Koronavirus: Azərbaycanda və dünyada

Foto: By Sonis Photography/Shutterstock

Azərbaycanda son sutkada 25 nəfər vəfat edib

Noyabrın 12-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 334 yoluxma qeydə alınıb.
2 092 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib ki, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 556 430 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 518 105 nəfər müalicə olunaraq sağalıb, 7 397 nəfər vəfat edib. Bu günə olan aktiv xəstə sayı isə 30 928 nəfərdir.

Peyvənd olunmayanlar üçün qapanma

COVİD-19-a yoluxmanın artdığı Avstriyada peyvənd olunmayanlar üçün qapanma qərarının verilməsi gözlənir.

Euronews yazır ki, Avstriya kansleri Alexander Schallenberg yüksək yoluxma səbəbindən səhiyyə sisteminin təzyiq altında olduğunu bildirib.

“Bir neçə günə peyvənd olunmayan insanlar üçün karantin tədbirlərinin tətbiqinə başlaya bilərik”, – o keçirdiyi mətbuat konfransında belə deyib.

Hələ Avstriya hökuməti sentyabrda qəbul etdiyi planda bildiririb ki, koronavirusa yoluxanlar xəstəxana çarpayılarının 30 faizini doldursalar, peyvənd olmayanlar üçün karantin tədbirləri qüvvəyə minə bilər.

Hazırda ölkədə xəstələnənlər xəstəxana çarpayılarının 20 faizini doldurur.

Ekspertlər bu nisbətin sürətlə artacağı qənaətindədirlər.

Bu da Qərbi Avropa ölkələri arasında ən aşağı peyvənd göstəricisi sayılır.

İsraildən gələn yeni növlər

Noyabrın 11-də İsrail yeni koronavirus variantının ortaya çıxması halında ölkənin hansı addımları atacağı ilə bağlı təlim keçib.

Məqsəd ölkənin belə durumda hansı imkanlarının olduğunu yoxlamaq olub.

Bu layihəni həyata keçirmək üçün yüksək səviyyəli mülki və hərbi rəsmilər Qüdsdəki Milli Böhran İdarəetmə Mərkəzində bir araya gəlib. Belə bir hadisə baş verərsə, necə reaksiya verəcəklərini qərara alıblar.

Qapanmayamı əl atılacaq, yoxsa komendant saatımı tətbiq ediləcək. Bunları müzakirə ediblər.

İsrail Pfizer peyvəndinin üçüncü dozasının tətbiqi ilə yayda dördüncü koronavirus dalğasının qarşısını ala bilib.

İsraillilərin cəmi 64 faizi iki doza peyvənd olunub. Ümumi əhalinin 44 faizi isə artıq üçüncü doza peyvəndi də qəbul edib.

Dünyanın ən sürətli peyvənd kampaniyasını həyata keçirən İsraildə pravoslav yəhudilərin peyvənddən uzaq durması səbəbindən əhalinin 35 faizi heç vaxt peyvənd olunmayıb.

Almaniyada epidemiya ən yüksək həddə

Almaniyada yoluxma hallarının sayı epidemiya başlayandan bəri ən yüksək həddə çatıb.

Robert Koch İnstitutunun (RKİ) verdiyi açıqlamaya görə, son 24 saatda ölkədə 50 196 yeni yoluxma halı qeydə alınıb. Həmin gün COVİD-19-dan 235 nəfər həyatının itirib.

COVİD-19-un ümumi sayının 5 milyona yaxınlaşdığı ölkədə aktiv xəstələrin sayı 340 minlə dördüncü dalğanın pik həddinə çatıb.

Almaniya kansleri Angela Merkel də epidemiyanın xüsusilə oktyabrdan etibarən kəskin artdığını bildirib. Baş nazirin sözçüsü səhiyyə orqanlarını tədbirləri artırmağa çağırıb.

ABŞ-ın şimal bölgələrində COVİD-19 hadisələri artıb

ABŞ-ın şimal bölgələrində təsirini artıran yoluxucu delta variantı Amerika səhiyyə rəsmilərini narahat edir.
Yay dalğasından ən çox təsirlənən Florida, Texas və digər cənub ştatlarında COVİD-19 hadisələri azaldığı halda, soyuq havanın müşahidə olunduğu şimal bölgələrində yoluxma hallarının artması ölkədə çətin bir qış keçirəcəyindən xəbər verir.

Merilend Universiteti İctimai Sağlamlıq İnstitutundan Dr. Donald Milton “biz peyvənd olunmamış insanlarda çoxlu ciddi xəstəliklərin epidemiyasını görəcəyik və bu, faciəli olacaq”, – deyə açıqlama verib.

