Koronavirus: Dünyada və Azərbaycanda

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 698 944 nəfər yoluxub.

Foto: Meydan TV


Ölkələr üzrə yoluxma statistikası və vaksinasiya prosesi

Oktyabrın 26-da Azərbaycanda 2 min 266 nəfər COVID-19 infeksiyasına yoluxub.

İnfeksiyadan əziyyət çəkən 24 nəfər isə vəfat edib.

Bu barədə məlumat ı Nazirlər Kabineti yanında Operativ Qərargah açıqlayıb.

Açıqlamada bildirilir ki, daha öncə infeksiyaya yoluxmuş 1 194 nəfər müalicə olunaraq sağalıb: “İndiyədək 520 068 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 486 426 nəfər müalicə olunaraq sağalıb, 6 939 pasiyent isə ölüb”.

Operativ Qərargah bu günə olan aktiv xəstə sayının 26 min 703 nəfər olduğunu qeyd edib: “Son bir gündə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 552, ötən müddətdə isə 5 milyon 131 min 33 test aparılıb”.


Dünyada COVID-19-la bağlı durum

Almaniyada koronavirusa yoluxma maydan bəri ən yüksək həddə çatıb.

“Deutsche Welle” yazır ki, son bir həftədə bu ölkədə əhalinin hər 100 min nəfərinə 100 yoluxma halı düşür. Oxşar vəziyyət ən son mayın 13-də yaşanıb və bundan sonra ölkə qapanmaya gedib.

58296401_303.jpg
Almaniya


4-cü dalğa rəsmən başlayıb

Belçika hökuməti isə son günlər koronavirusa yoluxma hallarının sürətlə artması səbəbindəm virusun dördüncü dalğanın başladığını rəsmən elan edib.

Yaxın günlərdə yoluxma sayının kəskin şəkildə artacağını vurğulayan prezident köməkçisi Frank Vandenbroucke bu dövrün olduqca ağır keçəcəyini bildirib.

“Koronavirusa yoluxma səbəbi ilə xəstəxanalara müraciətlərin də sayı artacaq. Təəssüf ki, bu çox böyük bir dalğa olacaq. Ancaq panikaya düşmək yerinə, 4-cü dalğa ilə mübarizəyə hazırlaşmaq lazımdır”, – Vandenbroucke deyib.

Prezident köməkçisi tibb işçiləri və risk qrupuna daxil olan 65 yaşdan yuxarı insanlara üçüncü doza peyvənd vurdurmalarının gündəmə gəldiyini qeyd edib.

Belçika COVID-19-dan ən çox itki verən Avropa ölkəsidir. Ölkədə sentyabrdan bu yana yoluxma sayında azalma olduğu üçün karantin tədbirləri xeyli yumşaldılmışdı.

_121162498_75cf66e4-4d86-4514-8888-80d43f9b6a1a.jpg
Belçika


İtaliyada peyvənd olunmamaq = işsizlik

İtaliyada peyvənd olunmamaq işsizliyə bərabərdir.

Bu ölkədə hökumət oktyabrın 15-dən sərt karantin tədbirləri tətbiq edib. İlk həftə sərt karantinə etirazlar olsa da, hazırda bu etirazlar xeyli azalıb.

İtaliyada işləyən hər kəsin peyvənd olması məcburidir.

Restorana, filmə getmək üçün də COVID pasportu tələb edilir.

Bu gün İtaliyada yoluxma ilə bağlı vəziyyət xeyli yaxşıdır. Hər 100 min əhaliyə həftədə 29 yoluxma qeydə alınır. İtalyanların 80 faizi peyvənd olunub.


İngiltərə ötən ilə baxanda yaxşı vəziyyətdə olduğunu açıqlayıb

Koronavirusa yoluxanların sayının artmasına baxmayaraq, İngiltərə hökuməti qapanma olmayacağını açıqlayıb. Ölkənin maliyyə naziri Rishi Sunak “Times” qəzetinə verdiyi müsahibədə bildirib ki, peyvəndlər sayəsində ölkə keçən ilkindən yaxşı vəziyyətdədir.

Böyük Britaniyada ilin əvvəlindən sürətlə irəliləyən peyvənd kampaniyasının yaxşı yol qət etdiyi bildirilir.

Bəzi virusoloqlar iddia edirlər ki, İngiltərədə istifadə edilən AstraZeneca peyvəndinin qoruyucu təsiri altı aydan sonra azalır.

Hazırda Böyük Britaniyada yetkinlik yaşına çatmış şəxslərin 79 faizinin peyvənd olunduğu bildirilir. Yoluxma vəziyyətinə gəlincə, hər 100 min əhaliyə həftədə 458 yeni yoluxma halı qeydə alınır. Ötən həftələrə baxanda yoluxma sayında artım nəzərə çarpır. Böyük Britaniya iyulun 19-dan karantin məhdudiyyətlərini aradan qaldırıb.

