Körpələrimizə ”evlənmək” terroru

Bizim tərəflərdə bir Güləndam qarı vardı.

Source:
Günel Mövlud (illüstrasiya)
Günel Mövlud (illüstrasiya)

Bizim tərəflərdə bir Güləndam qarı vardı. Heç vaxt ərə getməmişdi. Atasından ev, pul qalmışdı, özü də zirək qadın olduğundan sovet vaxtı işləyib yaxşı qazanmışdı. Ömürboyu kurortlar, sanatoriyalar gəzmişdi. Sağlam, gözəl qadın olmuşdu cavanlığında. Bu sağlamlığı, şuxluğu özünün qoca, qarı vaxtına da gətirib çıxara bilmişdi.

Dəvət olunduğu bütün məclislərə gözəl, bahalı hədiyyə ilə gəlirdi, əynində ən gözəl paltar, başında təzəliyindən parlayan şal, ayağında qəşəng məstlər olurdu, toylarda nəmər vemək üçün pulqabısını çıxaranda dolu cüzdandan pul pırtlayıb çıxırdı. Evində çox az iş görərdi, verdiyi paltarların, xırda-xuruş hədiyyənin müqabilində qonşu qızlar evini süpürər, yeməyini bişirər, qonşu cavanlar mal-qarasına baxar, həyətinin alağını edər, otunu biçər, agaclarını budayardılar. Hamını yerdən-göyə razı salardı, heç kim onunla pis münasibətdə olmaq istəməzdi, əlinin bərəkətli olduğunu hamı təsdiqləyərdi. Bizim tərəfələrdə bir söz var, o qadın barədə həmişə işlədərdilər: Güləndamdan çörək iyi gəlir…

Köçkünlük vaxtında da ağıllı tərpənmişdi, vaxtında evinin ən bahalı əşyalarını təhlükəsiz rayonlardan birinə daşıtdırmış, mal-qarasını İrana adladıb satdırmış, qızıl almışdı. O illərdə bizimlə bir yerdə çadır şəhərciyində yaşayırdısa da, nümayəndələrə rüşvət verib, ən iri çadırı almış, böyür-başında kölgənəcək, taxta oturacaqlar, bir balaca çadırdan hamam düzəltdirmişdi. Hamı bilirdi ki, Güləndam el-oba ilə bir yerdə olmaq istədiyinə görə heç yana getmir, əslində qızılları, əlindəki varidat ona bəs edirdi ki rayonlardan birindən ev alsın, yaşasın orda.

Çadır yerində də bizimkilərin normal həyatı davam edirdi. Şənliklər, məclislər öz miqyasını, təntənəsini azaltsa da, sayları azalmamışdı, toy edən, qız köçürən, sünnət toyu edənlər burda da öz işlərində idilər. Və Güləndam arvad burda da yenə məclislərin ağbirçəyi, başda oturan, ən gözəl hədiyyəni gətirən hörmətli qonaq idi.

Məclislərin birində qadınlar oturan çadırda mübahisə düşmüşdü. Hamı bilirdi ki, birazdan Güləndam gələcək. Toyu olan qızın anası hamıya yalvarırdı ki, qıza alınan paltarlar göstəriləndə birinci Güləndam əl vurmasın, heç nəyin də siftəsinə o toxunmasın: “Ərsiz, züryətsiz arvaddır, uğursuzluq gətirər, qızım da onun kimi olmasın…”.

Onun qızının taleyini indi də izləyirəm, 3 uşaq doğub, əri gündə döyür, rayonda kasıbçııq içində yaşayır, əyni-başı həmişə nimdaş olur, özü də ağır həyatdan bu yaşda az qala beli bükülüb. Düşünürəm ki, guya o qızın taleyi Güləndam kimi olsaydı, pis olan nə olacaqdı ki? Rifah içində yaşamağı? Özünə, sağlamlığına vaxt ayırmağı? Ömrüboyu cavan, şux qalmağı?

Amma yox. O qıza Güləndam taleyini arzulayan olsa, anası da, özü də o adamı parçalayardılar. Çünki Güləndamın ən vacib şeyi yox idi. Əri, ailəsi. Daha fərqi yoxdur bu evlilik necə olacaqdı. O ər necə adam olacaqdı. Bəlkə narkoman, bəlkə murdar adam olacaqdı, bəlkə onun ucbatından Güləndam gənc ikən qocalacaq, xəstə düşəcək idi, fərqi yoxdur. Əsas o idi ki, kim olur olsun, təki o ər olsun, təki o ərli qadın statusu onda olsun.

