”Koroğlu” körpüsünə tikanlı məftillər çəkilib

İntiharların qarşısını almaq üçün asma körpüdə mühafizə gücləndirilib

Source:


İntiharların qarşısını almaq üçün asma körpüdə mühafizə gücləndirilib

İctimaiyyət arasında şərti olaraq “intihar körpüsü” kimi daha tanınan, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən asma körpüdə mühafizə gücləndirilir.

Bununla intiharın qarşısını almağa çalışırlar. Körpünün dəmir-beton konstruksiyalarının dörd bir tərəfinə polis postu ilə yanaşı tikanlı məftillər də çəkilib. Bundan sonra intihar etmək istəyənlər daha o körpüyə də çıxa bilməyəcəklər. Polislə yanaşı tikanlı məftillər də qarşılarını kəsəcək.

Asma körpü 2011-ci ilin dekabrında istifadəyə verilib. Cəmi 3 il körpüdə intihar olmayıb. 2014-cü ildən başlayaraq körpü intihar etmək istəyənlərin, sözünün eşidilməsini arzulayanların məkanına çevirilib. Asma körpü əsasən məmur özbaşınalığından bezən vətəndaşların “sevimli” körpüsüdür.

2014-cü ilin dekabrında Mingəçevir sakini Fəqan Nəsibov asma körpüyə çıxaraq intihar edəcəyini bildirirdi. İddia edirdi ki, Mingəçevirin icra başçısı Lütfəli Babayev onu aldadaraq 65 min dollar pulunu alıb, mənimsəyib. Şikayətlərinə isə əhəmiyyət verilməyib. O vaxt Fəqan Nəsibov yalnız deputat Qənirə Paşayeva ilə görüşmək istədiyini, əks halda, intihar edəcəyini söyləyirdi. Qənirə Paşayeva hadisə yerinə getdikdən sonra Fəqan Nəsibov intihar etmək fikrindən daşınmışdı.

Məmur zülmünün asma körpünün ən yüksək nöqtəsinə dırmaşdırdığı təkcə Fəqan Nəsibov deyil. Azərbaycan vətəndaşları Yusif Əmirov, İlkin Abbasov, Şəhriyar Şahmarov, Nizami Musayev və Zamiq İbrahimov da onun kimi xilas olunanlardır.

Körpünün başına çıxıb oradan başıaşağı gələnlərin sayı haqda dəqiq statistika yoxdur. Ardıcıl intihar olaylarından sonra 2015-ci ildə asma körpünün üstündə və altında polis postu qoyulmuşdu. Lakin 24 saat keşik çəkən 2 polis postu ilə məsələnin həlli mümkün olmadı.

Bu il iyulun 30-da polislərin gözündən yayınan Bakı sakini asma körpünün dəmir-beton konstruksiyasına dırmaşaraq ən hündür nöqtəsinə qalxa bilib. Bundan sonra Heydər Əliyev prospektində tıxac yaranıb. Tıxaca düşənlərdən birinin də Baş nazir Novruz Məmmədov olduğu deyilir. Mətbuatın yazdığına görə, o, intihara cəhd edən Bakı sakinini fikirindən daşındıra bilib.

Ana səhifəXəbərlər”Koroğlu” körpüsünə tikanlı məftillər çəkilib