59516627_401.jpg
İtaliya


Peyvəndə və hökumət idarələrinə inamsızlıq

Bir çox Avropa ölkələrindən fərqli olaraq, Latviya ölkədə sərt karantin rejimini noyabrın ortalarına qədər uzadıb.

Latviyada hər 100 min əhaliyə düşən həftəlik yeni yoluxma sayı 765-dir. Bu da Avropada ən yüksək göstəricidir.

Ölüm və xəstəxanaya yerləşdirilmə nisbəti də sürətlə artıb.

Rəsmi açıqlamaya görə, Latviyada əhalinin yalnız yarıdan bir qədər çoxu peyvənd olunub. Bu da peyvəndlə bağlı ölkəni Qərbi Avropa ölkələrindən xeyli geri salıb.

Latviyada əhali peyvəndlənməyə şübhə ilə yanaşır və onlarda dövlət idarələrinə etibarsızlıq problemi var. Ölkənin baş naziri Krisjanis Karins ölkədə davam edən tədbirlərə görə peyvənd olunanlardan üzr istəyib.

Bildirib ki, restoranlar, kafelər, kinoteatrlar və digər ictimai yerlər bağlı olaraq qalacaq. Eyni zamanda, Latviyada axşam saat 8-dən sonra küçəyə çıxmaq yasaqdır.


Ən yaxşı durumda olan Portuqaliya

Portuqaliya isə Avropanın bir çox ölkəsindən fərqli olaraq çox erkən mərhələdə tam bağlanmağa və sərt məhdudiyyətlərə keçib.

Hazırda Portuqaliya Avropada həftəlik yoluxma sayının ən aşağı olduğu ölkəldir. Hər 100 min əhali arasında həftəlik orta hesabla yeni yoluxma halları cəmi 43-dür.

Rəsmilər bildirirlər ki, bu uğurun səbəbi intensiv peyvəndlənməkdir. Ölkə əhalisinin 85 faizi peyvənd olunub və bu ölkəni beynəlxalq statistikada siyahının ilk pilləsinə çıxarıb.


Polşada ikinci sərt qış gözlənilir

Son günlər Polşada yeni koronavirusa yoluxma hallarında kəskin artım müşahidə edilib.

Ölkənin səhiyyə naziri bu həftə verdiyi açıqlamada vəziyyətin bu şəkildə davam edəcəyi təqdirdə çox sərt tədbirlərə əl atmağın qaçınılmaz olacağını açıqlayıb.

Polşa hökuməti ölkədə dördüncü pandemiya dalğası ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Bildirilib ki, təkcə yeni yoluxma halları deyil, həm də ölüm sayı yazdan bəri ən yüksək səviyyədədir.


Türkiyədə yoluxma yaşı gəncləşib

Türkiyədə aktiv koronavirus xəstələrinin sayı 28-30 min arasındadır. Aktiv xəstə sayının 10 min olduğu avqustda Türkiyə məktəblərin açılması qərarını vermişdi.

Ən çox yoluxma halı isə Zonquldak bölgəsindədir. Hər 100 min əhaliyə həftəlik 551 yoluxma halı düşür. Səhiyyə naziri Fahrettin Koca “Twitter”-də vətəndaşları peyvənd olunmağa çağırıb: “COVID-19-a yoluxanların orta yaşı azalıb. Yoluxma hallarının yarısı 30 yaşdan aşağıdır”.

Bu gün Türkiyədə əhalinin 77 faizi tam doza peyvənd olunub. Ancaq bu ölkədə bölgə və vilayətlərə görə peyvənd nisbətləri arasında böyük fərqlər var. Ordu yüzdə 81,7 ilə ən yüksək peyvənd nisbətinə sahibdir. Ən aşağı peyvənd nisbəti yüzdə 51,5 ilə Urfadadır.

061200027782.jpeg
COVİD-19


Gürcüstanda günlük 5 minə yaxın yoluxma

Gürcüstanda ötən sutkada koronavirusa 4 762 yeni yoluxma faktı qeydə alınıb. Daha öncə yoluxanlardan 3 953 nəfər müalicə olunaraq sağalıb, 43 pasiyent vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 698 944 nəfər yoluxub. Onların 639 564-ü sağalıb, 9 831-i həyatını itirib.

Bu günə olan aktiv xəstə sayı 49 523 nəfərdir.

Rusiya və Ukraynada da koronavirusa yoluxmuş insanların ölüm sayında kəskin artım müşahidə edilib.

Rusiyada sutkalıq ölüm sayı 1000 nəfəri, Ukraynada isə 700-ü keçib. Hər iki ölkədə karantin rejimində sərtləşdirməyə gedilib.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Ana səhifəSağlıqKoronavirus: Dünyada və Azərbaycanda