Koronavirus: Azərbaycanda və dünyada

Amma vaksinasiya ləng gedir.

Source: Foto: Turan İA


3.8 milyondan çox insan vəfat edib

İyunun 23-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 57 yeni yoluxma faktı qeydə alındığı bildirilir.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bildirilir ki, 84 nəfər müalicə olunaraq sağalıb, 2 nəfər vəfat edib.

Gürcüstanda son sutkada koronavirusa 773 yeni yoluxma qeydə alınıb, 575 nəfər müalicə olunaraq sağalıb, 12 pasiyent vəfat edib.

Bu ölkədə indiyədək COVID-19 infeksiyası 360 828 nəfərdə aşkarlanıb.

Onların 346 792-si sağalıb, 5 211-i ölüb.

Ötən 24 saat ərzində 37 923 test yoxlaması aparılıb.

Ermənistanda isə son bir sutkada COVID-19-a 77 nəfər yoluxub.

Test nəticəsi müsbət çıxmış 3 nəfər isə ölüb.

Belarusun paytaxtı Minskdə isə koronavirusun “Hindistan ştammı” aşkarlanıb.

Ölkənin digər regionlarında bu ştamma hələ ki rast gəlinməyib.

İndiyədək Belarusda 411 551 nəfərin COVID-19 testi müsbət nəticə verib.

Xəstəliyin yayılmış olduğu bütün dövr ərzində 3 063 nəfər bu infeksiyanın qurbanı olub.

Sidney sakinlərinə şəhəri tərk etmək qadağan olunub. Avstraliya hakimiyyəti koronavirusun yüksək yoluxucu delta variantının yayılmasını önləməyə çalışır.

İyunun 23-də Yeni Zelandiya paytaxtı Vellinqtonda da COVID-19-la bağlı həyəcan səviyyəsi qaldırılıb.

Avstraliyadan bir turistin bu ştamma yoluxmuş olduğu güman edilir.

Ötən həftə Sidneydə bir çimərlikdə delta variantına yoluxmalar aşkarlanandan 30-dan çox şəxsə COVID-19 diaqnozu qoyulub.

Sidneydən vacib sayılmayan səbəblərlə çıxış yasaqlanıb, sosial toplantılar məhdudlaşdırılıb.

Qadağalar bir həftə qüvvədə qalacaq. Ancaq hakim orqanlar restoran və barları bağlamayıb, stadion tutumunun 50 faizə salınması şərtilə böyük tədbirlərə də icazə veriləcək.

Rəsmilər əhalini yeni qaydalara əməl etməyə çağırıblar.

“Təcrübəmdən bilirəm… virusa reaksiya ilə bağlı yorğunluq və apatiya mövcuddur”, – Nyu Saus Uels vilayətinin Səhiyyə naziri Bred Hazard deyib.

Avstraliya dünyada COVID-19-la mübarizədə öncül yerdədir, cəmi 30 mindən az artıq yoluxma və 910 ölüm qeydə alınıb. Amma vaksinasiya ləng gedir.

İndiyədək 25 milyonluq əhali üzrə cəmi 6.7 milyon doza vurulub. Əhalinin kiçik hissəsinə hər iki doza vurulub.

Sidneyə qayıtmış turistdə virus testi müsbət çıxandan sonra Yeni Zelandiya Vellinqtonda qadağaları sərtləşdirib.

Bu ilin əvvəlində Yeni Zelandiya Avstraliya ilə karantinsiz səyahətə razılaşıb, çünki hər iki ölkə koronavirusun yayılmasını önləyə bilmişdi.

İyunun 27-si gecəyarısınadək Vellinqtonda 2-ci həyəcan səviyyəsi elan olunub. Bu, lokdaundan bir pillə aşağı deməkdir.

Bu həyəcan səviyyəsində ofislər, məktəblər, bizneslər açıq qala bilər, amma sosial məsafə qaydalarını gözləməli olacaqlar. İdman və istirahət məkanlarına da müəyyən şərtlərlə icazə verilir. 100-dən artıq adamın bir yerə yığışması isə qadağandır.

5 milyon əhalisi olan Yeni Zelandiyada indiyədək COVID-19-dan cəmi 26 ölüm qeydə alınıb. Kontaktla son yoluxma dörd ay əvvəl baş verib.

Ancaq vaksinasiya digər inkişaf etmiş ölkələrdən ləng gedir, əhalinin cəmi 13 faizinə birinci doza vurulub.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) isə koronavirusa yoluxmaların 20 faizindən çoxunun delta ştammının payına düşdüyünü bildirib.

Ölkənin yoluxucu xəstəliklər üzrə baş eksperti Entoni Fauçi xəbərdarlıq edib ki, bu ştamm Britaniyadakı kimi gənclər arasında sürətli yayılma hesabına bu ölkədə də dominant ola bilər.

Fauçi COVID-19 vaksinlərinin bu ştamma qarşı effektli olduğunu deyib. Amma Dünya Səhiyyə Təşkilatı (DST) vaksinlərin bu halda təsirinin azalmasına dəlildən danışır.

Epidemioloq Mariya Van Kerxove iyunun 21-də deyib: “Vaksinlər yenə də yüksək effektlidir”.

COVID 19 virusu 2019-cu ilin sonlarında Çində yaranıb və dünyaya yayılıb.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

İndiyədək Azərbaycanda ümumilikdə 335 625 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 794 nəfər müalicə olunaraq sağalıb, 4 965 nəfər vəfat edib, aktiv xəstə sayı 866 nəfərdir.

Son sutka ərzində ölkədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 948, ötən müddət ərzində isə ümumilikdə 3 698 172 test aparılıb.

Ana səhifəSağlıqKoronavirus: Azərbaycanda və dünyada