Prezident İlham Əliyev iyulun 18-də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. İyulun 25-də Konstitusiya Məhkəməsi Referendum Aktı layihəsinə müsbət rəy verib. Referendum Aktı sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılacaq. Həmin layihədə Konstitusiyanın müxtəlif maddələrinə 29 əlavə və dəyişiklik yer alıb. Bunlar arasında ictimaiyyətin sosial şəbəkələrdə, mətbuatda ən çox müzakirə etdiyi əlavələr prezidentin səlahiyyət müddətinin artırılması, vitse-prezident postunun yaradılması, prezident və millət vəkili seçilmək üçün yaş senzinin azaldılması olub. Bununla belə, layihədə sual yaradan və müzakirəyə açıq digər maddələr də var ki, onlara aydınlıq gətirməyə çalışacağıq.
Birinci yazını oxuya bilərsiz
Bu dəyişikliyin mənası nədir?
Hüquqşünas Fuad Ağayev adı çəkilən maddəyə dəyişikliyin ilk baxışda redaktə kimi görünsə də, əslində, bunun ciddi xarakter daşıdığını deyir.
“Hazırda Silahlı Qüvvələrdən fərqləndirilən başqa silahlı birləşmələr var, prezident isə Konstitusiyanın 9-cu maddəsinin III hissəsinə görə yalnız Silahlı Qüvvələrin Baş Komandanıdır. Təklif olunan düzəlişə görə, “Başqa silahlı birləşmələr” (Daxili qoşunlar, Fövqəladə Hallar Nazirliyinin mülki qoşunları və s.) də Silahlı Qüvvələrin tərkibinə qatılır. Bu, həmin birləşmələrin dövlət başçısından asılılığını gücləndirməyə yönəlib. Belə təmərküzləşmə adətən o zaman həyata keçirilir ki, iqtidar hansısa birləşmə, yaxud birləşmələrin ona qarşı istifadə oluna biləcəyindən ehtiyatlansın, onlara tam etibar etməsin” – deyə hüquqşünas bildirib.
F. Ağayev vurğulayır ki, əgər hansısa birləşməyə etibarsızlıq varsa, bunu qoşun, silahlı birləşmə rəhbərlərinin, yaxud onların tabe olduqları nazirliklərin, xidmətlərin rəhbərlərini dəyişdirməklə də aradan qaldırmaq olar: “Buna görə Konstitusiyaya ciddi düzəliş etməyə ehtiyac yoxdur”.
Belə olan halda “digər silahlı birləşmələrdə” xidmət edən hərbçilər tətil edə bilərmi? Lokautun qadağan olunmasının hər hansı üstünlüyü varmı?
Hüquqşünas Əkrəm Həsənov hesab edir ki, adıçəkilən dəyişiklik Konstitusiyanın 36-cı yox, 35-ci maddəsinə daxil edilməli idi. O, fikrini belə əsaslandırır:
“36-cı maddəyə IV hissə əlavə edilir: “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır”. “Lokaut” işçilərə təsir etmək üçün işəgötürən tərəfindən fəaliyyətin tam və ya qismən dayandırılmasıdır. Loru dildə işəgötürənin tətil etməsi deməkdir. Amma hüquqi dildə bu, tətil deyil hər halda, əmək hüququnun pozulmasıdır. Buna görə də, müddəa müsbət olsa da, 36-cı maddəyə (“Tətil hüququ”) deyil, 35-ci maddəyə (“Əmək hüququ”) daxil edilməli idi”.
Bu, sərbəst toplaşma azadlığının məhdudlaşdırılması sayılırmı?
Fuad Ağayev deyir: “49-cu maddəyə edilən təklif sərbəst toplaşmaq azadlığının daha da məhdudlaşdırılmasına xidmət edir. Belə ki, bu hüquqdan istifadə edilməsi qabaqcadan ictimai qaydanı pozmamaqla şərtləndirilir.Bu “yenilik” də sərbəst toplaşmaq azadlığının daha da məhdudlaşdırılmasına yönəlib. Belə ki, ictimai qaydanı pozmamaq şərtinin pozulub-pozulmamasının əvvəlcədən proqnozlaşdırılması siyasi müxalifətin bütün tədbirlərinin qarşısının alınması üçün istifadə oluna bilər.
Konstitusiyanın 155-ci maddəsi (insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz) bu təklifin referenduma çıxarılmasını yasaqlayır”.
Bu dəyişikliyin hansı əhəmiyyəti var?
Əkrəm Həsənov deyir ki, 53-cü maddənin I hissəsində vətəndaşlıq qanunla müəyyən edilmiş hallarda itirildiyi hallarda vətəndaşlıqdan məhrum edilməsi nəzərdə tutulur.
“Belə hallar “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsində sadalanıb. İndiki redaksiyaya görə, vətəndaş heç bir halda vətəndaşlıqdan məhrum edilə bilməz. Dəyişikliyə əsasən, belə hallar ola bilər və qanunla müəyyən edilə bilər. Ümumilikdə, bu dəyişikliyin hansısa müsbət cəhəti yoxdur, amma xarici təcrübəyə uyğundur”, – deyə Ə.Həsənov bildirib.