“Vəziyyətləri stabildir”
Azərbaycanda koronavirusa yoluxanlar arasında polis əməkdaşları da var.
Məlumatı “Turan” agentliyinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.
O qeyd edib ki, polis xüsusi karantin rejiminin ilk günündən nəzarəti həyata keçirir və vətəndaşlarla sıx təmasda olur.
“Ona görə də yoluxma halları var. Hal-hazırda həmin polis əməkdaşları müalicə alırlar, vəziyyətləri stabildir”, – deyə Zahidov bildirib.
Amma o, koronavirusa yoluxmuş polis əməkdaşlarının sayını açıqlamayıb.
Azərbaycanda aprelin 20-ə olan vəziyyətə əsasən, ümumilikdə 1436 koronavirusa yoluxma faktı qeydə alınıb. Bunlardan 19 nəfər ölüb, 791 nəfər sağalıb. Hazırda xəstəxanalarda 626 nəfər müalicə olunur.