Avropa oyunları haqda eşitməyən yoxdur. Könüllülük barəsində də. Mənim dərdim də elə bu mövzudadır. Bilirsiniz ki, bu oyunlarda müxtəlif işlərdə könüllü olmaq üçün üç minə yaxın adam müraciət edib. Onların əksəriyyəti də, hətta demək olar, hamısı tələbələrdir. Onsuz da bu oyunların uğursuz, hətta ölkə üçün fiasko olduğunu hər kəs bilir. Səkkiz milyard pulun havaya sovrulması, gələcək iştirakçıların xərclərinə otuz beş milyon avronun xərclənməsi əməlli-başlı fəlakətdir.
Daha böyük əyləncə isə Ermənistandan gələcək idmançıların xərclərini də ödməyə boyun olmağımız idi ki, ermənilər bu məsələdə bizim bütün günü Dağlıq Qarabağ kartından istifadə edən hakimiyyətdən daha orijinal çıxdılar, tüpürdülər üç-beş medala, pulsuz gəzintiyə və gəlməkdən imtina etdilər. Beləcə, bizim hakimiyyəti həm də xalqın qəzəbindən qurtarıb, bir növ onlara yaxşılıq etmiş oldular. Çünki Cin Şarpın “Diktaturadan demokratiyaya” kitabında (Ümumiyyətlə, yazımda bu kitabdan bir xeyli sitat gətirəcəyəm. Kitab diktatorların arzulanmayan kitablarının siyahısındadır. Hətta Ramiz Mehdiyevin altmışca səhifəlik məqaləsində də bu kitaba nifrəti, kini və qorxunu açıq-aşkar görmək mümkünüydü) deyildiyi kimi diktaturanın zülmü nə qədər çox insanı əhatə etsə, rejimin laxlamağı və dağılmağı bir o qədər sürətli baş verəcək. Bizim erməni məsələsinə həssas millətimizin də belə bir şeyi normal qarşılayacağını düşünmürəm.
İtlərin öldürülməsi məsələsi də bir həngaməyə çevrildi. Bunu da qoyuruq bir kənara. Nəhayət ki, keçirik könüllü məsələsinə.
Könüllü olmaq ölkənin tanıtımı üçün təqdirəlayiq işdir, həm də dövləti artıq xərdən qurtarmaqdır. Ancaq könüllü olmaq məsələsinə haqlı olaraq etiraz edənlər də var. Facebookda eşitməmiş olmazsınız, hətta könüllükdən imtinanı təbliğ edən səhifə də açılıb. Məhz bu proseslərdən sonra bir xeyli tələbə (əksəriyyəti azərbaycan dilli) könüllü olmaqdan imtina etdi. Hətta bəziləri Azərbaycan varinatını işlətdilər, adlarını yazdırdılar, onlara verilən çantanı, telefon nömrəsini aldıqdan sonra imtina etdilər.
Bir xeyli könüllüylə söhbət etmişəm və onlara “niyə könüllü olursan?” sualını vermişəm. Cavabları, gerçək səbəbləri və fəsadlarını isə izninizlə aşağıda yazacağam.
1) Könüllü olmaq əyləncəli işdir. Avropa bura gəlir. Maraqlı insanlar, tanışlıqlar, idmanla məşğul olmaq, partilər gənclərə, xüsusən, isti yay günlərində hava-su kimi lazımdır.
2) Cv-də bunun üstünlük kimi yazılması. Avroviziyada iştirak edən könüllərin bir qismi işlə təmin olunub ki, bu da daha bir səbəbdir.
3) Az bir qisim isə bunu vətənpərvərlik duyğusuna görə edir.
