Məhəmməd İmanlı: “Həbsimin tək səbəbi siyasi baxışlarımdır…”
“Mən heç bir cinayət törətməmişəm, siyasi baxışlarıma görə repressiyaya məruz qalmışam”, – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Məhəmməd İmanlı fevralın 16-da öz məhkəməsində çıxış edərkən bildirib.
Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyilə AXCP fəalının 1 il azadlıqdan məhrum edilməsi haqda hökmdən verilmiş şikayətə baxılıb. Məhəmməd İmanlı Cinayət Məcəlləsinin 139-1.1 maddəsilə – COVİD-19 xəstəsi olduğu halda küçəyə çıxıb başqalarının həyatına təhlükə yaratmaqla ittiham olunur.
Cəbhəçi gənc məhkəmədə bildirib ki, bu ittiham saxtadır, o, nə virusa yoluxub, nə də küçədə tutulub. Onun sözlərinə görə, iyulun 14-dən 15-nə keçən gecə Bakıda Qarabağa və Milli Orduya dəstək yürüşündən sonra AXCP üzvlərinin kütləvi həbsi başlayıb. Həmin ərəfədə sahə müvəkkili onun yaşadığı evə gəlib: “Məni evdən aparıblar. İttihamda yazılanlar da başdan-ayağa yalandır. Sadəcə, hökumət koronavirusdan da repressiya məqsədilə istifadə edir. Mən də qurbanlardan biriyəm. Həbsimin tək səbəbi siyasi baxışlarımdır…”
Hakim Əmir Bayramov bu yerdə onun çıxışını dayandıraraq, ittihamın mahiyyəti üzrə danışmağı tələb edib.
“Mənim həbsimin səbəbi də, işin mahiyyəti də budur. Ona görə də mən bu haqda danışıram. Mən axı koronavirus daşıyıcısı olmamışam ki, o haqda da danışım…“, – Məhəmməd İmanlı hakimə belə cavab verib.
Vəkili Əsabəli Mustafayev də ittihamın əsassız olduğunu deyib. Vəkilin sözlərinə görə, ölkə üzrə 100-dən artıq adam haqqında bu maddə ilə cinayət işi başlanıb, amma hazırda heç biri həbsdə deyil: “Yeganə həbsdə olan Məhəmməd İmanlıdır. İstər Bakıda, istəsə də rayonlarda bu maddə ilə saxlanılan şəxslər həbs edilmir, barələrində polis nəzarətinə vermə qətimkan tədbiri seçilir. Bunu nəzərə alan Məhəmməd İmanlı da haqlı olaraq deyir ki, “mən siyasi ayrı-seçkiliyin qurbanıyam”. Məhkəmələrin özləri bu cür yanaşma ilə məsələni siyasiləşdirirlər. Yaxud da siyasi olduğunu ortaya qoyurlar. Məhəmməd İmanlı həbs olunana qədər koronavirus daşıyıcısı olmayıb. Bunun sübutlarını da məhkəməyə təqdim etmişik. Lakin o sübutlar araşdırılmır. Araşdırın, göstərin ki, bizim sübutlarımız yalandır. Onu da eləmirsiz…”
Bu çıxışlara baxmayaraq, apelyasiya şikayəti təmin edilməyib. Məhəmməd İmanlı haqqında Sabunçu Rayon Məhkəməsinin 1 il azadlıqdan məhrumetmə hökmü qüvvədə saxlanılıb.
Cəbhəçi gəncin atası Ramiz İmanov Meydan TV-yə bildirib ki, apelyasiya instansiyasının qərarından Ali Məhkəməyə şikayət edəcəklər: “Oyuncaq bir məhkəmə keçirildi və qərar qüvvədə saxlanıldı. Mənim oğlumu polislər şərləyərək həbs edib. Oyuncaq məhkəmə hakimləri də polislərin oxuduğu mahnını təkrarlayır. Çünki Azərbaycan polis rejimi ilə idarə olunur…”