Körpə Hitleri öldürmək

Öldürmək çıxış yoludurmu?

Source:


Zamanda səyahət etmək imkanınız olsa idi körpə Adolf Hitleri öldürərdinizmi? Bu sual ABŞ-da 2016-cı ildə Respublikaçılar Partiyasından prezidentliyə namizəd keçmiş prezident Corc H.W.Buşun oğlu, eyni ailədən çıxmış digər bir prezident Corc W. Buşun isə qardaşı  Ceb Buşa ünvanlanıb. Ceb suala cavab olaraq: “ Bəli, edərdim” (“Hell, yeah, I would”).

Amerikanın Nyu York Times jurnalının oxucular arasında apardığı bir sorğuya gələn cavablar mövzunu bir az daha aktuallaşdırıb. Oxuculardan soruşulur: “Körpə Hitleri öldürə bilərdinizmi?”. Sualı 30% – yox, 28% – əmin deyiləm, 42% isə“bəli” deyə cavablandırıb.

Körpə Hitleri öldürməklə bağlı əxlaqi problem ondan ibarətdir ki, milyonlarla başqa insanları xilas etmək üçün bir nəfərin ölümünü əxlaqən doğru hesab etmək olarmı? Azərbaycanın və ya bizim xalqın həyatına təsir edən hansısa başqa liderin tarixən olmamağını istəmək, ölümünü arzulamaq əxlaqi baxımdan doğrudurmu? Hər halda bu kimi əxlaqi problemler tarixdəki bir çox təcrübədə öz həllini tapıb. Bəs Azərbaycanda bu necə əks olunub? Bir və ya bir qrup insanın varlığı naminə bütün xalqın həyatı qurban verilib. Siz olsanız, bunu edən insanları zamanda səyahət edib öldürmək istəyərdinizmi? Siz bunu düşünərkən məsələnin digər yönlərinə də diqqət yetirək.

Hitleri tarixdən silməklə bağlı ən güclü arqumentlərdən birisi Holokostdur. Holokostun həyata keçirilmə mexanizimləri, qaz kameraları, Nurenberg qanunları sırf Hitlerin Almaniyanın kansleri olduğu dövrdə (1933-45) onun siyasi varlığı ilə meydana gəlmiş, yaşanmış tarixi təcrübələrdir. Xəyalən də olsa, zamanda səyahət edərək Hitlerin öldürüldüyünü təsəvvür etsək, doğrudanmı İkinci Dünya Müharibəsi yaşanmayacaqdı? Bu açıq sualdır, bütün cavabları tarixi təcrübəyə, dövrün sosial-siyasi əhval-ruhiyyəsinə bağlı olaraq ehtimallar əsasında qiymətləndirmək olar.

Hitlerin tarixdə olmamağı Holokostun, altı milyon yəhudinin, beş milyon qeyri-yəhudinin Almaniyada və işğal olunmuş ölkələrin kamplarında ölməyəcəyini düşünməyimizə əsas verə bilər. Hitlerin iqtidarda olduğu Üçüncü Reyx olmamış olsa və İkinci Dünya Müharibəsinin də yaşanmamış olduğunu fərz etsək, Amerika indiki qədər güclü bir dövlət ola bilərdimi? Nəzərə almaq lazımdır ki, İkinci Dünya Müharibəsi sonrasındakı beynəlxalq vəziyyətdən iqtisadi-siyasi mənada ən çox faydalan ölkə məhz Amerika olub.

İkinci Dünya Müharibəsinin ən böyük qurbanlarından hesab edilən yəhudi xalqı da öz dövlətlərini 1948- ci ildə yaratdılar. Müharibədən əvvəl yəhudilərin öz dövlətlərinin olmaması yaşadıqları Avropa dövlətlərində vətəndaşlıq kimliklərindən məhrum edilərək kamplarda kütləvi məhvlərinə səbəb olmuşdu. İkinci Dünya Müharibəsi olmasaydı, Holokost yaşanmasa idi, İsrail dövləti yaranardımı? Müharibə dövründə Amerikanın miqrasiya qanununa gətirilmiş dəyişikliklər, Britaniyanın qapılarını bir az daha bağlaması yəhudilərin, o cümlədən digər müharibə qurbanlarının köç etməsinin qarşısını almışdı. Məsələ ümumi tarixi yaddaşda əks olunduğu kimi sadə deyil. Digər Avropa ölkələrinin öz maraqları üçün yəhudiləri vətəndaş haqlarından məhrum etmələri onların Hitler kamplarında kütləvi məhv edilməsində az rol oynamayıb.