Bəhanələr isə müxtəlifdir. Məsələn, sizə bir rusdilli tanışımın hamı üçün keçərli olan fikirlərini çatdıracağam: “Mən avropalıyam, nəinki azərbaycanlı. Onlarla işləmək çox rahatdır və adamı xoşbəxt edir. Mən bizimkiləri sevmirəm. Bilirəm ki, könüllü olmaq diktaturanın çarxını fırlatmaq deməkdir. Ancaq bütün bunlar məni az maraqlandırır. Millətdən danışma mənə. Mən Avropada görəcəyimi görümüşəm. Onlar hamısı bir-birinin ayağından çəkməyə hazırdır ki, təki öz həmvətəni qabağa çıxmasın. Bu dövlət də mənə imkan yaradası deyil, ona görə də əlimə düşən fürsətdən istifadə etməliyəm, CV üçün uğur qazanmalıyam. Onsuz da burda çox qalası deyiləm, ona görə sənin ölkənin, sənin millətinin gələcək taleyi məni az maraqlandırır.
Əla, çox gözəl. Millət düzələn deyil, buna görə də onun haqqı var ki, diktaturanın üzüağ çıxmağında iştirak etsin. Ancaq bəhanədir. Sudan ucuz bəhanə. Xalqa qarşı qəzəbli olmaq səbəb deyil, səbəblər yuxarıda sadaladıqlarımdır. Ancaq niyə könüllü olmamalıyıq? Həm də əhəmiyyətli və vacib səbəblərimiz varkən. Niyə bu, diktaturaya yardımdır? Bunu etməklə diktaturaya nə qədər yardım etmiş oluruq?
Gəlin, əvvəlcə ondan başlayaq ki, bizim dövlətimiz tam diktatura rejimidir, ya da Vatslav Havelin yazdığı kimi, posttolalitarizm quruluşudur ki, bu da özündən qeyrisini düşünməyən, talan edən, həbslərdən, ölümdən çəkinməyən, azad sözü boğan hakimiyyət və bir tikə çörəyi güclə tapan xalq deməkdir. Və hakimiyyətininin uzunmüddətli davam etməsini istəyən diktator qeyri-adi səhvlər edir. Onun tək istəyi hakimiyyətdə qalmaq, daha çox talan etməkdir. Bunun üçün də müəyyən pullar xərcləməlidir.
Xaric də çörəyi qulağının dibinə yemir, tüklü qazı görür. Buna görə də, əməkdaşlıq edir və qarşılığında hakimiyyətin boynuna qeyri-adi işlər, proyektlər yükləyir, rüşvətlər alır, yəni onu yolur. Xərclənən pullar isə yazılır xalqın belinə. Könüllülər həm az pul, çox iş deməkdir, həm də Avropanın gözündə yüksəlməkdir, çünki gənclər hakimiyyətə dəstək verirlər. Əgər belə olmasaydı, bu qədər könüllü də olmazdı. Binalar da rəngbərəng, marketlərdə turistlərə güzəştlər, xüsusi avtobuslar, taksilər…
Hamısı Avropanın yalanlara inanması üçün səbəblərdir. Və biz gənclər könüllü olmaqla bu çirkin prosesdə iştirak edirik. Xalqa qarşı qəzəbli olmaq bizim vicdan anlayışımızı susdurmamalıdır, çünki hər bir insanın milli heysiyyət və ondan da vacibi şəxsi ləyaqət anlayışı var. Həm milli heysiyyətimizə tüpürürük, həm də bizdən açıq-aşkar istifadə edən Böyük Qardaşa itaət edirik, kömək edirik. Kömək edirik ki, onun ömrü daha da uzansın. Cin Şarp yazır ki, xalqın diktaturaya boyun əyməsi “Qoca və meymunlar” nağılını xatırladır.
Deylənə görə, bir kənddə zəhmli bir qoca yaşayırmış və onun yaşamı meymunlardan asılıymış. Belə ki, onun saxladığı meymunlar hər gün dağlara gedirmiş və oradan qoca üçün mer-meyvə yığıb gətirirlərmiş. Qoca hər axşam meyvələri sayır və az meyvə gətirən meymunu ölənədək qamçılayrımış. Bir gün meymunlardan biri dərk edir ki, əslində yaşamaq üçün onların qocaya yox, qocanın onlara ehtiyacı var. Çünki qoca olmasa, onlar meyvələrin hamısını özlərinə götürər, üstəlik də bu qədər kötək yeməzlər. Bütün meymunlar sözü bir yerə qoyur və gecəylə damdan çıxıb qocanın tikdiyi hasarı sökürlər, meyvələrin hamısı da götürüb gizlicə meşəyə qaçırlar. Səhər qoca oyananda çəpəri dağılmış, meyvələri aparılmış görür. Və qoca acından ölür.
