Məhkəmənin hökmü ilə Nəsibə Qurbanova 20 il azadlıqdan məhrum edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində iki körpə uşağını qətlə yetirən 1988-ci il təvəllüdlü Nəsibə Qurbanovanın cinayət işi üzrə məhkəməsi başa çatıb.
“Report”un məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə həmin şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Qurbanova 20 il azadlıqdan məhrum edilib.
Qətl hadisəsi bu ilin may ayında baş verib. Bakının ikinci Albalı bağ massivi 515-ci bağ evində yaşayan 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Qurbanova evdə tək olarkən iki körpə uşağını boğaraq öldürüb. Qadın daha sonra öz ürəyinə bıçaqla zərbə yetirib. Qadın ağır yaralı vəziyyətdə xəstəxanaya aparılıb. Onun həyatını xilas etmək mümkün olub. Məlum olub ki, o, 2012-ci il təvəllüdlü Ayan Asif qızı Məlikzadəni və 10 aylıq körpəsi Ayşəni boğaraq öldürüb. O, hadisəni yaşamaq istəməməsi və övladlarını heç kimə əmanət edə bilmədiyi üçün törətdiyini bildirib.