Prezident İlham Əliyev iyulun 18-də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. İyulun 25-də Konstitusiya Məhkəməsi Referendum Aktı layihəsinə müsbət rəy verib. Referendum Aktı sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılacaq. Həmin layihədə Konstitusiyanın müxtəlif maddələrinə 29 əlavə və dəyişiklik yer alıb. Bunlar arasında ictimaiyyətin sosial şəbəkələrdə, mətbuatda ən çox müzakirə etdiyi əlavələr prezidentin səlahiyyət müddətinin artırılması, vitse-prezident postunun yaradılması, prezident və millət vəkili seçilmək üçün yaş senzinin azaldılması olub. Bununla belə, layihədə sual yaradan və müzakirəyə açıq digər maddələr də var ki, onlara aydınlıq gətirməyə çalışacağıq.
24, 25, 29, 32-ci maddələrin izahı (1-ci yazı)
9, 36, 49, 53-cü maddələrin izahı (2-ci yazı)
47, 56, 85, 89-cu maddələrin izahı (3-cü yazı)
Qüvvədə olan maddə: Maddə 98. Azərbaycan Respublikası Milli Məclisinin aktlarının qüvvəyə minməsi Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir.Təklif olunan dəyişiklik:Aşağıdakı məzmunda 981-ci maddə əlavə edilsin:“Maddə 981. Azərbaycan Respublikası Milli Məclisinin buraxılması
Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır”.
Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə Azadlıq Radiosuna açıqlamasında bildirib ki, bu təcrübə parlamentli respublikalarda keçərlidir:
“Parlamentin buraxılması təcrübəsi demək olar ki, bütün ölkələrdə var. Amma bu, o zaman olur ki, ölkədə respublikaya yaxın idarəetmə forması mövcuddur. Bizdə təklif olunan dəyişiklik sadəcə prezident insitutunun səlahiyyətini artırır. Əgər parlamentli respublika olsaydı, seçilən partiyaların hökuməti təşkil etsəydi, onda böhran vaxtı prezidentin yeni seçki təyin etmək hüququ olardı ki, ölkədə vəziyyət pisləşməsin. İndi isə parlament yalnız Prezident Administrasiyasından gələn qanun layihələrini orada razılaşdıraraq qəbul edirsə, onu buraxmağın heç bir mənası yoxdur. Referendum aktında qeyd olunur ki, Milli Məclis iki dəfə baş nazirə etimadsızlıq göstərsə, parlament buraxılır. Əgər belədirsə, onda, deməli, baş nazir işləmir, o buraxılsın”.
Sabiq deputat hesab edir ki, dəyişikliklər pozitiv deyil:
“Bu dəyişikliklər 21-ci əsrin çağırış və tələblərinə cavab vermir. Bu, hakimiyyət qollarının zəiflədilməsi, prezident institutunun gücləndirilməsinə xidmət edir”.
Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, prezidentlik üçün namizədə yaş həddinin olmaması məqbul deyil:
“100-cü maddəyə təklif edilən dəyişikliklə Prezidentin yaş həddi 35-dən 18-ə endirilir. Düzdür, ali təhsil tələbi qalır, deməli, hər bir halda azı 22 yaş olmalıdır. Prezidentə dair aşağı yaş həddinin olmamasını məqbul hesab etmirəm. Hər halda söhbət deputatdan yox, dövlət başçısından gedir. Xarici təcrübə də əsasən daha yüksək yaş həddinin olduğunu göstərir”.
“Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər”.
Hüquqşünas Fuad Ağayev hesab edir ki, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması ciddi və düzgün tənqid edilir:
“Onsuz da say məhdüdiyyəti olmadan eyni şəxsin prezident ola biləcəyi dövlətdə, səlahiyyət müddətinin artırılması artıq avtoritarizmdən çox, totalitarizmi xatırladır. Onu bildirim ki, bu təklif dövlət başçısının səlahiyyət müddətini 7 il müəyyən etməklə, Azərbaycanı Fransa ilə deyil (orada müddət 2002-ci ildən 5 ilə endirilmişdir), Tacikistan və Özbəkistan ilə eyni sıraya çıxır. Bununla yanaşı, layihə müəllifləri dövlət başçısına yeni səlahiyyət –Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini təyin etmək səlahiyyəti də verirlər. Əlavə edilən cümlə imkan yaradır ki, dövlət başçısı özünün, yaxud dəstəklədiyi namizədin seçilməsi üçün ən əlverişli vaxtda növbədənkənar seçkilər elan etsin”.
Qüvvədə olan maddə: Maddə 103. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andıI. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: «Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm».II. And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.Təklif olunan dəyişiklik:Aşağıdakı məzmunda 1031-ci maddə əlavə edilsin:“Maddə 1031. Azərbaycan Respublikasının vitse-prezidentləriI. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.II. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir”.
Hüquqşünas Fuad Ağayevin şərhinə görə, bu dəyişiklik o deməkdir ki, heç kəs tərəfindən seçilməmiş, dövlət başçısının fərdi qaydada təyin etdiyi şəxslər, hətta Baş Nazir, Konstitusiya və Ali Məhkəmə hakimlərindən fərqli olaraq parlamentin formal təsdiqini belə almamış şəxslər prezidentdən sonrakı ən mühüm dövlət postlarını tutacaqlar:
“Üstəlik, vitse-prezidentlərin heç sayı da bilinmir! ABŞ-da cəmi bir vitse-prezident olduğu, əksər dövlətlərdə, ümumiyyətlə, belə vəzifə nəzərdə tutulmadığı halda, kiçik Azərbaycanda sayı bilinməyən vitse-prezidentlər olacaq. Onu da deyim ki, ABŞ-da prezident seçkilərində səs verənlər bilirlər ki, hansı prezidentliyə namizəd seçiləcəyi təqdirdə kim vitse-prezident olacaq, yəni faktiki vitse-prezidenti də seçirlər”.
F.Ağayev vurğulayır ki, Konstitusiyanın 155-ci maddəsi bu kimi təkliflərin referenduma çıxarılmasını yasaqlayır:
“Bu Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, 3-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz. Yəni, mənbəyi xalq olmayan, heç kəs tərəfindən seçilməyən və hətta parlamentin təsdiqini almayan vitse-prezidentlər təsisatı ilə həmin müddəalar əhəmiyyətli dərəcədə dəyişdirilir, mənasızlaşdırılır”.