Faiq Bağırov

Mənbə: google.az

Başlıq: Faiq Bağırov

Konsulluq İdarəsinin rəisinə qarşı ittiham irəli sürülüb (yenilənib)

Məqalə yeniləndi:  10 İyul 2020

***

Nazirliyin Konsulluq İdarəsinin rəisi, Azərbaycanın Türkiyədəki keçmiş səfiri Faiq Bağırov haqqında da həbs qərarı çıxarılıb. F.Bağırovun istintaq dövründə həbsdə saxlanması haqda qərar alınması üçün Səbail Rayon Məhkəməsinə təqdimat verilib.

İyulun 10-da DTX əməkdaşlarının müşayiətilə məhkəməyə gətirilən F.Bağırovun həbs olunması üçün təqdimata hakim Şahin Abdullayev baxıb. Təqdimat təmin edilib və onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

***

Faiq Bağırov saxlanılıb

Xarici İşlər Nazirliyində həbslər davam edir. Nazirliyin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov da iyulun 8-də şübhəli şəxs qismində saxlanılıb. Meydan TV-nin əldə etdiyi məlumata görə, F.Bağırov iyulun 9-da təqsirləndirilən şəxs qismində cəlb olunub və ona qarşı CM-nin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 311.3 (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

F.Bağırovun istintaq dövründə həbsdə saxlanması haqda qərar alınması üçün Səbail Rayon Məhkəməsinə təqdimat verilib. “Faiq Bağırovu DTX əməkdaşları məhkəməyə aparıb. Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə təqdimata hakim Abdullayev baxıb qərar verəcək”, - mənbə deyib.

F.Bağırovdan bir gün öncə isə onun rəhbərlik etdiyi idarənin işçisi İlqar Əliyev həbs olunub. Ona qarşı isə yalnız rüşvət alma ittihamı irəli sürülüb.

Onların hər ikisinin DTX-nın Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunanlardan alınan ifadələr əsasında saxlandığı bildirilir.

Faiq Bağırov vaxtilə Azərbaycanın Türkiyədə səfiri olub.

XİN-in vəzifəli şəxslərinin həbsi DTX-nın iyulun 3-də keçirdiyi əməliyyat nəticəsində başlayıb. Həmin gün nazirliyin İşlər İdarəsinin müdiri, eyni zamanda, Tender Komissiyasının sədri olan Fərhad Mollazadə, bu idarənin Təsərrüfat şöbəsinin rəisi Səlim Əlizadə və Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev saxlanılıb. F.Mollazadə və S.Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. N.Abdullayevə isə yalnız rüşvət alma ittihamı verilib.

DTX-nın bu həbslərlə bağlı məlumatında deyilir ki, dövlət büdcəsindən XİN-in fəaliyyətinə, o cümlədən təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün ayrılan vəsaitlərin bir hissəsi F.Mollazadə və S.Əlizadə vasitəsilə vasitəsilə mənimsənilib. Tanış adamların köməyilə saxta şirkətlər yaradıb, onları tenderdə qalib elan edərək, büdcəsən ayrılan vəsaiti həmin şirkətlərin hesabına köçürüblər. Vəsaitin 4-5 faizi şirkəti yaradanlara verilib, qalan məbləğ isə XİN-in səlahiyyətlilərinə geri qaytarılıb.

N.Abdullayev isə xarici ölkə vətəndaşlarına Azərbaycana gəlmək, burada qalıb işləmək üçün rüşvətlə viza düzəltməkdə ittiham olunur.

Həbs olunanların iş otaqlarında və evlərində axtarış aparılıb. DTX iddia edir ki, axtarış zamanı mənimsəmə, rüşvət hallarını təsdiqləyən əlyazmalar, qeydlər tapılıb.

DTX-nın yaydığı videoda həbs olunan şəxslərin əlbir olduqları şirkətlərin nümayəndələri, viza üçün rüşvət verdiyini iddia edən xarici ölkə vətəndaşlarının ifadələri də yer alıb.

Təqsirləndirilən şəxslərdən F.Mollazadənin ilkin ifadəsinin də bir hissəsi yayılıb.

“İstədiyimiz şirkətlərə imkan yaratmışıq. Tender proseduru ilə Səlim məşğul olurdu. Mən də komissiyanın sədri idim. Bu prosedurlarda qanunsuzluğa yol vermişik. Köçürülən məbləğlərdən bir hissəsini geri almışıq. 10 faiz özümə götürürdüm, 10 faiz Səlimə verirdim. Qalan vəsaiti də nazirliyin işlərinə sərf edirdik. Heyfslənirəm ki, belə addım atmışam. Başa düşürəm ki, düz hərəkət eləməmişəm”, - deyə F.Mollazadə ifadəsində bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  10 İyul 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hejvp2

Ən çox baxılan