Koronavirus Azərbaycanda və qonşu ölkələrdə: Necə idarə olunur?

“Azərbaycanlı Gürcüstanda da azərbaycanlıdır, Azərbaycanda da. Necə ola bilər ki, Gürcüstanda qaydalara əməl edir, amma Azərbaycanda yox”

Source: google.az


İqtisadçı: “Günahı xalqda deyil, hakimiyyələrdə axtarmaq lazımdır”

Cənubi Qafqazda koronavirusdan ən az ziyan görən ölkə Gürcüstandır. Ən son statistik göstəricilər bunu deməyə əsas verir. Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 1182 nədərdir. Onlardan 962 nəfər sağalıb, 17 nəfər ölüb.

Azərbaycanda isə bu günədək 32910 nəfər koronavirusa yoluxub. Onlardan 28348 nəfər sağalıb, 473 nəfər isə ölüb. Ən pis vəziyyət Ermənistandadır. 3 milyona yaxın əhalisi olan bu ölkədə koronavirusa yoluxanların ümumi sayı 39298 nəfərdir. Onlardan 30372 nəfər sağalıb, 768 nəfər ölüb.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, açıqlanan statistikaya inansaq, Gürcüstandan sonra Azərbaycanın vəziyyəti yaxşı görünür:

“Azərbaycan və Ermənistan hakimiyyəti ölkələrində koronavirusa yoluxanların sayının çox olmasını əhalinin karantin rejiminə əməl etməməsi ilə izah edirlər. Hər iki ölkə prosesi cərimələrlə tənzimləməyə çalışır, amma buna nail ola bilmirlər. Gürcüstan isə bu prosesi daha yaxşı edir”.

Qubad İbadoğlu deyir ki, Azərbaycan və Ermənistan hakimiyyətinin daim xalqın iradlarına qarşı arqumentləri var. Ancaq əslində vəziyyəti normal tənzimləyə bilməyən özləridir:

“Gürcüstanın 4 milyona yaxın əhalisi var. Onun 284,761 nəfəri azərbaycanlılar, 168,102 nəfəri ermənilərdir. Necə olur ki, Gürcüstanda yaşayan azərbaycanlılar və ermənilər həmin ölkədə karantin rejiminin qaydalarına və tələblərinə əməl edirlər və gürcülər bu prosesi daha yaxşı idarə edə bilir, amma Azərbaycanda yaşayan azərbaycanlılar və Ermənistanda yaşayan ermənilər isə öz hakimiyyətlərinin eşitmir və karantin qaydalarına riayət etmir?”

İqtisadçı hesab edir ki, bunun 3 başlıca səbəb var:

qubad-ibadoqlu.jpg
Qubad İbadoğlu

Birincisi, yaxşı idarəetmədir. Gürcüstandakı hakimiyyəti bunu azərbaycan və erməni hakimiyyətindən yaxşı bacarır;

İkincisi, hakimiyyətə inamdır. Gürcüstanda yaşayan gürcülərlə yanaşı, azərbaycanlılar da, ermənilər də hakimiyyətlərinə inanırlar. Amma nə Azərbaycanda yaşayan azərbaycanlılar, nə də Ermənistanda yaşayan ermənilər öz hakimiyyətlərinə inanır;

Üçüncüsü, korrupsiyadır. Azərbaycanda azərbaycanlılar, Ermənistanda da ermənilər hesab edirlər ki, istənilən qaydanın yanından rüşvət verməklə keçmək mümkündür.

Qubad İbadoğlu deyir ki, belə olan durumda yaranmış vəziyyətə görə günahı xalqda deyil, hakimiyyələrdə axtarmaq lazımdır:

“Azərbaycanlı Gürcüstanda da azərbaycanlıdır, Azərbaycanda da. Necə ola bilər ki, Gürcüstanda qaydalara əməl edir, amma Azərbaycanda yox. Həmçinin erməni də Gürcüstanda da ermənidir, Ermənistanda da. Necə ola bilər ki, Gürcüstanda qaydalara əməl edir, Ermənistanda yox?”

Sonda iqtisaçı deyir ki, koronavirusla mübarizədə Qafqaz ölkələrində müşahidə edilən kəskin fərqlərin başlıca səbəb etnik məsələlərlə bağlı deyil, idarəetmənin keyfiyyəti ilə əlaqədardır:

“Çünki, Gürcüstanda idarəetmənin keyfiyyəti və hakimiyyətə inam Azərbaycan və Ermənistandan yuxarı, korrupsiyanın səviyyəsi isə aşağıdır”.

COVİD-19 pandemiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib. Karantin avqustun 31-nə kimi uzadılıb. Gündəlik yoluxmada azalma olduğundan rejim aprelin 27-dən mərhələlərlə yumşaldılmışdı.Amma bu, əks proses doğurduğundan iyunun 21-dən Bakı və ölkənin bir çox yerlərində karantin yenidən sərtləşdirilib. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışanlardan başqaları küçəyə çıxarkən yenidən SMS-lə icazə almalı olurlar. Bu gündən, yəni avqustun 5-dən SMS-icazə ləğv edilib, çimərliklər açılıb.

Ana səhifəSiyasətKoronavirus Azərbaycanda və qonşu ölkələrdə: Necə idarə olunur?