Koronavirus ittihamıyla həbsdə olan cəbhəçinin işi: Bu, ona qarşı ayrı-seçkilikdir

Hökmdən apelyasiya şikayəti verilib

Source: google.az


Hökmdən apelyasiya şikayəti verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəallarından Məhəmməd İmanlının apelyasiya şikayətinə baxılır. Fevralın 1-də Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyilə keçirilən ilkin baxış iclasında cəbhəçi fəalın vəkil onun günahsız olduğunu bildirib.

M.İmanlı Cinayət Məcəlləsinin 139-1.1 maddəsilə – koronavirus olduğu halda, küçəyə çıxaraq, başqalarına təhlükə yaratmaqda ittiham edilərək, Sabunçu Rayon Məhkəməsinin hökmüylə 1 il azadlıqdan məhrum edilib. Həmin hökmdən apelyasiya şikayəti verilib.

Vəkil Əsabəli Mustafayev məhkəmədə bildirib ki, M.İmanlıya qarşı ittiham saxtadır. Çünki o, nə koronavirus daşıyıcısı olub, nə də küçədə saxlanılıb. Vəkilin sözlərinə görə, cinayət işinin materiallarında M.İmanlının koronavirusa yoluxduğu halda, küçəyə çıxıb başqalarına təhlükə yaratmasını təsdiqləyən heç bir mötəbər sübut yoxdur. M.İmanlını iyulun 16-da evdən sahə müvəkkilinin apardığını deyən vəkil hüquqlarını müdafiə etdiyi şəxsin təqsirsiz olduğunu vurğulayaraq, onun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqda vəsatət qaldırıb. Vəkil deyib ki, əgər bu vəsatət təmin edilməsə, heç olmasa, məhkəmənin yekun qərarı elan edilənə qədər M.İmanlı ev dustaqlığına buraxılsın: “Ali təhsillidir, himayəsində iki körpə uşağı var. Məhkəmədən yayınmaq niyyəti, sübutlara təsir göstərmək imkanı yoxdur”.

Müdafiəçi bildirib ki, indiyədək Azərbaycanda xeyli adama qarşı Cinayət Məcəlləsinin 139-1.1 maddəsilə ittiham irəli sürülüb. Lakin heç kim həbsdə saxlanmayıb. Onların barəsində həbslə bağlı olmayan başqa növ qətimkan tədbirləri seçilib: “Bu, Məhəmməd İmanlıya qarşı ayrı-seçkilikdir”.

Vəkil həmçinin apelyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla – sübutların araşdırılması, şahidlərin dindirilməsilə baxılmasını istəyib.

M.İmanlı özü də məhkəməyə gətirilib. O, vəkilinin vəsatətlərilə razılaşdığını bildirib, onların təmin olunmasını xahiş edib.

Lakin Əmir Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası bu vəsatətlərin heç birini təmin etməyib.

Məhkəmə prosesi fevralın 16-da davam edəcək.

M.İmanlı Sabunçu Rayon Məhkəməsində ifadə verərkən deyib ki, heç vaxt koronavirusa yoluxmayıb. Onun sözlərinə görə, iyulun 15-də Bakıda keçirilmiş “Qarabağa azadlıq” yürüşündən sonra AXCP üzvlərinə qarşı başlanmış repressiyaların hədəflərindən biri də o olub: “Həbsimin səbəbi Xalq Cəbhəsi Partiyasının üzvü olmağım, ictimai-siyasi fəaliyyətimdir”.

Ana səhifəSiyasətKoronavirus ittihamıyla həbsdə olan cəbhəçinin işi: Bu, ona qarşı ayrı-seçkilikdir