«Koronaviruslu xəstələrə görə əməkhaqqına əlavələr hələ də ödənilməyib”

“Bəzi rayonlarda əməliyyatda görə sığorta ödənişlərinin aylarla gecikdirilməsi halları var”

Source: Meydan TV

Klinik Tibbi Mərkəzin həkimləri şikayət edir

Klinik Tibbi Mərkəz («Semaşko») ötən həftədən koronaviruslu xəstələrin qəbulunu dayandırıb. Xəstəxanada müalicə alan koronavirusa yoluxmuş xəstələr Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüblər.

Bu barədə Meydan TV-yə klinikada çalışan həkimlər məlumat veriblər. Bildirilib ki, xəstəxana sığorta sisteminə keçir, şöbələrdə hazırlıq işlərinə başlanılıb.

«Koronaviruslu xəstələrə görə əməkhaqqına əlavələr hələ də ödənilməyib. İndi də sığorta sisteminin tətbiqi ilə bağlı gərginlik yaşanır. Xəstəxanada çalışan həkimlərin əksəriyyəti özəl klinikalarla əməkdaşlığa başlayıb», – adının çəkilməsini istəməyən cərrahlardan biri deyib.

Onun sözlərinə görə, xəstəsi olmayan, yəni limiti doldura bilməyən həkimlərlə əməkdaşlığa son qoyulacağı ilə bağlı xəbərdarlıq edilib, yaxın aylarda ixtisarlar gözlənilir.

“Həkimlərin özləri də ilk iki-üç aylıq maaşdan sonra dövlət xəstəxanasında qalıb-qalmayacağını bilmirlər. Artıq klinikanın təcrübəli, tanınmış 3 həkimi özəl xəstəxanalarda iş təklifini qəbul edib”, – mənbə deyib.

Başqa bir həkim isə deyib ki, illərdir Azərbaycanda sığorta tətbiq olunur, ancaq hələ də təcrübə formalaşmayıb, narazılıqlar çoxdur:

download.jpeg
Klinik Tibbi Mərkəz

“Bəzi rayonlarda əməliyyatda görə sığorta ödənişlərinin aylarla gecikdirilməsi halları var. Buna görə də həkimlər məcburiyyət qarşısında iki, hətta üç klinika ilə əməkdaşlıq edirlər. Aralarında səhər saat 8-dən axşam 8-dək çalışanlar var. Belə halda həkimdən hansı keyfiyyət istənilə bilər? 500 manat maaş alan həkimdən keyfiyyətli xidmət tələb edilməsi ən azı ədalətizlikdir. Kurslara qatılmağa, dünya tibbində baş verən yenilikləri öyrənməyə vaxt qalmır».

Həkim iddia edib ki, yaxın 1-2 ilə dövlət xəstəxanalarında tibbi kadr çatışmazlığı yaşanacaq:

“Artıq narazılıqlar başlanılıb, qeyri-müəyyənlik tibb işçilərini gərginlik içərisində saxlayır”.

TƏBİB-dən Meydan TV-yə deyiblər ki, həkimlərin iradlarına İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cavab verə bilər. Agentlikdən isə həkimlərin söylədiklərini şərh etmək istəməyiblər.

Ana səhifəSağlıq«Koronaviruslu xəstələrə görə əməkhaqqına əlavələr hələ də ödənilməyib”