Müharibələrin çox böyük fəlakət olduğuna heç bir şübhə yoxdur. Lakin onu da qeyd etməliyik ki, İkinci Dünya Müharibəsinin Amerikaya, Avropaya faydası az olmayıb. İkinci Dünya Muharibəsi kompyuter texnologiyasının, aviasiya sənayesinin, tibbin bəzi sahələrinin (antibiotikler, anasteziya), nüvə enerjisi və nüvə silahlarının yaranmasına, dövlətlərarası beynəlxalq əməkdaşlıq təşkilatları (BMT, NATO), Avropanın ənənəvi kolonyalizm siyasətinin sonunun başlanğıcı bu müharibədən sonra yaranmağa, formalaşmağa başlayıb.

Hitler iqtidara gəlməmiş və İkinci Dünya Müharibəsi yaşanmamış olsa idi, Avropadan Amerikaya köçmüş yüzlərlə elm adamı (fizik, kimyaçı, riyaziyyatçı, sənət adamları) necə olacaqdı? Amerikaya köç etmiş məşhur elm adamları arasında Albert Eynşteyn, Niels Bohr, Enrico Fermi, Leo Szilard və digərləri var. 1939-cu ildə Eynşteyn və Szilard Amerika prezidenti Franklin Ruzvelti inandıraraq Manheten lahiyəsinə başlayırlar. Bohr, Fermi, Szilard və başqa bir çox avropalı elm adamları birgə çalışaraq dünyanın ilk nüvə bombasını yaradırlar.

İntelektual güc Avropada qalsa dünya tarixi daha necə formalaşacaqdı? Ferminin ilk süni nüvə reaktorunu Cikaqodakı futbol stadionunda yox, Mussolini İtaliyasında yaratmış olsa.. İlk atom bombasının dünya müharibəsini sonlandırmaq üçün yox, başlatmaq üçün atılsa idi… Zamanda səyahət edərək Hitleri öldürməyin bizə yaxşı və ya pis mənada nələrə başa gələcəyini bilmək çox çətindir.

Görəsən, Ceb Buş 2001-ci ildə Əfqanıstan, 2003-cü ildə İraq müharibələrini başlatmış öz doğma qardaşı olan o dövrdəki ABŞ prezidenti Corc Buşu da körpə ikən öldürmək haqqında düşünübmü? İraq müharibəsinin başlanması ərəfəsində Corc Buş Britaniyaya səfər edir. Səfər zamanı Buş müharibəyə başlama qərarından dolayı insanların etirazı ilə qarşılaşır. Buş isə etiraza reaksiya verərək: “Biz istəyirik ki, İraqda da insanlar belə etiraz edə biləcək azadlıqlara sahib olsunlar”. Mən şəxsən İraqı cənubundan-şimalına səyahət edib çəkilişlər etmiş biri olaraq deyə bilərəm ki, Buşun o vaxt söylədiyi bu azadlıqlardan, sülhdən, əmin-amanlıqdan əsər-əlamət yox idi, müharibədən geriyə dağıntılar altında qalmış şəhərlər və daha da dərinləşmiş dini ixtilaflar qalmışdı.

Zamanda səyahət edərək yaşanmış hansısa hadisənin və ya liderin qarşısını almaq, onu öldürmək həqiqətən də yaşanmış olanların yaşanmayacağına təminat verirmi?! Ən böyük fəlakətlərə səbəb olmuş müharibələr, dağıntılar da dünyaya, mədəniyyətlərə hansı formadasa tövfə verir, hansısa dövlətlərin, xalqların marağına xidmət edir. Acı da olsa, birinin fəlakəti başqasının xoşbəxtliyi olur.

Zamanda səyahət ilə bağlı problemlərdən biri “Grandfather paradoksu”dur (Baba paradoksu). Əgər zamanda səyahət edərək öz babanı uşaqları doğulmadan öldürmüş olsan dolayısıyla sən doğulmamış və babanı da öldürmüş olmayacaqsan. Eyni paradoks körpə Hitleri öldürməklə bağlı da baş verir. Zamanda səyahət edib Fürerin və nazilərin yüksəlişinin qarşısını almış olsan o halda İkinci dünya müharibəsi baş verməyəcək və sənin zamanda səyahət etməyinə ehtiyac qalmayacaq. Nəticədə Hitler qurtulur və biz başladığımız yerə geri qayıtmış oluruq.

Bütün bunlarla yanaşı, əlbəttə ki, İkinci Dünya Müharibəsində bütün millətlərin, insanların məruz qaldığı əzablar, müharibənin özü lənətlənməli, bəşəriyyət isə nasizmin necə utancverici ideologiya olmasını anlamalıdır.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəKörpə Hitleri öldürmək