Oğlumun cəmi 3 yaşı var. Onu yaşıdı qızlarla tanış edəndə, ya hansısa söhbətlər zamanı “bu qızı alarsan” ya “evlənərsən” kimi söhbətlər etmirik. Belə şeylər adətən dostlarla görüşəndə baş verir. Kimsə 3 yaşlı uşağın yanında evlənmək, kimisə almaq söhbətlərini edəndə tez etiraz edirəm. Xahiş edirəm ki, belə söhbətlər etməsinlər.

Çünki yetkinlik yaşına çatandan sonra yaşadığım kompleksləri, iztirabları oğlumun yaşamasını istəmirəm. Çünki ailə qurana qədər nə edirsəm edim, tutduğum sosial pillədən, savadımdan, uğurlarımdan asılı olmayaraq, özümü natamam, kəm, bədbəxt hiss edirdim. Düşünürdüm ki, Nobel mükafatı ala bilərəm, dünyanı gəzə, istədiyim vəzifəyə, dövlətə, şöhrətə sahib ola bilərəm, amma ailəm yoxdursa, bütün bunların heç bir mənası olmayacaq.

Mən ailə qurmağın vacib olduğunu bunu istədiyim üçün deyil, sosial sifarişin belə olduğunu bildiyim üçün düşünürdüm. Uşaqlıqdan ailəmin, qohumlarımın, tanıyan, ünsiyyəti olan hər kəsin məni hazırlaşdırdıqları bir prosedur, bir status vardı. Evlilik proseduru, evlilik statusu. Bu prosedurdan keçməyən, bu stasusa sahib olmayan birinin insanlar tərəfindən necə qarşılandığını görmüşdüm uşaqlıqdan. Gözümün qarşısında onlarla Güləndam taleyi vardı. Şəhərli, kəndli, vəzifəli, vəzifəsiz, gözəl, çirkin Güləndamlar. Onlar barədə bircə fikir mövcud idi – ugursuzdur, ərsizdir, uşaqsızdır.

Mən qızlar görmüşdüm ki, 3 ali təhsili var, qızlar görmüşdüm ki, 5 dil bilir, qızar görmüşdüm ki, əla vəkildir, qızlar görmüşdüm ki, biznesini qurub, bütün qohumlarına kömək edir. Amma hamısına insanların baxışında bir mərhəmət hissi, ya qara, iyrənc bir sevincqarışıq həsəd hissi: ailəsizdir, uşaqsızdır, uğursuzdur.

Mən Güləndamı ona görə daha ağrılı qəbul etmişdim ki, o, mənim cinsimdən idi, onun yerinə özümü qoya bilirdim. Amma yaşlandıqca kişilərimizin də eyni taleyə sahib olduğunu, hər şeyə sahib olsa da, ailəsi yoxdursa, eyni münasibəti gördüyünün şahidi oldum. Bircə fərqlə ki, kişinin rahat gəzmək, əylənmək, cinsi həyat yaşamaq imkanı var, qadındasa yoxdu. Amma ailə qurmayan insanlara göstərilən mərhəmət, təəssüf hissləri eynidir. Onlar barədə fikir eynidir: ailəsizdir, uşaqsızdır, uğursuzdur…

Bizim özümüzü də elə hiss etməyə məcbur edirlər. Uşaqlıqdan bizi müşayiət edən evliliyin zəruriliyi gerçəyi, ailəsizliyin uğursuzluq, bədbəxtlik olduğu düşüncəsi ömürlük beynimizə, ürəyimizə həkk olunur. Məsələ başqalarının düşünməyi, hesab etməyi ilə bitmir artıq, biz özümüz elə hiss edirik: ailəsizik, uşaqsızıq, bədbəxtik!

Mən oğlumun bunları yaşamasını istəmirəm. Övladımı evlilik söhbətindən uzaq tuturam. Qoy bunun zəruriliyini hiss etməsin. Qoy görsün ki, evlilik yaşam tərzlərindən ancaq biridir. İnsan tək də yaşaya bilər ömür boyu, dostları ilə bir evdə də yaşaya bilər, sevgilisi ilə də yaşaya bilər, istəsə evlənib, ailə də qura bilər. Amma variantlar çoxdur, seçimlər çoxdur və heç biri nə daha uğurlu, nə də daha uğursuz deyil. Bu, mənim övladımı cəmiyyətin tabularından, sifarişlərindən, məcburetmələrindən qoruma cəhdimdir.

Ana səhifəMənim FikrimcəKörpələrimizə ”evlənmək” terroru