“Koronavirus dövründə artan əmək haqqını ala bilmirik”

“Maaşların artıb-artmadığını da bilmirəm”.

Source: Specify Source


TƏBİB: “Maaş artımı hamıya yox, sırf koronavirusla işləyən həkimlərə şamil olunur”

Gəncə 1 saylı uşaq poliklinikasının işçiləri koronavirus dövründə artan əmək haqqını ala bilmirlər. Martı bayram günləri də daxil olmaqla işləmələrinə baxmayaraq, maaşları əvvəlki məbləğdə verilib.

Bu barədə Meydan TV-yə sözügedən poliklinikadakı mənbə məlumat verib. Bildirib ki, onlar koronavirusla mübarizə sahəsində çalışırlar. Sahələrə baxırlar, gedib uşaqları evlərdə yoxlayırlar, onların vəziyyətini nəzarətdə saxlayırlar. Koronavirusla mübarizədə profilaktik tibbi işlər görürlər. Ancaq əmək haqlarında artım olmayıb:

“Prezidentin sərəncamına əsasən, sırf koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan həkimlərin maaşları beşqat, profilaktik tibbi işlə məşğul olanların əmək haqqı isə üçqat artmalıdır. Yəni həmin klinika əməkdaşlarının əmək haqqı üçqat artımla verilməli idi. Ancaq verilməyib”.

Mənbə deyir ki, onda olan məlumata görə klinika Bakıya siyahını yazıb göndərib. Orada hamının maaşının artması, iş saatları ilə bağlı məlumatlar var. Ancaq gələn əmək haqlarında artım yoxdur.

Bakı şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım idarəsinin Köməkçi Yardımçı Stansiyalarında fəaliyyət göstərən həkim, feldşer, sürücü və sanitarlara da Tarif Şurası ilə müəyyən edilmiş əmək haqqının 4 misli ödənilmir.

Bu barədə Meydan TV-yə orada çalışan əməkdaşlar məlumat verib.

“Prezidentin sərəncamı ilə bizə əmək haqqımızın 4-5 misli ödənməliydi. Ancaq bu vədlərini yerinə yetirmirlər. 2017-ci ildə hesablanmış pul ödəndi. İş zamanı karantinə düşmüş şəxslərə də bunu şamil etmirlər. Biz buna narazıyıq. Ancaq baxan yoxdur. TƏBİB deyilən qurum bizim haqqımıza girir. Prezidentin sərəncam verməsinə baxmayaraq, yenə öz bildiyi kimi hərəkət edir”.

Prezident İlham Əliyevin əmri ilə Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar verib.

COVİD-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği belə müəyyən edilib:


– tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə (tarif) maaşının üç misli məbləğində;


– təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə – aylıq vəzifə (tarif) maaşının dörd misli məbləğində;


– pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə – aylıq vəzifə (tarif) maaşının beş misli məbləğində.

image_from_ios (8).jpg
Cədvəl

Göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.

Bakı Şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım idarəsində telefona cavab verən şəxs bu barədə nəsə demək səlahiyyətinin olmadığını söyləyib:

“Bilmirəm, kim şikayət edib, nə deyib. Mən maaş işinə baxmıram, ona görə də nəsə deyə bilmərəm”.

Gəncə şəhər 1 saylı uşaq poliklinikasından isə bildirilib ki, klinikanın bu barədə heç bir günahı yoxdur. Gərək yuxarıdan əmr gələ, siyahı istənə və əmək haqqı artımla köçürülə ki, onlar da işçilərinə o qədər verələr. Nə köçürülüb, o da verilib:

“Maaşı biz hesablamırıq. Bu barədə bizim nəsə demək səlahiyyətimiz yoxdur. Maaşların artıb-artmadığını da bilmirəm”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Meydan TV-yə deyib ki, maaş artımı hamıya yox, sırf koronavirusla işləyən həkimlərə şamil olunur. O da çalışdıqları günlərə uyğun yazılır:

“Bütün aya şamil edilmir. Bəlkə kimsə adını yazdırır ki, mən koronavirusla işləyəcəm, ancaq sonra işə çıxmır. Ona görə də yalnız çalışdığı günlərin pulu 3 və ya 5 mislinə vurulur. Bəlkə də bunu bilmədikləri üçün bütün aya şamil olunduğunu düşünürlər və hesablayanda artıq gəlir, ancaq reallıqda sadəcə çalışdıqları günlərin əmək haqqı artımla verilir. Ona görə narazılıq edirlər. Hesablanma qaydasını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi daha yaxşı bilir”.

Prezidentin sərəncamı ilə bu işi Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə həll etməli idi.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirir ki, Nazirlər Kabinetinin qərarına əsasən, tibb işçilərinə koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb olunduğu iş günlərinə mütənasib olaraq müddətli əlavələr ödənilir:

“Artıq koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb işçilərinə müddətli əlavələrin ödənilməsi prosesinə start verilib. Mart ayı üzrə 7698 tibb işçisinə müddətli əlavələr ödənilib. Müddətli əlavələrin mart ayına nəzərdə tutulan hissəsinin digər tibb müəssisələri üzrə hesablanması və ödənilməsi prosesi isə hələ davam edir”.

Ana səhifəSosial“Koronavirus dövründə artan əmək haqqını ala bilmirik”