Vaşinqton Universitetinin sağlamlıq ölçüləri üzrə professoru Əli Mokdad: “Delta və toxunulmazlığın azalması bizə çətin anlar yaşadacaq. Bu virus çox uzun müddət bizimlə qalacaq”, – bildirib.

Birləşmiş Ştatlarda əhalinin 58,5 faizi peyvəndin iki dozasını vurdurub. 12 yaş və daha yuxarı yaşda olan 60 milyona yaxın amerikalı heç vaxt peyvənd olunmayıb.

Mütəxəssislər peyvənd nisbəti artmasa, COVİD-19 epidemiyasının sərt şəkildə davam edəcəyi məsələsində həmfikirdir.

“Radikal tədbirlərin faydası oldumu?”

İlkin mərhələdə pandemiyaya fərqli yanaşmasına görə tənqidlərlə üzləşən İsveç mövqeyini dəyişib.
Ölkənin baş epidemioloqu Anders Teqnel “Financial Times” qəzetinə deyib ki, Danimarka və Almaniya kimi qonşu ölkələrdə peyvənd olunmayanlar arasında yoluxmaların kəskin artması “narahatlıq yaradır və buna çox ciddi yanaşırıq”.

Teqnel rəsmi lokdaunsuz keçinmək siyasətinin memarı idi. O, İsveçin Avropada koronavirusdan əlavə ölüm səviyyəsinə görə aşağı yerlərdən tutduğunu vurğulayıb:

“İndi iki ildir bu böhranın içindəyik və İsveçin durumu digərlərindən fərqlənmir. Nə ən yaxşı vəziyyətdəyik, nə də ən pis. Belə bir sual eşidirəm ki, bu radikal tədbirlərin çoxmu faydası oldu?”

Niderlandda qismən qapanma

Niderland hökuməti qismən qapanma tətbiqini nəzərdən keçirir. Səbəb yaydan bəri koronavirusa yoluxmaların artmasıdır.

Ölkənin ictimai səhiyyə institutu noyabrın 11-də pandemiya başlanandan yoluxmalarda ən yüksək həddin qeydə alındığını elan edib.

Ölkədə son 24 saat ərzində 16 min 364 yeni yoluxma aşkarlanıb. Bu da bir gün öncəkindən 3 min 688 yoluxma çoxdur.

Niderlandda yetkin yaşlıların 84 faizindən çoxu tam doza peyvənd olunub. Ancaq yenə də yoluxma sayı enmir.

Rusiyada artan yoluxma

Rusiyanın koronavirusa qarşı işçi qrupu QR kodları sistemini genişləndirməyi hədəfləyən qanunvericilik hazırlandığını açıqlayıb.

Bu sistemdən ictimai nəqliyyata, kafe və mağazalara girişdə istifadə olunur.

Yalnız vaksinlənmiş, virusdan təzəlikcə sağalmış, yaxud 72 saatdan az olmayan müddəti əhatələyən mənfi koronavirus testi verənlərin girişinə icazə verilir.

Səbəb Rusiyada COVID-19-a yoluxmalar və ölüm hallarında pik yaşanmasıdır.

Noyabrın 11-də açıqlanmış məlumata görə, son 24 saat ərzində 40 min 759 yoluxma, 1237 ölüm aşkarlanıb.

Koronavirusdan 5 milyondan artıq adam ölüb

ABŞ-ın Con Hopkins universitetinin məlumatına görə, dünya COVID-19 infeksiyasına yoluxanların sayı 251 941 758 nəfərə çatıb.

İnfeksiya səbəbindən ölənlərin sayı isə 5 079 990 nəfər təşkil edir.

Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.

ABŞ COVID-19 infeksiyası yoluxanların, həm də virusdan ölənlərin sayına görə dünyada birincidir.

Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 46 852 276, bu səbəbdən ölənlərin sayı 759 676 nəfərdir.
Yoluxanların sayına görə ikinci yeri tutan Hindistanda 34 414 186 təsdiq edilmiş yoluxma halı qeydə alınıb.

Ölkədə COVID-19 səbəbindən ölənlərin sayı 462 690 nəfərə çatıb.

Bu göstəriciyə görə üçüncü pillədə qərarlaşmış Braziliyada pandemiya dövrü ərzində 21 924 598 nəfər virusa yoluxub, onlardan 610 224 nəfəri ölüb.

Ana səhifəXəbərlərKoronavirus: Azərbaycanda və dünyada