Bu misalı Cin Şarp siyasi itaətsizlik (siyasi itaətsizlik deyəndə dinc mübarizə, xidmət etməkdən dinc boyunqaçırma nəzərdə tutulur) bölümündə yazıb. Anladığımız qədəriylə, sadəcə, könüllü olmaqdan imtina etmək kimi xırda bir işlə biz əslində çox böyük iş görürük, kampaniya strategiyasını təşkil edirik. Və kənardan çox möhkəm görünən diktaturanın (ordu, silahlar, polislər, gizli polislər, agentlər, itəatkar cəmiyyət) laxladığının da məhz bu zaman şahidi ola bilərik. Könüllü olmaqla siz gənclər həm də rejimə qarşı illərdir mübarizə aparan, son qəpiyini də kitab çapı, maarifləndirmə kimi işlərə sərf edən, həbsxanalarda çürüyən insanların əziyyətinə, əməyinə tüpürürsünüz. İnanın ki, pafos deyil. Adbaad saya bilərəm belə insanları.
Başa düşün, bu, vicdan məsələsidir. Öz şəxsi ambisiyalarınızı üstün tutmaqla, (könüllü olmaq elə də böyük uğur deyil, çünki diktaturanın sizə ehtiyacı var və siz də bu fürsətdən istifadə edirsiniz) ümumi məsələlərdən imtina etməklə, vicdanınızı bəhanələrlə susdurmaqla sizin millətin taleyiylə oynadığınızı tarix göstərəcək. Səhv edirsiniz. Tüpürün bir ayı müf pul üçün gələn ikinci dərəcəli avropalı idmançılara, Avropa havasına, şənliyə, CV-də yazılacaq xırda bir üstünlüyə. Sizin xırda bir imtinanız böyük kampaniya strategiyası, birlik və milli uğur demək olacaq. Qarabağ məsələsinə də aldanmayın. Pullar Qarabağı qaytarmaq üçün xərclənilmir. Neft ucuzlaşır, 2019-da ümid olunan neftin bahalaşmasıyla antiböhran siyasəti də bir işə yaramayacaq. Büdcədə kəsrlər açıq-aşkardır. Doqquz yüz min büdcə işçisi var. Az müddət sonra artıq dövlətin pul verərək hakimiyyətini qəbul etdirdiyi bu insanlar da işsiz qalacaqlar. Büdcəni doldurmaq üçün də yenə xalqın cibinə giriləcək. Və Avropa Oyunlarına biletlər də məhz büdcə təşkilatlarında işləyənlərə satılacaq.
Sizi vicdanınızla baş-başa buraxıram. Qarışıq da olsa, yazdığım fikirləri beyninizdə sistemləşdirib, onlardan birində özünüzü tapacağınızdan əminəm. Hər şey qalıb sizin ümidinizə. Əgər zorla sizi bu işlərə cəlb etsələr belə, vicdanınızı unutmayın. Bu ölkə sizindir. Onun pullarını diktaturanın səpməsinə imkan verməyin. Könüllü olmamaqla siz ac insanların boğazından kəsilən pullarla özünü səxavətli göstərən hakimiyyəti biabır edə bilərsiniz, onların maskasını yırta bilərsiniz və diktaturanı əməlli-başlı qorxuda bilərsiniz (qoca və meymunlar məsələsi). Və ən əsası da Avropaya qaz olmadığımızı göstərə bilərik. Sayğılarınızla. Oxuduğunuza görə minnətdaram.