəsinin tələblərinə görə, maliyyə gəlirləri ilə bağlı bütün vəzifəli şəxslər illik deklarasiya verməlidir. Maliyyə gəlirlərinin mənbələri və miqdarı haqda cəmiyyətə məlumat verilməlidir. 15 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə real addımlar atılmayıb. Baxmayaraq ki, Azərbaycan bununla bağlı beynəlxalq konvensiyalara qoşulub, ictimai müzakirələrdə yetkililər tərəfindən dəfələrlə səsləndirilir, amma bununla bağlı real addım yoxdur. Azərbaycanda heç bir vəzifəli şəxs gəlir deklarasiyası haqda məlumat vermir. Qanunun tələbləri icra olunmursa, ali vəzifəli şəxslər tərəfindən pozulursa, real korrupsiyaya qarşı mübarizədən danışmaq mümkün deyil”.

Arzu Nağıyev: “Bu mübarizə daha ciddidir və geniş vüsət almaqdadır”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın yeni üzvlərindən biri, deputat Arzu Nağıyev isə bildirib ki, ölkədə korrupsiya ilə bağlı ciddi mübarizə başlayıb və bu proses getdikcə daha da inkişaf edəcək.

Arzu Nağıyev

Arzu Nağıyev

Mənbə: google.az

“2018, 2019 və 2020-ci ildə korrupsiyaya qarşı mübarizə başlayıb. Bu mübarizə daha ciddidir və geniş vüsət almaqdadır. Komissiyanın iclaslarından sonra bu proses daha da davam edəcək. Çünki istənilən islahatın inkişafına mane olan əsas məsələlərdən biri məhz korrupsiyadır”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/u7pakx

Ən çox baxılan