Könüllü fərqi

Mən də könüllü olmuşam…

Source:

Özüm üçün bu mövzunu bitirirəm. Əslində, heç başlamamışdım da. Sadəcə düşündüm ki, vətəndaş və ya vətəndaş cəmiyyətinin bir nümayəndəsi kimi yazsam, daha yaxşı olar.

2010-cu ildə ABŞ Dövlət Departamentinin xüsusi dəvəti ilə IVLP proqramı üzrə ABŞ-a səfər etdim. Səfərin məqsədi orada fəaliyyət göstərən yerli Qeyri Hökümət Təşkilatlarınının idarəetmə formalarını öyrənmək və bu sahədə təcrübə toplamaq idi.

1 ay ərzində ortalama 20-30 təşkilatla görüşdük.

Miçiqan ştatında olanda bizi bir yerə apardılar. Getdiyimiz yer böyük zavod anbarını xatırladırdı. İçəri daxil olanda gördük ki, anbarda qarışıq formada, bəlkə də 15-20 ton məhsul var. Yeyinti məhsulları, paltar, məişət əşyaları və s.

Bizi bura gətirən şəxsə “bunlar nədir?” və “biz bura niyə gəlmişik?” sualı verdim. Dedi, bunlar müxtəlif şirkətlər tərəfindən təşkilatımıza verilən həftəlik məhsullardır. Bu məhsullara baxsanız görərsiz ki, məsələn yeyinti məhsullarının son 1 həftəsi qalıb istifadə üçün, hansısa yemək qabını götürsəniz, görərsiz ki, kənarında qırıntılar var. Qısacası bunlar o məhsullardır ki, insanlar bunları supermarketlərdən pulla əldə etmirlər. Şirkətlər məhsulları bizə verib ki, biz onları ehtiyacı olanlara, küçələrdə qalanlara verək.

Soruşdum bəs biz bura niyə gəlmişik? Dedi siz bura gəlmisiz ki, könüllülük fəaliyyəti ilə tanış olasız.

Qısacası, 10-15 dəqiqə sonra 18 yaşlı gəncdən tutmuş, 60 yaşlı ahıllara qədər müxtəlif tip insanlar içəri daxil oldu. Bunlar ətraf şəhər və qəsəbələrdə yaşayan insanlar imiş. Həftəsonu kim istəyirsə, 2-3 saatını ayırıb gəlir bu anbara, məhsulların çeşidlənməsində iştirak edir. Şirkətlərin verdiyi məhsulları çeşidləyir, maşınlara yükləyir və lazımi yerə göndərilməsində kömək edirlər.

Bunun adı isə könüllülük idi. Onlar bunun üçün nə intervyudan keçmişdi, nə fərqli köynək geyinirdi, nə də bunu uğur hekayəsi kimi danışırdı. Məqsəd, sadəcə insanlara yardım etmək idi. Bu yardımın qarşılığında heç cənnət də gözləmirdilər. Birgə əmək nəticəsində şəhərdəki aztəminatlıların ehtiyaclarını qarşılamağa çalışırdılar. Bu, həm də şəhərin gözəlləşməsidir. Şəhərdə dilələnlər, etirazlar, narazılıqlar və neqativ enerjilər azalır.

Mən də uzun illər müxtəlif təşkilatlarda, media qurumlarında könüllü olmuşam. Onların heç birində iş müsahibəsindən keçirmiş kimi olmamışam. Sadəcə öyrənmişəm və eyni zamanda bacardıqlarımı insanların rifahı üçün istifadə etmişəm. Məsələn, Lənkəranda oxuyanda “Böyük Bacılar və Böyük Qardaşlar” layihəsinə başlamışdıq. Təhsilli gənc könüllülər uşaq evinə gedib, hərəmiz özümüzə orda bir kiçik bacı və ya qardaş seçirdik. Onların təhsili ilə maraqlanırdıq, məktəb tapşırıqlarının həllində kömək edirdik, imkanımız olanda isə (tələbəyik də, böyük imkan nə ola bilər ki?!) kiçik hədiyyələr, şirniyyat alıb, piknik edib, birgə çay içirdik və s.

Mənim üçün könüllülük bu idi. İndi də bunu eləməyə hazıram. Mən könüllülüyü gələcək karyeram üçün yox, ətrafımı gözəlləşdirmək üçün etmişəm.

Gələk Baku 2015 və Formula 1 könüllüyünə. Bu niyə insanlarda qıcıq yaradır və bu doğrudurmu?

Birinci sualdan başlayaq:

Niyə insanlarda qıcıq yaradır?

– Heç kəsə sirr deyil ki, ölkəmizdə iqtisadi böhran yaşanır. Bu böhranın yaranmasında Avropa Oyunlarına ayrılan pullar böyük rol oynadı. Həmçinin, hazırda insanlar düşünür ki, Formula 1 yarışlarına xərclənən pulların müsbət geridönüşü olmayacaq və bu böhranın dərinləşməsində rol oynayacaq. Bu səbəbdən düşünən vətəndaşlar bu hadisənin baş verməsində iştirakçı olan hər kəsə qıcıqdırlar. Muzdlu işçilərdən fərqli olaraq könüllülərə ona görə daha çox qıcıqdırlar ki, muzdlu işçilər heç olmasa maaş alır. Arqument gətirir ki, iş yoxdur, dolanmaq istəyirəm. Bir bunu tapmışam, işləyirəm və s. Könüllülər isə bu işdə məvacibsiz iştirak edir. Sanki sobanı lovlandırmaq üçün “Koçaqar”ı kənara itələyib, deyir odunu mən ataram, özü də pul almadan.

– Baku 2015 və Formula 1-də könüllü olanlar bunu yuxarıda göstərdiyim misallardakı kimi vətəndaş mövqeyinə görə və ya vicdan hissinə görə yox, gələcək karyeralarına görə edirlər. Sadəlövhcəsinə inanırlar ki, bu könüllülük onların gələcək iş həyatlarında xüsusi rol oynayacaq. Bunun belə olmadığını görən insanlar onlara acıyaraq əsəbləşir, izah edə bilməyəndə əsəbiləşir, tənqid edir. Bəli, izah edir. Ötən il könüllü olma səhifəsi, haştaqlar yardıldı, yazıldı, pozuldu, izah edildi, amma anlamadılar və ya acığa düşdülər.

İkinci sual: Bəs tənqid edənlər düzmü edir?

Ümumilikdə düz edir, amma… Son video olaylarından sonra da düz etdilər, amması isə odur ki, dozasını çox etdilər. İlk gün bu çox pozitiv tənqid kimi qəbul olunsa da, sonra artıq necə deyərlər bir az şiti çıxdı. Hər şey dozasında olmalıdır. Mən ona görə yazmıram ki, o videodakı qız buna görə xəstəxanaya düşüb, ona görə yazıram ki, insanlar tənqiddən iyrənməsin. Zatən tənqid edənlər cəmiyyət tərəfindən neqativ qarşılanır, bunu daha da dərinləşdirməyə ehtiyac yoxdur. Güc göstərildi, tənqid edildi, zarafat oldu, kifayətdir.

Nə isə, bu hissə önəmli deyil, önəmli olan odur ki, könüllü olmaq əla bir şeydir.

Ancaq bu, müsbət hadisələr üçün olanda əladır.


Yazı müəllifin facebook səhifəsindən götürülüb və Meydan.TV-nin mövqeyini əks etdirmir.

Ana səhifəMənim FikrimcəKönüllü fərqi